06 iyun 2022 20:53
974

İşğaldan azad olun­muş ərazilərimizdə “yaşıl enerji” tətbiq ediləcək

İnamla deyə bilərik ki, milli inkişafa və regional təhlükəsizliyə xidmət edən enerji strategiyamız bu gün öz  müsbət nəticələrini verməkdədir  və ölkədə aparılan  uğurlu enerji siyasətinin nəticəsi olaraq  Azərbaycanın neft-qaz resursları bundan sonra da  uzun illər ərzində xalqımıza və dövlətimizə mənfəət gətirəcəkdir.

Ötən illərə nəzər salsaq görərik ki, əksər regio­nal və bir sıra beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə gerçəkləşdirilib. Bu baxımdan ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol diqqət çəkir. Bütün bunları isə düşünülmüş uğurlu balanslı xarici siyasət, dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı maraqla­ra söykənən əməkdaşlıq münasibətləri, həmçinin respublikamızda yaradılan əlverişli iqtisadi-biznes şəraiti şərtləndirib. Azərbaycanın beynəlxalq layihələrdə fəal iştirakından danışarkən, bir məqamı xüsusilə qeyd etmək lazımdır. Bu, Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılması ilə bağlıdır. Xatırladım ki, Cənub Qaz Dəhlizi çox sayda müxtəlif maraqlı tərəfləri özündə əhatə edən mürəkkəb bir layihədir. Dəhlizin seqmentləri “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələrindən ibarətdir. Bu layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi yüksək qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan adı çəkilən qaz dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarı­na daşımaqla dünyanın enerji xəritəsini dəyişir.

Azərbaycanda həyata keçirilən enerji siyasəti ölkəmizin regional mövqeyini daha da gücləndirir. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində realla­şan Cənub Qaz Dəhlizinin respublikamızı Avropa İttifaqının enerji təhlükəsizliyinin formalaşmasında yeni yeganə alternativə çevirməsi də bunu deməyə əsas verir. Bu, eyni zamanda, Azərbaycanın dövlət gəlirlərinin sabit şəkildə artmasına imkan yaratmaqla, geosiyasi çəkisini daha da artırır. Beləliklə, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP layihəsi isə təbii qazın Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.

Yeri gəlmişkən, 2020-ci ilin sonundan etibarən Azərbaycan dəhliz vasitəsi ilə Avropaya mavi qaz ixracına başlayıb. Ötən il Avropaya 7 milyard kubmetr mavi qaz nəql edilib. Bu il həmin rəqəmin 10 mil­yard kubmetrədək yüksələcəyi gözlənilir. Bütövlükdə, Azərbaycan Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr mavi qaz nəql edəcək. Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31, 5 milyard kubmetr olacaq ki, bu da praktik olaraq, Avropa üçün yeni alternativ mənbə rolunu oynayacaq. ABŞ Azərbaycanda şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfəni, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, habelə xalqın yaşayış standartlarının yüksəldilməsi istiqamətində davamlı ad­dımları da yüksək qiymətləndirir. Azərbaycan öz enerji resursları ilə regiondakı təhlükəsizliyə xüsusi töhfə verir.

27-ci Bakı Enerji Forumu da təsdiq edir ki, müasir çağırışlara uyğun ola­raq həyata keçirilən enerji siyasəti bir tərəfdən Azərbaycanın regional bazarda daha yaxşı təmsil olunmasına, digər tərəfdən isə Azərbaycanda ənənəvi enerji məhsullarının istehsalını artırmaqla alter­nativ mənbələrinin payının çoxalmasına gətirib çıxarır.

Ən əsası, “yaşıl iqtisadiyyat”ın forma­laşması və genişlənməsi, alternativ mənbələrdən enerjinin əldə edilməsi Azərbaycan üçün prioritetdir. Son sərgi, eləcə də Enerji Forumu bir daha təsdiq edir ki, Azərbaycan bu il dördüncü sənaye inqilabının nəticələrini tədqiq etmək niyyətindədir. Xüsusilə işğaldan azad ol­muş ərazilərimizdə “yaşıl enerji”nin istifadə olunması məhz bu məsələnin prioritet olduğunu bir daha sübuta yetirir.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri