Ölkəmizdə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçı dövlətə çevirib. Bu gün isə Prezident İlham Əliyevin apardığı uğurlu enerji siyasəti nəticəsində Azərbaycan təkcə neft və qaz ixracatçısı yox, eyni zamanda, regionda elektrik enerjisi ixracatçısına çevrilir. Xüsusilə son dövrlərdə ölkəmizdə bərpaolunan enerji növlərinin istehsalı istiqamətində böyük işlər görülür. Bərpaolunan enerji mənbələrinə, əsasən də günəş, külək və su enerjisi istehsalı sahələrində beynəlxalq şirkətlərin Azərbaycana böyük marağı var. Həmçinin Xəzər dənizinin bərpaolunan enerji istehsalı potensialı xarici investorları cəlb edir. Ölkəmiz, eyni zamanda, Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir.
Bundan əlavə, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdə qərarlaşır. Bütün bu uğurların fonunda ölkəmizdə inkişaf etməkdə olan “yaşıl enerji” strategiyasını aparılan planlı layihələrin nəticəsi kimi dəyərləndirmək olar. Dünyada baş verən maliyyə böhranı və pandemiya dövründə heç bir postsovet ölkəsi Azərbaycan qədər iqtisadi inkişaf göstəricilərinə sahib deyil. Bu gün torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın enerji potensialının dünyaya açılması üçün yeni imkanlar yaradır və bu, ölkəmizin gələcək inkişafına müsbət təsirini göstərəcək. Bu amil həm də, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırır.
Postmüharibə dövrünün yaratdığı reallıqlar sırasında ölkəmizin enerji potensialından tam şəkildə istifadə etmək imkanı qazanması və bu faktın enerji təhlükəsizliyinin təminatında mühüm əhəmiyyət daşıması danılmazdır.
Ölkəmiz müstəqillik qazandıqdan sonra digər sahələrdə olduğu kimi enerji sahəsində də uğurlu, gələcəyə hesablanmış siyasət həyata keçirilməyə başlandı. Mövcud potensialdan düzgün istifadə, imkanların səmərəli istiqamətləndirilməsi enerji təhlükəsizliyinin təmin olunması məqsədilə atılan mühüm addımlardandır.
Ölkəmiz müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi.
Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.
Hazırda ölkəmizin Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətinin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımızın böyük uğurudur. Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq.
Enerji siyasətində ölkəmizin etibarlı tərəfdaş olması, bu istiqamətdə sıx əməkdaşlıqlar qurması, vacib tranzit imkanlarına malik olması, dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlıq etməsi və nəhəng enerji potensialına malik olması enerji təhlükəsizliyi məsələsində daha da uğurlu gələcəyə əminlik yaradır.
Sevindirici haldır ki, ölkəmizdə aparılan uğurlu enerji siyasəti bizim rayonumuzda da öz müsbət nəticələrini verməkdədir. Rayonumuzun ərazisində tikilmiş Füzuli SES əhalinin fasiləsiz enerji təminatında müstəsna əhəmiyyətə malikdir. Ötən il ölkə başçısı cənab İlham Əliyev tərəfindən açılışı reallaşdırılmış Füzuli yarımstansiyası işğaldan yeni azad edilmiş ərazilərin enerji təminatında vacib amildir. Hazırda rayon əhalisinin mavi yanacaqla təminatında heç bir problem yoxdur. Rahatçılığımız və rifahımız naminə gördüyü bütün bu tədbirlərə görə ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk
Nigar Qasımova,
Gənc iqtisadçı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir