Yaşadığımız yeni dövr enerji amilini qloballaşdırmış, onu ictimai-siyasi həyatımızın önəmli bir parçasına çevirmişdir. Ötən əsrin sonlarından bu amil dünyanın siyasi mənzərəsini müəyyənləşdirən mühüm geosiyasi proseslərdən biri kimi daha da önəmli xarakter almış, dövlətlərarası münasibətlərin tənzimlənməsi və ölkələrin inkişaf taleyinin həllində birbaşa təsir göstərməyə başlamışdır. Təbii ki, zəngin təbii enerji potensialına malik Azərbaycan da bu proseslərdən kənarda deyil, hətta onun aktiv iştirakçılarından birinə çevrilmişdir. Belə ki, neft-qaz hasilatı, enerji məhsullarının nəqli imkanlarına görə mühüm göstəricilərli seçilən Respublikamız, mürəkkəb geosiyasi müstəvidə və tarixin hazırki çətin mərhələsində ölkənin milli maraqlarına uyğun düzgün istiqamət götürərək, mühüm strateji siyasət həyata keçirir. Zəngin enerji potensialının reallaşdırılması, ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, əhalinin davamlı olaraq enerji resursları ilə təchizatı, həmçinin enerji ehtiyatlarının şaxələndirilməsi və bu kimi mühüm məsələlər Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Dövlətin enerji siyasətində xarici tərəfdaşların cəlb edilməsi də qarşıda duran məqsədlərdən biridir.
Bugünlərdə Azərbaycan, enerji siyasətində önəmli olan, həm ölkəmiz, region, həm də dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb edən mötəbər bir tədbirə ev sahibliyi etmişdir. İyunun 1-də başlayan Bakı Enerji Həftəsi bu sahədə böyük layihələrin həyata keçirilməsi baxımından ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin qatıldığı Bakı Enerji Forumu və burada baş tutan bir sıra tədbirlər, mühüm görüşlər və 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, ölkəmizin enerji strategiyasına, enerji səmərəliliyi və onun şaxələndirilməsi prosesinə də müsbət təsir göstərəcəkdir. Bir çox sahələr kimi Azərbaycanın enerji siyasətinin də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun həyata keçirtdiyi “Əsrin müqaviləsi” çox böyük tarixi və siyasi əhəmiyyət qazanmışdır. Ümummilli Lider böyük uzaqgörənliklə demişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk”.
Bəli, illər öncə atılan bu tarixi addımın inkişaf mənzərəsi artıq göz qabağındadır. Bu gün Ulu Öndər və onun layiqli davamçısı Müzəffər Prezidentimiz İlham Əliyevin gələcəyə, daimi sülh və sabitliyə istiqamətlənən uzaqgörən siyasəti sayəsində müstəqil Azərbaycanımız, ölkənin inkişaf səviyyəsinin yüksəlməsi və enerji siyasətində böyük nailiyyətlərə imza atmışdır. Artıq Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir. 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edən Azərbaycan, Avropaya da ixrac planı və yeni ixrac marşrutları həyata keçirməyə hazırlaşır. Əlbəttə ki, tezliklə Zəngəzur dəhlizinin işə düşməsi və bu enerji ixracı marşrutunun işğaldan azad olunmuş torpaqlarımızı əhatə etməsi Azərbaycan və xalqımız üçün çox önəmlidir. Qeyd etmək yerinə düşər ki, Qarabağda aparılan tikinti, quruculuq fəaliyyətində müasir standartlara xüsusi diqqət yetirilir. Burada təbii qazdan məhdud istifadə olunması, daha çox bərpaolunan enerji mənbələrindən istifadə ediləmklə yaşıl enerji sahəsinin qurulması nəzərdə tutulur ki, bu da yaşıl iqtisadiyyatın inkişafı və ətraf mühitin qorunması məqsədinə xidmət edir. Azərbaycan bu gün inkişaf etmiş dövlətlər sırasında enerji ölkəsi olaraq liderlər sırasındadır. Strateji əhəmiyyətli “Cənub Qaz Dəhlizi” ölkəmizin bu sahədəki liderlik mövqeyinin ən azı bir əsr qorumasına zəmanət verir. Strateji əhəmiyyətli “Cənub Qaz Dəhlizi” layihəsi heç də regionla məhdudlaşmır, hətta indi bütün dünyanın diqqət mərkəzindədir. Beynəlxalq və transmilli xarakter daşıyan bu layihə, iqtisadi-siyasi tərəfdaş olaraq beynəlxalq güc mərkəzlərinin Azərbaycanla əlaqələrini daha da möhkəmləndirir. Bu layihə Xəzər dənizindən Avropaya təbii qazın nəql edilməsində, ölkəmizin enerji daşıyıcılarının şaxələndirilməsi siyasətində, həm də mürəkkəb geosiyasi şəraitdə Avropanın qaz asılılığından xilasına yönəlmiş alternativ enerji mənbəyi kimi də dəyərləndirilir. Öz mövqeyinə daim sadiqlik nümayiş etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev “Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir” fikirləri ilə strateji hədəflərini bir daha dünya ölkələrinə bəyan etmişdir. Bakı Enerji Forumuna önəm verən ABŞ Prezidenti Cozef Baydenin cənab İlham Əliyevə invanladığı məktubunda isə öz fikirlərini belə çatdırmışdır: “Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir... Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir”. Ulu Öndər tərəfindən təməli qoyulmuş və Ölkə başçısı Möhtərəm İlham Əliyevin davam və inkişaf etdirdiyi uğurlu enerji siyasəti Azərbaycanın dünya ölkələri arasında nüfuzunun daha artmasına, etibarlı tərəfdaş olaraq yüksək imic qazanmasına gətirib çıxarmışdır. Enerji siyasətindəki irəliləyişlər, dayanıqlı inkişafa hədəflənmiş yeni layihələr Azərbaycanın neft, enerji təhlükəsizliyi strategiyasının böyük uğuru və milli maraqlara söykənən təntənəsidir.
Mədinə Məmmədova,
Neftçala rayonunun gənci
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir