03 iyun 2022 17:30
1038

Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur

27-ci Beynəlxalq  Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanın tranzit ölkə kimi də yüksək potensiala malik olmasına diqqət çəkdi və bildirdi ki, bu gün Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir və bu potensialdan maksimum dərəcədə istifadə oluna bilər. Hazırda Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları vardır. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırılır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə dövlətin enerji siyasəti müəyyənləşdirildi. Prezident İlham Əliyevin yüksək diplomatik məharəti nəticəsində isə Azərbaycan beynəlxalq aləmdə enerji bazarının mühüm iştirakçısına çevrildi. Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırdığına, daxili bazarda tələbatları tam təmin etdiyinə diqqət çəkdi və hazırda sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışdığını qeyd etdi.

Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan edib. Bu sahəyə diqqət və sərmayələri cəlb etmək məsələsində Xəzər Neft və Qaz Sərgisi təşkilatçıları çox vacib rol oynayıblar. Ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan «Şahdəniz» yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən  Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı-Tbilisi-Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.

Ölkə başçısı çıxışı zamanı Cənub Qaz Dəhlizi haqqında danışarkən qeyd etdi ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm dövlətimiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Çox nəhənga layihə olan Cənub Qaz Dəhlizi «Şahdəniz» qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Hazırda Azərbaycan həmin yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Azərbaycan Cənub Qaz Dəhlizinin icrası zamanı boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Xüsusilə Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur.

Sərgidə ölkəmizin başçısı vurğulayıb ki, Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı zamanı planların çox böyük hissəsinin artıq icra olunduğu qeyd edilmişdir.

Bu gün də hasilatın artırılması üçün Azərbaycan ənənəvi tərəfdaşlar və sərmayədarlarla, eləcə də enerji şirkətləri ilə çalışmağa hazırdır. Eyni zamanda, bunun üçün mövcud qurğular genişləndirilməlidir. Ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan etibarlı tərəfdaşdır. Belə ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu da onun göstəricisidir ki, Azərbaycan öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından da öz öhdəliklərinə hörmət etməyi gözləyir. Məhz bu səbəbdən dünyanın Birləşmiş Ştatlar və Birləşmiş Krallıq kimi böyük ölkələri ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar. Bu ölkələr eyni zamanda Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyirlər. Böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunmuş, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak etmişlər. Həmçinin Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Prezident cənab İlham Əliyev qeyd etdi ki, Avropa Komissiyası «Cənub Qaz Dəhlizi» layihəsinin icrasında vacib rol oynayıb və gələcək planların reallaşdırılmasında da mühüm rol oynayacaq.

Almaz Həşimova,

YAP Füzuli rayon təşkilatının sədri