03 iyun 2022 19:27
1049

"Əsrin müqaviləsi" müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb

Bu yazını qələmə alarkən sövqi təbii ilə dövlət başçımız İlham Əliyevin çıxışlarının birində işlətdiyi bir fikri xatırladım. Prezident deyirdi; “İnkişaf etmiş hansı ölkənin tarixinə baxsaq görərik ki, harada elmdə, təhsildə inkişaf var, o ölkələr problemləri uğurla həll edir”.

Müstəqil Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılan "Əsrin müqaviləsi"nin imzalanmasından artıq 26 il ötür. Miqyasına görə XX əsrin ən böyük layihələrindən biri sayılan və dünyanın yeni geosiyasi və geoiqtisadi xəritəsini cızan bu hadisə, Azərbaycanın siyasi, iqtisadi və hərbi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına təkan verdiyi kimi, ölkəmizin bütün sahələrdə dinamik inkişaf yoluna qədəm qoymasına, müstəqil  dövlətimizin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşmasına, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılmasına, respublikamıza milyardlarla dollar investisiya yatırılmasına, ən müasir innovasiya və informasiya texnologiyalarının gətirilməsinə,  müasir avadanlıqların, maşın-mexanizmlərin istehsalatda tətbiqinə, yeni idarəetmə metodlarının mənimsənilməsinə şərait yaratmış, maliyyə sabitliyinin təmin olunmasına və iqtisadi modernləşmə istiqamətində effektiv tədbirlər həyata keçirilməsinə imkan vermiş, bununla paralel olaraq ölkədə həyata keçirilən struktur islahatları, iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yenilənməsinə imkan vermişdir.

Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, Prezident İlham Əliyevin həmişə xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən olmuşdur. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini daima önə çəkmiş, iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutmuşdur.

Dövlət başçımız praqmatik lider kimi neftdən əldə olunan gəlirlərin ilk növbədə ölkədə güclü insan kapitalının formalaşdırılmasına yönəldilməsini vacib saydığını daima vuğulamışdır ki, bu da təsadüfi deyil. Müasir dövrdə hər bir xalqın, dövlətin taleyini təkcə onun malik olduğu zəngin təbii sərvətlər deyil, həm də elmi-mədəni və intellektual imkanları və bütün bunların fövqündə dayanan insan kapitalı müəyyənləşdirir. Azərbaycan da öz inkişafını, ancaq təbii sərvətlərin gətirdiyi mənfəətə bağlamır, resurslarını insan faktorunun inkişafına yönəldir. Prezident İlham Əliyevin elm və təhsil sahəsində həyata keçirdiyi davamlı islahatlar da məhz insan kapitalına əsaslanan informasiyalı cəmiyyətin formalaşmasına  zəmin  yaratmaq  məqsədi  daşıyır.

Zəmanəmizdə davamlı inkişafa yol açan əsas amillərin yeni texnologiyaların inkişafı və tətbiqi olduğuna kimisə inandırmağa artıq lüzum yoxdur. 44 günlük Vətən Savaşı, bu müharibədə ordumuzun yüksək texnoloji vasitələrdən məharətlə istifadəsi sayəsində bütün dünyaya örnək olacaq şəkildə “dördüncü nəsl” müharibə strategiyasının elementlərini nümayiş etdirməsi,  müasir texnologiyalardan istifadənin mənimsənilməsi və inkişafı prosesində çevikliyin vacibliyi kimi,  yubanma və ətalətin  də  perspektivsizliyini üzə çıxardı.  

M.K.Atatürk  deyirdi; “Türk dünyasının səadəti qılıncla deyil, qılıncın da söykəndiyi iqtisadiyyatla həll ediləcək”. İqtisadiyyatın inkişafı  isə  elmin və yeni texnologiyaların  inkişafı ilə birbaşa bağlıdır.

Dövlətimizin bizə dost olan bir sıra dövlətlərlə hərbi, siyasi, iqtisadi və diplomatik  sahələrdə əməkdaşlıq  zəminində  həyata keçirdiyi  siyasət, texnologiya və innovasiya mübadiləsini də ehtiva etməklə ölkəmizin həm regionun, həm də dünyanın ən güclü dövlətləri sırasında yer almasını təmin etmişdir. Bu kontekstdə qardaş Türkiyə Cümhuriyyəti  ilə  müştərək  həyata keçirilən strateji tərəfdaşlıq  strategiyası, bu strategiyanın  məntiqi davamı olaraq imzalanmış “Şuşa Bəyannaməsi” regionda sülhün və təhlükəsizliyin qarantı olmaqla yanaşı, ölkələrimizin beynəlxalq təhlükəsizlik və asayişə töhvəsinin nümunəsi də sayıla bilər.

Bu il mayın 28-i və 29-da “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Cümhuriyyəti Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan”  Aerokosmik və texnologiya festivalı, bu festivalda “Teknofest Azərbaycan” çərçivəsində texnologiya müsabiqələrinin, “Smart Qarabağ” Hakatonunun, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kubokunun təşkili, tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə pilotsuz uçuş aparatları və helikopterlərin sərgilənməsi, Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. nümayişi, tədbirdə Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı və çıxışları, ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq  münasibətlərinin nümayişi olmaqla yanaşı, həm də dünyaya verilən mesaj – iki qardaş dövlətin həmişə bir-birinin arxasında olacağı və Cənubi Qafqazda yeni geosiyasi güc birliyinin formalaşdığı mesajı da sayıla bilər.

Azərbaycan Prezidentinin çıxışında Türkiyə-Azərbaycan münasibətlərinin tarixi, etnik və mədəni aspektlərinə toxunulması, bu ölkələr arasındakı tərəfdaşlığın sadəcə müttəfiqlik deyil, qardaşlıq münasibətlərinə, “bir ananın iki oğlu” qayəsinə söykəndiyinə diqqət çəkilməsi, "Teknofest"i elm, inkişaf, bilik, texnologiya bayramı adlandırması, bu festivalda iştirak edən gənclərə tövsiyyələri, göstərdiyi nümunələr və örnəklər, “bir millət, iki  dövlət” konsepsiyasının təkcə müharibə deyil, sülh  dövrünə verdiyi və verəcəyi töhvələrin də carçısı idi.

Türkiyə Prezidenti cənab Tayyib Ərdoğanın tədbir iştirakçılarına eyni hərarət və sevgi ilə xitabı, qardaş dövlətin ölkəmizə dəstəyinin qarşılıqlı mənafe və  beynəlxalq hüquq çərçivəsində davamlı olacağının, Türkiyənin bölgədəki yeni reallığa uyğun olaraq əməkdaşlıq perspektivlərinin açılmasına böyük maraq göstərdiyinin və bu perspektivlərin gerçəkləşməsi üçün əlindən gələni etməyə hazır olduğunun anonsu idi.

TEXNOFEST festivalında verilən bəyanatlar, Azərbaycanın tək olmadığının, Türkiyənin hər zaman ölkəmizin yanında dayandığının vurğulanması, şübhəsiz ki, gücümüzə güc qatır, iki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin səviyyəsindən məmnunluq ifadə etmək üçün zəmin yaradır, ölkələrimiz arasında siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini önə çıxarır, qardaşlığımızın əzəmətini, müttəfiqlik konsepsiyasının ölməzliyini bir daha bütün dünyaya nümayiş etdirir, region ölkələrinin inkişafına əlavə imkanlar yaradır və yeni beynəlxalq əməkdaşlıq birliyi meydana çıxarır.

Azərbaycanda qadraş Türkiyəmizin də yardımı ilə formalaşdırılan kadr potensialı, yerli mütəxəssislərin hazırlanması, qarşıya qoyulan məqsədlərə nail olmağa əsas yaradır,  yalnız yeni texnologiyarın tətbiqini, idarə edilməsini deyil,  hazırlanmasını da həyata keçirməyə, nəticə etibarı ilə isə «qara qızıl» insan kapitalına çevrməyə, inkişafa, tərəqqiyə dəstək olur.

“Əsrimiz texnoloji mübarizə  əsridir və bizim kadr potensialımız, texniki imkanlarımız buna hazır olmalıdır” şüarının müəllifi olan dövlət başçımızın inamlı addımları, dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması və genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi istiqamətində  əldə etdiyimiz  təcrübə, kadr potensialı, texnoloji inkişaf, müasir texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində  bundan sonra da  addımlar atılacağına, malik olduğumuz  imkanların  daha da  genişlənəcəyinə, işğaldan azad olunmuş  vətən parçası da  daxil olmaqla, bütöv  Azərbaycanın  çiçəklənməsinə və inkişafına  töhfə  olacağına əsas yaradır.

Mirsüleyman Mirxaslı,
YAP Cəlilabad rayon təşkilatının sədri