03 iyun 2022 13:19
936

Azərbaycan dünyanın diqqət mərkəzindədir

XXI əsrin ilk illərində ölkəmizdə aparılan geniş miqyaslı islahatların daha da  dərinləşdirilməsi, cəmiyyətimizin daha yüksək sosial-iqtisadi inkişaf pilləsinə yüksəlməsinə şərait yaratmışdır. Ölkədə investisiya mühitinin yaxşılaşdırılmasında mühüm addımlar atılmış, dövlət idarəçiliyi müasir meyarlara uyğun yenidən qurulmuşdur. Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkənin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəricilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin əsas təminatlarından birini yaradır. 
Azərbaycanın dünyada artan nüfuzu artıq özünü bütün sahələrdə büruzə verir. Hazırda ölkəmiz dünyanın maraq dairəsindədir. Bir tərəfdən Vətən müharibəsində öz gücümüz hesabına qazandığımız tarixi Qələbə, sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sürətli bərpa-quruculuq işlərinin geniş vüsət alması, digər tərəfdən isə Şuşanın nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi ölkəmizin reytinqini daha da yüksəldib. Bunlarla yanaşı, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan ölkədir. Mühüm geostrateji mərkəzlərdən biri olan Avropada enerji təhlükəsizliyi tarixin heç bir dönəmində olmadığı qədər təhdidlərə məruz qaldığı bir vaxtda respublikamızın həyata keçirdiyi alternativ enerji təhlükəsizliyi kəməri xüsusi əhəmiyyət kəsb edir.
2022-ci ilin 1 iyun tarixində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı olmuşdur. Açılışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Cənab Prezident çıxışında artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynadığını vurğulamışdır. Cənab İlham Əliyev çıxışı zamanı SOCAR və BP arasında strateji tərəfdaşlığı xüsusi vurğulayıb. Neft və qaz sahəsində BP-nin bizim üçün strateji tərəfdaş və aparıcı investor olduğunu bildirən dövlət başçısı qeyd edib ki, bu şirkət bərpa olunan enerji sahəsinə maraq göstərir. “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” layihələrinin operatoru olan BP ilə icrasına başlanan “D 230” bloku və “Şəfəq- Asiman” qaz yatağının işlənilməsi üzərində işlər uğurla davam etdirilir.  

Ölkəmiz bu gün həm Avropanın, həm də ABŞ-ın və digər inkişaf etmiş dünya dövlətlərinin diqqət mərkəzindədir. ABŞ Prezidenti Cozef Baydenin Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktub hər şeydən öncə iki ölkə arasında mövcud olan qarışlıqlı münasibətlərin yüksək səviyyədə olmasının təsdiqidir. Enerji sənayesində cari meylləri nəzərə alaraq, Bakı Enerji Həftəsi tədbiri özündə üç ayrı layihəni ehtiva edir - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və əlbəttə ki, əvvəllər Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumu. Sərgidə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkətin iştirakı ölkəmizin getdikcə artan nüfuzunun göstəricisidir. Ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın, həmçinin iştirakçı dövlətlərin enerji sektorunda qazandıqları uğurların hesabatıdır. Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirir  

Azərbaycan bu gün azsaylı ölkələrdən biridir ki, enerji resurslarını ölkənin sosial-iqtisadi inkişafı məqsədilə ciddi avantaja çevirə bilib. Azərbaycan bu gün regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan ölkədir. Hazırda onun həyata keçirdiyi enerji siyasətinin məqsədi ölkənin dünya bazarlarına çıxış imkanlarını daha da artırmaqdan və dünya ölkələri üçün alternativ enerji mənbəyi yaratmaqdan ibarətdir. Son illərdə dünya enerji satışı bazarında çəkisini və rolunu xeyli dərəcədə gücləndirməsi Avropa dövlətlərinin Azərbaycanla əməkdaşlığa marağını daha da artırmışdır. Hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması dünyanın inkişaf etmiş dövlətləri və aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə etiraf olunur.

Emin Süleymanov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının
Rayon təsərrüfatı şöbəsinin müdiri