Dövlət başçısı İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki nitqində hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməməsini Azərbaycanın mövqeyinin təzahürü kimi qeyd etdi
«Biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik, o ölkə ki, öz öhdəliklərinə hörmət edir. Qeyd etmək istəyirəm ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz öz öhdəliklərimizə hörmət edirik və tərəfdaşlarımızdan öz öhdəliklərinə hörmət etməyi gözləyirik.» Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki nitqində onu da əlavə etmişdir ki, etibarlılıq vacib amil idi. İkincisi isə əlbəttə ki, Azərbaycanda olan siyasi və iqtisadi sabitlik, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında gözəl nəticələrimizdir. Yeri gəlmişkən, Azərbaycan təkcə neft və qaz deyil, eyni zamanda, elektrik enerjisi ixrac edən ölkədir. Nəhəng potensial və təcrübə - bütün bu amillər mühüm enerji şirkətlərini cəlb etməyə və yenilənən enerjiyə investisiya yatırmağa imkan verib.
İki illik fasilədən sonra bərpa olunan ənənəvi Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın, həmçinin iştirakçı dövlətlərin enerji sektorunda qazandıqları uğurların hesabatıdır. 30 ölkədən 249 şirkəti bir araya gətirən builki 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində hazırkı dövrün enerji gündəliyi geniş müzakirə olunaraq bildirildi ki, perspektiv planların reallaşdırılması ənənəvi enerji tərəfdaşlarımızın iştirakı olmadan mümkün olmazdı.
Reallıq budur ki, ölkəmiz ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.
2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. O zaman dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etmişdi ki, bu layihə uğurla, vaxtında icra ediləcək. Baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihə idi. Azərbaycan ilk dəfə olaraq belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermiş, onun təşəbbüskarı olmuşdur. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərdi ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayıb. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycana qazandırdığı uğurlardan bəhs edərkən dövlət başçısı İlham Əliyev bildirir ki, düşünülmüş siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düzgün iqtisadi siyasət və regional əməkdaşlıq uğurlu inkişafın əsas amilləridir.
Xəzər hövzəsinin zəngin enerji potensialına malik ölkəsi kimi tanınan və bölgənin lider dövləti statusunu qoruyan Azərbaycan dünya dövlətləri üçün strateji tərəfdaş kimi qazandığı etimadı yeni layihələrin reallaşmasında göstərdiyi qətiyyəti ilə doğruldur. Avropa Birliyinə daxil olan ölkələrin təbii qazla təminatı üçün nəzərdə tutulan neft-qaz boru kəmərlərinin siyasi, iqtisadi əhəmiyyəti, perspektivi ətrafında aparılan müzakirələrdə də Azərbaycan amilinə xüsusi önəm verilir. Enerji təhlükəsizliyinin təminatı üçün alternativ variantlar üzərində müzakirələr aparan mütəxəssislərin qeyd etdikləri kimi, bu sahədə baxışları üst-üstə düşən Azərbaycanla əməkdaşlıq təkcə region, qitə deyil, bütövlükdə dünya dövlətləri üçün əhəmiyyətlidir.
Ölkə Prezidenti İlham Əliyev hər zaman bu fikri xüsusi qeyd edir ki, bəziləri üçün əfsanə kimi görünən layihələri heç bir problemsiz, maneəsiz həyata keçirdik. 2006-cı ildə BTC neft, 2007-ci ildə BTƏ qaz kəməri istifadəyə verildi. Bu gün ölkəmizi və bölgəmizi bu layihələrsiz təsəvvür etmək mümkün deyil. Bu layihələr nəinki ölkəmizi gücləndirir, eyni zamanda, xalqımıza xeyir gətirir. Bir sözlə, Azərbaycan enerji sektorunda da liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. «Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz Dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir.» Cənab İlham Əliyev Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu əsaslı şəkildə diqqətə çatdıraraq bildirir ki, dörd layihədən - «Şahdəniz», Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarət Cənub Qaz Dəhlizi ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradacaq, zəngin qaz resurslarımızın dünya bazarlarına bundan sonra onilliklər ərzində ixrac edilməsini təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcək. Yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Azərbaycan sözün əsl mənasında enerji şaxələndirilməsi layihəsini icra edir. Azərbaycan qazı yeni mənbədir. Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib.
Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası dövlət başçısının «Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik» tezisinin təsdiqidir. Xatırlasaq, 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Cənub Qaz Dəhlizi haqqında» Birgə Bəyannamə əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirildi. Birgə Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dövlət başçısı, eyni zamanda, bu əminliyi ifadə etmişdir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq. 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışlarda da birgə əməkdaşlığın davamlı olacağına böyük əminlik ifadə edilmişdir.
Neft və qaz hasil edən ölkə kimi Azərbaycanda aparılan islahatlar respublikanın müasirləşdirilməsinə, istehsalın, xüsusilə sənayenin şaxələndirilməsinə yönəldilir. Bunun üçün daxili və xarici sərmayələrdən düşünülmüş, planlı şəkildə istifadə olunur. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim diqqəti bu məsələyə də yönəldir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətlərimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, müstəqil dövlət qurmuşuq. 30 ildən artıqdır ki, müstəqil ölkə kimi yaşayırıq. Neft siyasətinin uğurlu nəticəsidir ki, bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan uğurlar beynəlxalq səviyyədə də təqdir olunur.
27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində «Enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı gücləndirir, bizə imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin» söyləyən dövlət başçısı İlham Əliyev vurğulamışdır ki, bunun nəticəsini görürük. Bunun üçün cari ilin ötən dövrünün sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub. Bütün bunlar islahatların və toplanılan gəlirlərin yönləndirilməsinin təzahürüdür.
Azərbaycanın hazırkı iqtisadi uğurları, qeyri-neft sektorunun inkişafı göstərir ki, şaxələndirmə yalnız enerji təchizatına aid deyil. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq regionların malik olduğu potensial imkanlardan maksimum istifadə etmək məqsədilə regional inkişaf proqramlarının icrasına start verildi. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı prioritet məsələ kimi öndə dayandı. Bu gün Azərbaycanda biznes mühiti lazımi səviyyədədir və Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan ən islahatçı ölkə kimi qərarlaşmaqla yanaşı, iqtisadiyyatın rəqabət qabiliyyətinə görə də liderliyini qoruyur. Dövlət başçısı bildirir: «Dediyim kimi, birincisi, bizim neft-qaz sahəsində nəhəng təcrübəmiz var, biz ənənəvi şirkətlərlə tərəfdaşlığımıza böyük dəyər veririk. Biz heç vaxt imza atdığımız müqavilənin bir sözünü belə dəyişməmişik. Biz sürətlə inkişaf edirik və əlbəttə ki, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaqdır.»
Ümumilikdə Azərbaycanın iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayan beynəlxalq əhəmiyyətli tədbirlər yeni əməkdaşlıq formatlarının yaradılmasına, həmçinin yeni dostların, tərəfdaşların qazanılmasına yol açır. Bu isə öz növbəsində səylərin birləşdirilməsi fonunda hədəflərə yüksək səviyyədə və nəzərdə tutulan vaxtda çatmağımızı şərtləndirir.
Göründüyü kimi, ölkəmizin dünya enerji bazarında rolu, mövqeyi və əhəmiyyəti təsdiq olunmuş həqiqətdir. Səmərə verəcək alternativ layihələr üzrə birgə fəaliyyətə də daim hazır olan ölkəmiz öz enerji təhlükəsizliyini təmin etməklə başqa ölkələrin də enerji təhlükəsizliyində iştiraka sadiqdir. Qarşıdakı illərdə də enerji siyasətimizin əsas amili olan şaxələndirmə məsələlərinə tam məsuliyyətlə yanaşmaq imkanları artmaqdadır. Dövlət başçısının «Görsək ki, Azərbaycan üçün vacib olan qlobal əhəmiyyətli layihələr var, əlbəttə, biz ənənəvi tərəfdaşlarımıza, aparıcı maliyyə institutlarına müraciət edəcəyik ki, bizə dəstək olsunlar. Bizim bununla bağlı Cənub Qaz Dəhlizi və digər layihələrdə təcrübəmiz var» fikirləri Azərbaycanın bugünədək enerji diplomatiyasının uğurlarına işıq salmaqla bərabər, hədəflərə nail olmaq üçün böyük imkanların və təcrübənin də olduğunu təsdiqləyir.
Yeganə Əliyeva, «İki sahil»
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir