Müasir tariximizdə qardaş Türkiyə dövləti Türk dünyasının mərkəzində dayanan böyük gücdür. Bu gün dərin tarixi köklərə malik Azərbaycan və Türkiyə münasibətləri ən yüksək səviyyədədir. Əminik ki, ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək. Türkiyə son illər ərzində dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Türkiyənin gücünü - siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur. Türk dövlətlərin birgə gələcəyi üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır.
30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.
44 günlük Vətən Müharibəsi zamanı qardaş Türkiyənin həm mənəvi, həm də siyasi dəstəyini yaxından hiss etdik. Türkiyənin dəstəyi Qələbəyə olan inamımızı daha da artırmışdır. Azərbaycana əlavə güc verən müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədərqardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayaqdır. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın: “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” - bizə əlavə güc verdi.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapdı. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Bu gün Azərbaycan-Türkiyə münasibətləri əsil qardaşlıq nümunəsidir. Dövlət olaraq, bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq etməklə yanaşı, təkcə ölkələrimizin deyil, ümumilikdə regionun gələcək inkişafı üçün Azərbaycan-Türkiyə münasibətləri müstəsna əhəmiyyət daşıyır.
Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.
Hazırda Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Təhsil, səhiyyə, iqtisadiyyat və bütün başqa sahələrdə olduğu kimi, hərbi sahəsində də əməkdaşlıq sürətlə inkişaf edir.
“TEKNOFEST”in ölkəmizdə təşkili, dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Gənclərimiz Selçuk bəyi çox sevir və ona bənzəməyə, onun kimi olmağa çalışırlar.
Bəllidir ki, 44 günlük Vətən müharibəsi tariximizə şanlı Zəfət salnaməsi olaraq yazıldı. Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir.
Hazırda dövlət tərəfindən işğaldan azad edilmiş ərazilərdə böyük tikinti-quruculuq işləri aparılır. Hər zaman olduğu kimi, Qarabağın yenidənqurma işlərində də Türkiyə-Azərbaycan qardaşlığı birlikdədir. Belə ki, işğaldan azad edilmiş torpaqlarımızın yenidən tikilib qurulmasında Türkiyə dövləti yaxından iştirak edir. Azad edilmiş ərazilərdə start verilmiş bərpa quruculuq işlərini həyata keçirtmək üçün təbii ki, ilk kontraktlar Türkiyə dövləti ilə imzalanıb. Görüləcək böyük həcmli işlər birgə həyata keçiriləcək, Türkiyə şirkətlərinin burada fəaliyyəti üçün yeni imkanlar yaranacaq.
Füzuli Beynəlxalq Hava Limanının ilk qonağının məhz qardaş Türkiyə respublikasının Prezidenti cənab Rəcəb Tayib Ərdoğan olması biz füzulilərin böyük sevincinə və qüruruna səbəb oldu. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!.
Ramella Məmmədov,
Füzuli RTŞ-nin müdiri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir