Azərbaycan-Türkiyə münasibətləri dərin tarixi köklərə və ortaq mədəni dəyərlərə malikdir. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçib, hər iki dövlətin qurucularının Ulu Öndər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Ümummilli liderimiz Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı , dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmaz olduğunu,Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsllərinə əbədi olaraq bir mesaj qoymuşlar.
Azərbaycan yenidən öz müstəqilliyini qazandıqdan sonra Türkiyə ilə Azərbaycan arasında münasibətlər yeni mərhələyə qədəm qoydu.
Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. 1992-ci il yanvar ayının 14-də Azərbaycan-Türkiyə diplomatik əlaqələri yaradıldı. Həmin vaxtan etibarən iki qardaş ölkə arasında siyasi və iqtisadi əlaqələr sürətlə inkişaf etməyə başladı. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə - 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmış, 1992-ci ilin 28 mayında Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən möhkəm özüllər üzərində qoyulmuş Türkiyə–Azərbaycan dostluğu və qardaşlıq münasibətləri bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi xəttinin prioritetini təşkil edir. Prezident İlham Əliyev Türkiyə - Azərbaycan dostluq və qardaşlıq münasibətləri haqqında demişdir. “Azərbaycan ilə Türkiyəni dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir”. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ölkələrimiz arasında münasibətlərinin yüksək səviyyəyə qalxması dünyaya örnəkdir.
Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır.Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük layihələr Azərbaycan və Türkiyənin dünyada söz sahibi olmasına imkan yaradıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi gündən bu günə kimi qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Azərbaycan ötən illər ərzində qardaşlıq dəstəyini hər zaman hiss edib, bu gün də hiss edir . İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi. 27 sentyabr 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycanın yanında olması Azərbaycana əlavə güc verdi. Bununla bağlı cənab Prezident İlham Əliyev demişdir: "İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.
İkinci Qarabağ müharibəsi zamanı qazandığımız tarixi Qələbəmiz bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirir.Birgə həyata keçirilən bütün layihələr, təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün önəmli rol oynayır.
Bizim üçün mühüm mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2021-ci ilin iyunun 15-i müttəfiqlik münasibətləri haqqında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklik və yeni regional düzənin başlanğıcı deməkdir.
Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Azərbaycan və Türkiyə yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Bu gün işğaldan azad olunan qədim yurd yerlərimizdə aparılan çoxşaxəli tikinti quruculuq işlərində qardaş Türkiyə ölkəmizə yaxından dəstək olur. Burada aparılan genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində ,təməlqoyma və açılış mərasimlərində Prezident İlham Əliyevlə bərabər qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edir. Biz füzulilər üçün də çox sevindiricidir ki, ən müasir səviyyədə inşa olunan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının ilk ziyarətini və açılışını Cənab Prezident İlham Əliyevlə bərabər qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan etmişdir. Bu tarixi hadisə bütün Azərbaycan xalqının və füzulilərin yaddaşından heç vaxt silinməyəcək, tarixdə əbədi olaraq qalacaq.
28 May 2022-ci ildə – Azərbaycanın Müstəqillik Günündə Bakıda ilk dəfə olaraq keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalında Azərbaycan-Türkiyənin Bakıda bir araya gəlməsi qardaşlığının rəmzi olmaqla bərabər bundan sonra da Türkiyə və Azərbaycan iki müttəfiq ölkə kimi yüksələn xətlə ancaq və ancaq irəliyə doğru hər zaman birgə adımlayacağına bariz nümunədir.
Festivalda çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfəfəri qiymətləndirərək demişdir: "Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Azərbaycan Silahlı Qüvvələrinin mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir". Türkiyə müharibədə olduğu kimi, sülh dönəmində də qardaş Azərbaycanın yanındadır. Türkiyə bundan sonra da regionda sülh və dayanıqlı sabitliyin təmin olunması üçün fəal şəkildə dəstək göstərəcəkdir. Azərbaycan və Türkiyə arasında olan münasibətlərin hazırda çatdığı inkişaf səviyyəsi göstərir ki, artıq Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və əbədidir. Yaşasın Türkiyə- Azərbaycan dostluğu!
İlahə Cəfərova,
Füzuli rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir