01 iyun 2022 14:22
870

Türkiyə-Azərbaycan birliyi bölgəmizdə sülh və barışın təminatçısı olduğu kimi inkişaf və tərrəqini də sürətləndirəcək

26-29 may tarixlərində “Texnofest” festivalının ilk dəfə Türkiyədən kənarda, Azərbaycanda keçirilməsi ilə bir daha bütün dünyanın nəzər və diqqəti Azərbaycana, Azərbaycan və Türkiyə qardaşlığına, dostluğuna yönəldi. “Texnofest”  Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır və Türkiyənin sənaye və texnologiya nazirliyinin də dəstəyi ilə  2018-ci ildən bu yana hər il təşkil edilir. Festivalın məqsədi milli texnologiyaların inkişaf etdirilməsi, təbliğ edilməsi, gənclərin bu sahəyə marağının artırılması, gənclər üçün uğurlu nümunələr təqdim edilməsidir.  

Festivalın bu il Bakıda keçirilməsi həm bizim üçün, eləcə də qardaş ölkə Türkiyə üçün festivalın əhəmiyyətini daha da artırmış, bütün dünya üçün nümunə olan Türkiyə-Azərbaycan dostluğunun yeni istiqamətini bəyan etmişdir: biz müharibədə olduğu kimi sülh dövründə də bir yerdəyik, uğurlarımızı birlikdə bölüşür, biliklərimizi paylaşır və birlikdə daha güclü gələcəyə doğru irəliləyirik. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Bakıya gələrək festivalda şəxsən iştirak etməsi bu birliyə verilən böyük diqqət və hörmətin ən böyük təcəssümüdür.

 “Texnofest” festivalının Bakıda keçirilməsi həm də qardaş ölkə ilə diplomatik əlaqələrin yaradılmasının 30-cu yubiley ilinə təsadüf etdi.  Bu 30 il ərzində təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “bir millət, iki dövlət” şüarı ilə qurulan  diplomatik əlaqələr dünyada heç bir bənzəri olmayan qardaşlıq münasibətlərinə çevrilmişdir. Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik zirvəsi olan Şuşa Bəyyannaməsinin imzalanması isə qardaş Türkiyə ilə olan əbədi dostluğumuzu bütün dünyaya bəyan etmişdir.

Mən “Texnofest” festivalının Bakıda keçirilməsi ilə əlaqədar Şuşa Bəyyannaməsinin bir bəndini xatırlatmaq istəyirəm: tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərin inkişaf etdirilməsi məqsədilə birgə layihələrin yerinə yetirilməsini təşviq edəcək və qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər. Ölkəmizin festivala ev sahibliyi etməsi həm də Şuşa Bəyyannaməsi ilə qarşıya qoyulmuş bu məqsədlərə xidmət etmişdir. 

Festivalda həm Azərbaycandan, həm Türkiyədən müxtəlif komandalar iştirak etmiş, elm-bilik mübadiləsi aparılmış, müasir texnologiyalarla  bağlı yeniliklərin öyrənilməsi baxımından Azərbaycanda gənc mütəxəssislərin yetişməsinə stimul olmuşdur. Xüsusən dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncərin və məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana gəlməsi gənclərimiz üçün gözəl nümunə olmuşdur. Bilirsiniz ki, aprel ayında cənab Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, əməkdaşlığın inkişafına, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə Selçuk Bayraktarı “Qarabağ ordeni” ilə də təltif etmişdir.

Festivala maraq çox böyük idi, xüsusən gənclərin festivala axını olduqca sevindirici məqamdır. Azərbaycan gəncliyi Vətən Müharibəsində öz gücünü-qüdrətini, vətən sevgisini layiqincə sübut edib, gənclərimizin həm də elmə, biliyə, müasir texnologiyalara artan marağı bizi gələcəyə daha da ümidli edir.

Vətən Müharibəsində qələbəmizi şərtləndirən amillərdən biri də heç şübhəsiz ki, ordumuzun müasir silahlarla tam təmin olunması olmuşdur.  Müasir dünyada baş verən hadisələr sübut edir ki, ölkələrin müstəqilliyini qorumları üçün yüksək texnologiyalara malik olmalarının əhəmiyyəti daha da artmışdır. Xüsusilə də erməni faşizminin təzahürlərinin hələ də zaman-zaman özünü göstərdiyi və hər zaman əlverişli coğrafi mövqeyi ilə kəsişən fərqli maraqların diqqət mərkəzində olan Cənubi Qafqazda biz bu ehtiyacı daha da hiss edirik. Odur ki, biz müharibənin baş çatmasından sonra da ordu quruculuğu sahəsində çox böyük işlər görmüşük. Hazırda hərbi sənayəsində inkişafa görə dünya liderlərindən birinə çevrilən qardaş Türkiyə ilə bu sahədə əməkdaşlıq Azərbaycanın gücünə daha da güc qatacaq.

Hazırda bizim qarşımıza qoyduğumuz ən böyük məqsədlərimizdən biri də erməni vəhşiliyinin izlərini işğaldan azad etdiyimiz torpaqlarımızdan təmizləmək və “Böyük Qayıdış”ı ən yüksək səviyyədə tamamlamaqdır. Müasir texnologiyaların öyrənilməsi bu baxımdan da olduqca əhəmiyyətlidir. Ən müasir standartlara cavab verən hava limanlarının, sənayə parklarının, “ağıllı kənd” layihələrinin icrasında da biz qardaş Türkiyə ilə birlikdə çalışırıq.

Cənab Prezidentin də vurğuladığı kimi artıq bölgəmizdə yeni səhifə açmağın vaxtı çatıb. Müharibədən sonra qədəm qoyduğumuz bu yeni mərhələdə Türkiyə-Azərbaycan həmrəyliyi sülh və barışın təminatçısı olduğu kimi inkişaf və tərrəqini də sürətləndirəcək, birlikdə daha güclü gələcəyə  nail olacağıq.

Ziyafət Əsgərov, 
Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri