31 may 2022 22:09
739

Türkiyə-Azərbaycan qardaşlığı dünya dövlətlərinə nümunədir

44 günlük Vətən müharibəsində qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə, onun Prezidenti cənab  Rəcəb Tayyib Ərdoğan daim Azərbaycanın apardığı haqq-ədalətin yanında oldu.  Vətən müharibəsində Türkiyənin  digər rəhbər işçiləri və sıravi Türkiyə vətəndaşları Azərbaycana birmənalı olaraq siyasi, diplomatik dəstək nümayiş etdiriblər. Bu da  ölkəmizə, ölkə vətəndaşlarına  böyük mənəvi güc vermək kimi dəyərləndirilir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bildirmişdir ki, “Vətən müharibəsi baş verəndən dərhal sonra Türkiyənin mənəvi və diplomatik dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə – Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq.”

Vətən müharibəsi qələbəmizlə başa çatdıqdan sonra qardaş Türkiyə dövləti respublikamızla əlaqələrini, mənəvi, diplomarik münasibətlərini daha da gücləndirdi. Belə Türkiyə Respublikasının Prezidenti cənab  Rəcəb Tayyib Ərdoğan ölkəmizdə keçirilən möhtəşəm Zəfər paradında, “Şuşa Bəyannaməsi”nin imzalanması mərasimində, eləcə də Azərbaycana səfəri çərçivəsində Zəngilanın Ağalı kəndində  bizimlə bir yerdə olaraq çıxışında  Qarabağın xilası, bərpası istiqamətində görülən işlərdən yaranan sevincini, fərəhini xalqımızla bölüşüb, ölkəmizin əvvəlki kimi tək olmadığını, arxa­sında dayandığını bütün dünyanın diqqətinə çatdırdı. Bütün bunlar isə Azərbaycan xalqının gələcəyə olan inamını daha da artırdı.

Möhtərəm Prezidentimiz İlham Əliyev  cənabları  Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin gücləndirilməsinə, respublikamızın ərazi bü­tövlüyünün və suverenliyinin təmin olunması istiqamətindəki haqq işinə verdiyi töhfəyə görə cənab Selçuk Bayrak­tarı “Qarabağ” ordeni ilə təltif etmişdir.

Bu gündə hər iki dövlətin birgə keçirdiyi tədbirə nəzər salaq. Belə ki,  “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texno­logiya Festivalı Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə keçirildi.

İlk dəfə Azərbaycanda təşkil olunan bu tədbir 2018-ci ildən etibarən hər il keçirilir. Festivaldan bir gün əvvəl “Bay­kar Texnologiya”nın rəhbəri Səlcuk Bayrakdarın Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçması da ordumu­zun gücləndirilməsinə göstərilən dəstəyin bariz ifadəsidir. Xatırladaq ki, həmin MiG-29 “Baykar” şirkəti tərəfindən hazırlanan “Bayraktar AKINCI TİHA” ilə paralel uçuş həyata keçirməsi qardaş Türkiyənin Azərbaycan Silahlı Qüvvələrinin daha da inkişafına yönələn marağın bir nümunəsidir.

Azərbaycan ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsində dövlətlərimizin başçılarının şəxsi dostluq əlaqələrinin və qarşılıq­lı səfərlərinin xüsusi əhəmiyyəti var. Dövlətimizin başçısı İlham Əliyev və Türkiyə Respublika­sının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud dost­luq və qardaşlıq münasibətləri hərtərəfli əlaqələrimizin genişlənməsinə  müstəsna töhfəsini verir.

Bəli, bu gün Azərbaycan – Türkiyə əməkdaşlığı və tərəfdaşlığı çox yüksək səviyyəyə qalxmışdır. Bu səviyyənin müsbət nəticələri həm Türkiyə, həm də Azərbaycan üçün olduqca  əhəmiyyətlidir.

Eldar Əsədov,
YAP Tərtər rayon təşkilatının sədri