31 may 2022 20:26
628

“TEKNOFEST” alternativsiz və çoxşaxəli platformadır

Ulu Öndər Heydər Əliyev öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur: “Bir millət iki dövlət”- Azərbaycan-Türkiyə. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezident İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində  iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Azərbaycanla Türkiyə arasında əlaqələrin tarixinə nəzər salsaq görərik ki, bu dostluğun çox dərin kökləri var. Bu əlaqələri şərtləndirən amillər sırasında ortaq kökümüzün,  dilimizin, din birliyimizin, oxşar mədəniyyətimizin və adət-ənənələrimizin olmasıdır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində hər zaman bir-birlərinə dəstək olduqlarını nümayiş etdiriblər, sevincli, kədərli günlərini birgə paylaşıblar. Türkiyə bizə daim həm siyasi, həm də mənəvi dəstək olmuşdur, 44 günlük vətən müharibəsi də bunun bariz nümunəsidir. Qardaş ölkə bu müharibə dövrü ərzində Azərbaycanı həm dövlət səviyyəsində, həm xalq səviyyəsində birmənalı olaraq bütün platformalarda müdafiə etdi, siyasi və mənəvi dəstək nümayiş etdirdi. 44 günlük müharibədən sonrakı dövrdə də bu dəstək hər addımda özünü göstərdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 44 günlük Qələbəmizdən sonra Bakıda keçirilən möhtəşəm hərbi paradda iştirakı bütün dünyaya bir daha Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz olduğunu sübut etdi. Rəcəb Tayyib Ərdoğanın 15 iyun tarixində Şuşaya səfəri Azərbasycanın müasir tarixinin ən əlamətdar günlərindən biri oldu. Qalib xalqın qalib nümayəndələri olaraq zəfərin ən önəmli nöqtəsi sayılan Şuşada imzalanan müttəfiqlik bəyannaməsi bu günü tarixdə yadda qalan günlərdən etdi. Bu səfər zamanı qalib Azərbaycanın timsalında bütün dünyaya çox böyük mesajlar verildi. Müttəfiqlik bəyannaməsi azad olunmuş Şuşada Ulu Öndər Heydər Əliyevin “Bir millət iki dövlət” kəliməsi, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözlərini hüquqi müstəviyə daşıdı. Bu bəyannamə Türkiyə-Azərbaycan münasibətlərinin bütün siferalarını özündə birləşdirdi.

28 may Müstəqillik Günündə qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəridə bu qardaşlığın bariz nümunəsi oldu. İlk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında birgə iştirak edən  Azərbaycan və Türkiyə Prezidentləri  iki dost, qardaş əzəli və əbədi qardaşlığımızı şərtləndirən amilləri açıqladılar. “TEKNOFEST” müasir dünyada elmi, təhsili, tərəqqini və inkişafı məhz mavi səmadan təbliğ edən alternativsiz və çoxşaxəli platformadır. “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı Azərbaycan və Türkiyə gənclərinin nümayiş etdirdikləri birlik, həmrəylik fonunda iki  qardaş ölkənin münasibətlərinin gələcək inkişafının da aydın mənzərəsini yaratdı.

Bütün tarixi dövrlərdə davamlı və uzunmüddətli əlaqələr quran Türkiyə və Azərbaycanın ictimai-siyasi, iqtisadi-sosial və mədəni həyatlarında dinamizm meyilləri müşahidə olunub. Çünki bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Məmləkət Qaraçobanova,
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı aparatının məsul əməkdaşı