31 may 2022 23:49
2098

"TEKNOFEST Azərbaycan" Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsi oldu

Mayın 28-də Bakıda “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı keçirilmişdir. Texnofest Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Bayraktar-TB2 və Akıncı PUA-larının mühəndisi, Bayrak şirkətinin texniki direktoru Səlcuq Bayraqdarın təşəbbüsü ilə Türkiyə Texnologiya Komandası Vəqfi ilə Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi tərəfindən Türkiyənin milli texnologiyalarını inkişaf etdirmək məqsədi ilə təşkil edilən ilk və yeganə festivaldır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak ediblər. Festivalda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.

Prezident İlham Əliyev festivalda çıxış edərək, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamət olduğunu, Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərdiklərini, bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanında olduğlarını, nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlayarsa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacağını söylədi.

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olmuşdur. Ulu öndər Heydər Əliyev öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur: Bir millət iki dövlət, Azərbaycan-Türkiyə.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir. Türkiyə iqtisadi, siyasi, hərbi və digər sahələr üzrə dünyada lider dövlətlərdən birinə çevrilmişdir. Türkiyə bu gün dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə, o cümlədən bölgəmizdə çox müsbət rol oynayır və bu, bölgənin sabitliyi üçün çox önəmlidir.

Bəli bu gün Türkiyənin Azərbaycanla əlaqələri yüksək strateji səviyyədədir, Türkiyə-Azərbaycan ikitərəfli əlaqələri bölgədə sabitlik və sülhün qurulmasına xidmət edir. Festivalda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında qeyd etdiyi kimi: “Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir”.

Malik Mirzəyev,
YAP Lerik rayon təşkilatının sədri