31 may 2022 21:58
662

Ölkəmizdəki sabitlik və vətəndaş həmrəyliyi böyük sərvətdir

Bu gün Azərbaycan dünya miqyasında sabitliyi ilə seçilən ölkələrdən biridir. Əlbəttə ki, gördüyümüz bütün bu işləri dünya kontekstindən ayırmaq mümkün deyil. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin daim önə çəkdiyi bu fikirlərə əsaslanaraq əminliklə qeyd edə bilərik ki, bu gün dünyada inkişafına görə digər ölkələrə nümunə olan Azərbaycan dövləti müstəqil siyasətilə, milli-mənəvi dəyərlərinə bağlılığı ilə də diqqəti cəlb edir. Aydın məsələdir ki, müasir dövrdə iqtisadiyyatın və sosial sahənin inkişafı ilə əlaqədar müxtəlif transformasiya modellərini tətbiq etmək mümkün olur. Lakin milli dövlətin möhkəm təməl üzərində inkişafı, daxili siyasi-ictimai sabitliyin, xalq-hakimiyyət birliyinin təmin edilməsi xaricdən idxal edilmiş model üzərində qurulması mümkün olmur. Çünki milli-mənəvi dəyərlərə bağlılıq bilavasitə xalqın tarixi və milli kökü ilə əlaqəli bir məsələdir. Məhz bu səbəblərə görədir ki, dünyanın əksər dövlətlərində siyasi və ictimai böhran hökm sürdüyü bir zamanda, Azərbaycanda xalq-iqtidar birliyi daha da möhkəmlənir. Elə bu səbəbdəndir ki, Prezident cənab İlham Əliyev də daim vurğulayır ki, Azərbaycan dövləti möhkəm milli-mənəvi dayaqlar üzərində qurulubdur. Biz öz mədəniyyətimizi, incəsənətimizi, ana dilimizi, bayramlarımızı qoruyuruq, yaşadırıq. İyirmi beş illik müstəqillik dövrü onu göstərir ki, ancaq milli köklər üzərində qurulmuş dövlətlər uğur qazana bilər və o dövlətlərin gələcəyi var. Azərbaycan dəyərləri, milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Şadam ki, gənc nəsil də bu ruhda, vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alır və bu gün Vətəni sevən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Vətəni ilə fəxr edir.

Azərbaycanda əldə edilmiş uğurlar ölkəmizi gücləndirir, gələcəyə nikbinliklə baxmaq üçün əsas verir, eyni zamanda, dünya miqyasında qiymətləndirilir. Bu gün daxili vəziyyətimiz sabitdir. Bu sabitliyin qarantı, təminatçısı Ölkə Prezidenti və xalq-iqtidar birliyidir. Bu gün ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq, vətəndaş birliyi, həmrəyliyi, əlbəttə ki, bizim böyük sərvətimizdir və biz bunu qoruyuruq.

Milli həmrəyliyin mövcud olmasının səbəbləri aydındır. Azərbaycan xalqı ötən illər ərzində açıq-aydın görür ki, Prezident cənab İlham Əliyevin rəhbərliyilə həyata keçirilən siyasət ən düzgün siyasətdir. Ölkə Prezidenti cənab İlham Əliyevin sözlərilə desək, biz öz taleyimizin sahibiyik. Biz siyasətimizi özümüz müəyyən edirik. Biz hər hansı bir kənar təsirə davam gətirə bilirik və yaxın tarix bunu göstəribdir.

Bu bir həqiqətdir ki, Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət xətti nəticəsində ölkəmizdə mövcud olan sabitlik, təhlükəsizlik şəraiti bu gün hər bir Azərbaycan vətəndaşının məmnunluğunu təmin etmişdir.

Mansur Quliyev,
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri