31 may 2022 13:32
994

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi dövlətin əsas prioritetidir

Müstəqil Azərbaycan ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq Azərbaycan keyfiyyətcə yeni pilləyə - modernləşmə mərhələsinə qədəm qoyub. 2003-cü ildən başlayaraq ümummilli liderin davamlı iqtisadi inkişaf modeli Heydər Əliyev məktəbinin istedadlı yetirməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla inkişaf etdirilir. Daxili və xarici siyasət sahəsində qazanılan uğurlara, həmçinin neft strategiyasının reallaşdırılması, ölkədə makroiqtisadi sabitliyin davamlılığının təmin edilməsi sayəsində möhtəşəm nəticələrə görə cənab İlham Əliyev xalqın şəksiz liderinə çevrilmişdir.

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Fərqli mədəniyyətlərin, Şərq və Qərb sivilizasiyalarının təmas mərkəzidir. Multikulturalizm, tolerantlıq örnəyidir. Aydın strateji baxışı, faydalı təşəbbüsləri ilə ümumilikdə dünyamızın bugünü və gələcəyinə dəyərli töhfələr verən ölkədir. Belə bir səviyyəyə Azərbaycan, ilk növbədə, iqtisadi inkişafı sayəsində nail ola bilib. Çünki iqtisadi imkanlar, maliyyə resursları bütün inkişaf proseslərinin təməl qaynağıdır. Azərbaycanın getdikcə yüksələn iqtisadi imkanları, qazanılan sosial-iqtisadi nailiyyətlər ölkəmizin bu günü və gələcəyi üçün bir sıra strateji qərarların icrasına həyat verir. Onların reallaşdırılmasına imkan yaradır. 44 günlük Vətən müharibəsindəki parlaq qələbəmizdə, təxminən 30 ildən sonra torpaqlarımızın düşməndən təmizlənməsində də iqtisadi amillər çox mühüm rol oynadı. Azərbaycan ötən onilliklərdə əsas imkanlarını sosial-iqtisadi inkişafa yönəltdi. Həyata keçirilən inkişaf proqramları ilə işğalçı Ermənistan üzərində böyük üstünlüklər qazandı. Zaman ölkəmizin xeyrinə işlədi. İşğalçılıq siyasəti üzündən getdikcə daha böyük problemlərlə üzləşən, əhalisinin böyük hissəsi ölkəni tərk etdiyindən demoqrafik böhran yaşayan, vətəndaşları səfil gününə düşən, başqa ölkələrdən asılılığı artan yoxsul Ermənistandan fərqli olaraq Azərbaycan bu illərdə dünyanın ən yüksək inkişaf dinamikasına malik ölkələrindən biri statusunu qazandı. Azərbaycan Prezidentinin məqsədyönlü siyasəti nəticəsində qazanılan nailiyyətlər ölkəmizə güclü bir ordu qurmaq imkanı yaratdı. Elə bir ordu ki Vətən müharibəsində tarix yazdı. Tətbiq etdiyi innovativ silahlar, döyüş metodları ilə XXI əsrin müharibəsini apardı və bu təcrübə indi dünyanın bir çox aparıcı hərbi məktəblərində öyrənilməkdədir.

Azərbaycan Vətən müharibəsindəki qələbəmizi davam etdirən diplomatik nailiyyətləri ilə bölgədə yeni reallıqlar yaradır. Dünya iqtisadiyyatı üçün inkişafa doğru yeni bir qapı rolunu oynayacaq, əksər region ölkələrinin iqtisadi-siyasi maraqlarına xidmət edəcək, türk dünyasını böyük bir nəqliyyat-kommunikasiya qurşağında birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı perspektivlər bu reallığın böyük tərkib hissəsidir. Azərbaycan indiyə qədər dövlət rəhbərliyimizin əzmkar siyasəti, mövqeyinin sabitqədəmliyi sayəsində çox xəyalları reallaşdırmağa müvəffəq olub. İrəlidəki bir çox böyük perspektivlər də zaman-zaman gerçəkliyə çevriləcək və ölkəmiz dünyanın bugünü və gələcəyinə mühüm töhfələr verəcək. Düşməndən təmizlənmiş ərazilərimizdə başlanan dirçəliş prosesləri, resurslarla zəngin bu torpaqlarda sosial-iqtisadi həyatın bərpası da ölkəmiz üçün yeni inkişaf imkanları yaradır.

Prezident İlham Əliyevin Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılışında qeyd etdiyi kimi: “Biz iqtisadi cəhətdən müstəqilik. Bu gün iqtisadi cəhətdən müstəqil ölkələrin sayı o qədər də çox deyil. Bunu yaxın tarix göstərib. Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq və heç bir yardıma, kreditə ehtiyacımız yoxdur. Əksinə, biz özümüz indi bəzi ölkələrə kreditlər veririk. Məhz iqtisadi müstəqillik nəticəsində bu gün, bax, bu Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilib. Bunu biz etmişik, öz gücümüzlə və azad edilmiş bütün digər torpaqlarda öz gücümüzlə bərpa işlərini aparırıq və indi nəhəng layihələr icra edilir”.

Bütün bunların fonunda onu qeyd etmək olar ki, Azərbaycan 2030 inkişaf konsepsiyasında ayrıca bənd kimi göstərilən Böyük Qayıdışa start verildi. Qarşıdakı müddət ərzində nəinki Zəngilan eyni zamanda işğaldan azad olunan ərazilərimizdə bu proses davamlı hal alacaq.

Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri