44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi şanlı ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu öz tarixi missiyasını uğurla və ləyaqətlə tamamladı. 30 ilə yaxın işğal altında qalmış doğma torpaqlarımızın düşməndən öz gücümüzə azad edilməsi dövlətimizin iqtisadi potensialını və hərbi qüdrətini bir daha bütün dünyaya sübut etdi.
Eyni zamanda Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi. Biz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı müharibə, etnik təmizləmə aparmamışıq, şəhər və kəndləri yerlə-yeksan etməmişik. Biz öz doğma torpaqlarımızı azad etmişik və illərlə kağız üzərində qalan BMT qətnamələrinin icrasını təmin etmişik.
İndi artıq müharibədən sonra yaranmış reallıqlar dövrünü yaşayırıq. Yeni reallıqlar ölkəmizə olan müsbət maraqların artması, yeni əməkdaşlıqlar, kommunikasiyaların inkişafı üçün səmərəli mühitin mövcudluğu ilə xarakterizə olunur. Postmünaqişə dövründə gündəliyi Azərbaycan diktə edir. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Gündəliyimiz artıq aparıcı beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür. Bütün bunlar ölkə başçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticələridir.
Artıq Ermənistanla sərhədlərimiz müəyyən olunmalıdır. Sərhədlərin müəyyən olunması avtomatik olaraq Ermənistanda revanşist, faşist qüvvələr tərəfindən Azərbaycana qarşı irəli sürülən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ona görə Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə komissiyaların birinci iclasının çox böyük əhəmiyyəti var.
Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır. Ermənistan bundan boyun qaçırmağa can atırdı. Çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir.
Hazırkı reallıqda Zəngəzur dəhlizinin açılması ən mühüm məsələdir. Ermənistan hər zaman buna da maneçilik törətməyə çalışırdı. Amma yenə də, Brüssel görüşünün rəsmi açıqlamasına görə artıq həm dəmir yolu, həm avtomobil yolunun Mehridən, Zəngəzurdan keçməsi müəyyən olunub.
Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı və sürətli işlər ölkəmizin iqtisadi gücünün göstəricisidir. İşğaldan azad olunmuş ərazilərdə dövlətimiz tərəfindən icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Avtomobil yollarının bir çoxu altı və dörd zolaqlıdır. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Ancaq hər kəs bilməlidir ki, görülən işlər asan başa gəlmir. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir.
İşğaldan azad edilmiş digər ərazilər kimi Füzuli rayonu ərazisində də infrastruktur layihələrin icrası sürətlə və uğurla davam etdirilir. Beynəlxalq və regional əhəmiyyətə malik Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 aya istifadəyə verildi. Yeni azad edilmiş ərazilərin enerji təminatında müstəsna əhəmiyyətə malik Füzuli yarımstansiyası artıq fəaliyyətdədir. Füzuli şəhərinin Baş planı təstiqlənib. Horadiz-Ağbənd dəmir yolunun çəkilişi uğurla davam edir. Zəfər yolu işğaldan azad edilmiş ərazilərə gedən qonaqların daşınmasını yerinə yetirməkdədir. Rayonumuzun ərazisindən keçən, müxtəlif istiqamətlərə çəkilən və müasir standartlara cavab verən yol-nəqliyyat infrastrukturu qurulmaqdadır. Ölkə başçısı Prezident İlham Əliyev tərəfindən rayonumuzda Mərkəzi xəstəxana və Peşə məktəbinin təməli qoyulub.
İşğaldan azad edilmiş ərazilərdə görülən bütün bu işlər bizlərdə qəti əminlik yaradır ki, tezliklə 30 ilə yaxın həsrətində olduğumuz doğma yurd-yuvalarımıza qovuşacağıq.
Hər birimiz böyük sevinc hissi keçiririk ki, “Böyük qayıdış” dediyimiz prosesə start verildi. Bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.
Görülən bütün bu işlər qəti əminlik yaradır ki, tezliklə Qarabağımız cənnətə çevriləcəkdir. Qarabağ Azərbaycandır!.
Nazimə Şamıyeva,
Füzuli rayon M.Xəzani adına müsiqi təmayüllü internat tipli gimnaziyanın direktoru
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir