27 may 2022 23:25
887

Qərarsızlıq sindromu

Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsini Zəfərlə başa vurduqdan sonra Ermənistanın dağıdaraq viran qoyduğu ərazilərimizin yenidən qurulması və canlandırılması  işləri ilə məşğul olur. Digər tərəfdən, Cənubi Qafqazda davamlı sülhə sədaqətini ləyaqətli şəkildə nümayiş etdirərək Ermənistanın regional əməkdaşlığa cəlb edilməsinə, kommunikasiyaların açılmasına çalışır. Qarşı tərəf isə  2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda əks olunmuş və sonrakı Moskva, Soçi və Brüssel görüşlərində  əldə olunan razılaşmalarla  bir daha möhkəmləndirilmiş öhdəliklərini yerinə yetirmir, qeyri-konstruktivliyi ilə sülh sazişinin bağlanmasına ciddi maneələr yaradır.

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması məsələsinə konstruktiv yanaşıb, hər zaman əsas diqqəti Cənubi Qaf­qazda postmüharibə vəziyyətinə yönəldərək Azərbaycanın sülhə, sabitliyə və proqnozlaşdı­rılmaya sadiqliyini bəyan edib. Şərtlərimiz  də tam aydındır: Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Eyni zamanda, bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. İki dövlət məhz Bakının təklif və təqdim etdiyi beş baza prinsipi əsasında nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər. Azərbaycanın Ermənistan ilə münasibətləri normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipdən ibarət sülh təklifi Ermənistana, eləcə də dünya ictimaiyyətinə məlumdur. Bu prinsiplər Avropada, eləcə də bütün dünyada müsbət qiymətləndirilir.

Ötən ilyarım müddət ərzində baş verənlər isə onu göstərir ki, Ermənistan hər zamankı xislətindən əl çəkmək niyyətində deyil. Rəsmi İrəvanın bu məsələyə münasibəti isə ilk gündən tamamilə müəmma təşkil edir. Biz qarşı tərəfdən gah müsbət siqnal alırıq, gah da şahidi oluruq ki, Ermənistan birgə komissiyanın yaradılmasına mane olmaq üçün cilddən-cildə girir. Bu isə onu deməyə əsas verir ki, işğalçı ölkədə vahid bir söz, qərar sahibi yoxdur. Bir sözlə, kimin papağı kimin başındadır – bilinmir.

Ermənistanın baş naziri Nikol Paşinyan Niderlanda səfər zamanı  əsl erməni xisləti nümayiş etdirərək Azərbaycanı antihumanizmdə, aqressivlikdə suçladı. İlk gündən davamlı sülhün yaradılmasına mane olan, nəyə və kimə güvəndiyi bəlli olmadan  sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması prosesini uzadan Ermənistan indi utanmadan, abır-həya etmədən deyir ki, Azərbaycan iki ölkə arasında münasibətlərin yaranması prosesində aqressivlik nümayiş etdirir. Hələ, üstəlik, ittiham edir ki, biz, guya, onlardan Avropa İttifaqına şikayət edir, “təmiz”, “pak” adlarını ləkəmələyə çalışırıq.  Belə yerdə deyirlər: utanmasan, oynamağa nə var?

 KTMT-nin yubiley sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşən Ermənistanın baş naziri Nikol Paşinyan bitmiş bir məsələ olan Qarabağı yenidən müzakirə obyektinə çevirməyə cəhd göstərdi. Başqa sözlə, regionda davamlı sülhün yaranması, təhlükəsizliyin qorunması kimi mühüm məqamları göz ardı etməyə çalışan erməni baş nazir yenidən öz “havasına” kökləndi. Paşinyan bu və ya digər şəkildə prosesi uzatmaq, vaxt udmaq üçün növbəti siyasi manipulyasiyaya əl atdı. Bu ilin aprelində Brüsseldə baş tutan görüşdən sonra sülh prosesinin vacibliyini önə çəkən, Avropa İttifaqının bu yöndəki çağırışlarını və fəaliyyətini yüksək dəyərləndirən Nikol Moskvaya qədəm basan kimi fərqli cildə düşdü. Radikal revanşistlərin xətrini xoş tutmaq üçün Rusiyaya yaltaqlanan, onun  bütün əmrlərinə gözüyumulu və müzakirəsiz tabe olan Paşinyan həm də sülh istəyən xalqının iradəsinin əleyhinə gedir.

Bu həngamələrdən sonra Brüsseldə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə rəsmi İrəvanın guya sülh prosesinə sadiq olduğunu, Azərbaycan tərəfinə təqdim olunan altı bəndlik təklifə müsbət cavab almadıqlarını iddia etməklə bird aha hansı əxlaqın və mənəviyyatın sahibiolduqlarını ortaya qoymuş oldu. Əlbəttə, Avropa İttifaqı regionumuzda sülhün və əməkdaşlığın təmin olunmasına maraqlı olduğu üçün razılaşmaların da yerinə yetirilməsini gözləyir və Ermənistandan cavab tələb edir. A.Mirzoyan da Brüsseldə səfərdə olduğu üçün Avropa İttifaqı rəsmiləri ilə görüşündə ölkəsini təmizə çıxarmaq üçün dəridən qabıqdan çıxdı. Bu səbəbdən də Azərbaycana qarşı əsassız iddialar səsləndirdi.  Amma şübhəsiz ki, Avropa İttifaqı kimin kim olduğunu yaxşı bilir. Rəsmi Bakı açıq şəkildə bəyan edib ki, sülh sazişi üzrə danışıqlara başlamağa hazırdır və bu məqsədlə nümayəndə heyəti də müəyyənləşib.   Bu istiqamətdə Azərbaycan diplomatiyası həm Avropa İttifaqının, həm ABŞ-ın, həm də Rusiyanın sülhpərvər cəhdlərini alqışla­maq və dəstək verməklə öz mövqeyini açıq şəkildə nümayiş etdirir. Artıq Ermənistanın sülhdənyayınma, prosesi uzatmaq siyasəti onun özünün əleyhinə işləyir və beynəlxalq arenada Azərbaycanın mövqelərini gücləndirir. Ermənistanın bu cür destruktiv mövqeyi onun regionda olduğu kimi, beynəlxalq müstəvidə də təcridolunmasını şərtləndirir.

Bütün bunlarla yanaşı, Ermənistanda yüksələn siyasi gərginlik fonunda artan xarici borclar da İrəvana müsbət heç nə vəd etmir. Əksinə, beynəlxalq təşkilatlar, müxtəlif xarici dövlətlər Ermənistana yeni borclar verilməsinə indi böyük ehtiyatla yanaşırlar. Çünki Ermənistan əvvəl aldığı xarici borcların qaytarılmasında böyük çətinliklər yaşayır, eyni zamanda, bu ölkənin həmin borclar əvəzinə verə biləcəyi digər hər hansı resursu yoxdur. Əksər dövlət  müəssisələri isə xarici borc əvəzinə çoxdan əcnəbilərin, əsasən də Rusiya şirkətlərinin əlinə keçib. Yeri gəlmişkən, qeyd edək ki, həmin müəssisələrin çoxu həm də fəaliyyətsizdir və yaxın perspektivdə işə düşmələri gözlənilmir. Ermənistanı qarşıdakı dövr ərzində hələ də ağır günlər gözləyir.İrəvan ya sülh sazişini imzalayaraq dövləti və illərdir sosial-iqtisadi böhran şəraitində çabalayan xalqını bataqlıqdan qurtaracaq, ya da imtina edərək ölkəni daha acınacaqlı duruma, məhvə sürükləyəcək. Bütün bunların fonunda xam xəyallarla yaşayan Ermənistan nəhayət anlamalıdır ki,  Onlar başa düşməlidirlər ki, həm delimitasiya komissiyasının yaradılması, həm sülh müqaviləsinin hazırlanması, həm də kommunikasiyaların açılması təkcə bizim və regionun deyil, onların da xeyrinədir. Bu baş verərsə bölgədə davamlı sülh təmin ediləcək, region dövlətlərinin iqtisadiyyatı güclənəcək, logistika imkanları yaranacaq, Ermənistan isə hazırki təcrid vəziyyətindən xilas olacaq. 

Yaqut Ağaşahqızı, “İki sahil”