24 may 2022 00:35
972

Sirkə nə qədər tünd olsa…

Tənha ada kimi yaşamağın mümkünsüzlüyünü dərk etməli olan işğalçı ölkənin revanşistləri Azərbaycanın səbrinin sonsuzluğunun zərbələrini İkinci Qarabağ müharibəsində gördülər 

Ötən ay Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin, Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli Brüssel görüşündə Azərbaycan –Ermənistan arasında sülh sazişinin imzalanması,  sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı işçi qruplarının yaradılmasında  qurumun göstərdiyi səylər postmünaqişə dövründə münasibətlərin normallaşması prosesinə töhfə olmaqla bölgədə sabitliyin təminatı üçün atılan inamlı addım idi. Cənubi Qafqaz regionundakı vəziyyətin müzakirəsini davam etdirmək və hər iki ölkə ilə Aİ-nin  əlaqələrini inkişaf etdirmək üçün  böyük əhəmiyyətə malik bu görüşün məntiqi nəticəsi bu idi ki, Aİ  Ermənistan ilə  Azərbaycan arasında münasibətlərin normallaşmasında qərarlıdır. «Aİ, həmçinin Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini,  humanitar minatəmizləmə səylərini, o cümlədən ekspert məsləhətinin verilməsi və maliyyə yardımının artırılması, habelə münaqişədən zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işləri yolu ilə dəstəkləməyə davam edəcək» sözləri ilə tərəflər arasında etimad prinsiplərinin gücləndirilməsini Cənubi Qafqazda  davamlı sabitlik üçün önəmli amil adlandıran Şarl Mişel sülh müqaviləsinin hazırlanması ilə bağlı amillərdən də söz açıb: «Sərhədlərinin delimitasiyası və demarkasiyası vacib olacaq. Bu məqsədlə Komissiyasının çağırılması da qərara alınıb. Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq: Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin etmək.»

Bu günlərdə Brüsseldə eyni tərkibdə keçirilən görüşdən əvvəl Aİ Şurasının Prezidenti Şarl Mişellə  Prezident İlham Əliyev arasında baş tutan təkbətək görüşdə  Azərbaycan- Ermənistan   münasibətlərinin normallaşmasında, nəqliyyat dəhlizlərinin açılmasında, sərhədlərin delimitasiyası və demarkasiyası üçün qətiyyət göstərən  dövlət başçımızın səyləri  yüksək qiymətləndirildi.  Söhbət  zamanı iki ölkə  arasında  münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən təqdim olunan və  beynəlxalq hüquqa əsaslanan 5 prinsipin  əhəmiyyəti  diqqətə çatdırıldı.
Keçirilən görüşlərin  nəticələrinə uyğun olaraq Azərbaycanın sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkiblərinin müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu  diqqətə çatdıran Prezident İlham Əliyev, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə əməliyyatlarının davam etdiyini, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyi ilə bağlı məsələləri də diqqətə çatdıraraq bildirdi ki,  qəbul olunmuş bütün bəyanatlarda nəzərdə tutulan öhdəliklərə əməl edən ölkəmizdən fərqli olaraq 10 noyabr 2020-ci il Bəyanatı da daxil olmaqla digər sənədlərdən də irəli gələn vəzifələri yerinə yetirməyən Ermənistan sülh sazişinin imzalanmasında maraqlı olmadığını tərəddüdləri ilə   bildirir. Keçirilən üçtərəfli görüşlərin səmərəsi ilə bağlı açıqlamasında «Bu, bizim bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazda vəziyyət və hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafına, habelə sərhəd regionuna əsas diqqəti yönəltdik. Müzakirə səmimi və məhsuldar oldu, biz bütün məsələləri nəzərdən keçirdik. Bizim humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi və saxlanılanların azad edilməsi ilə bağlı səylərlə əlaqədar ətraflı müzakirəmiz oldu və biz itkin düşmüş insanların taleyinə də toxunduq» söyləyən Aİ Şurasının Prezidenti bildirib ki, sərhəd məsələləri ilə bağlı  komissiyalarının  birgə iclası  yaxın günlərdə baş tutacaq. Şarl Mişel onu da qeyd edib ki, kommunikasiya ilə əlaqədar  nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi  ilə bağlı  razılıq əldə olunub. Azərbaycanın Qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplərlə bağlı müzakirələr aparılıb: «Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər.»

Belə bir inam yaranır ki, yaxın zamanlarda  dövlətlərarası münasibətləri tənzimləyəcək sülh müqaviləsi ilə bağlı  müzakirələrin davam etdirilməsi mümkündür.  Avropa İttifaqı tərəflərlə birlikdə hər iki ölkənin və onların xalqlarının rifahı naminə iqtisadi inkişafı təşviq etməyə çalışan İqtisadi Məşvərət Qrupunun işini inkişaf etdirəcək.

Bu günlərdə ölkəmizdə səfərdə olan Litvanın Prezidenti Gitanas Nauseda ilə birlikdə  mətbuata  verdiyi bəyanatında səfərin strateji əhəmiyyətindən bəhs edən  dövlət başçımız İlham Əliyev Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyətlə bağlı açıqlamasında bildirmişdi ki,  Ermənistan indiyə qədər sülhün, təhlükəsizliyin, sabitliyin bərpası naminə  nəzərdə tutulan öhdəliklərə, sərhədlərin delimitasiyası  və demarkasiyası ilə bağlı şərtlərin yerinə yetirilməsində lənglik göstərir,  Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etsə də, real addımlar atılmır. Aprelin 6-da Brüsseldə keçirilmiş görüş zamanı razılaşdırılmış şərtləri «unudan», işçi qrupunun yaradılması ilə bağlı təklifi qəbul etdiyini bildirsə də,  görüşün vaxtının yaxışlaşdığı müddətdə danışıqlardan imina edən Ermənistan  növbəti dəfə saxtakarlığına sadiq qaldı.

Görünən odur ki,  Ermənistanın bu cür mərkəzdənqaçma hərəkətləri əvvəlinci olmadığı kimi sonuncu da deyil. Artıq tarixin arxivinə göndərilən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  30 ildə aparılan danışıqları bəhanələri, siyasi etikaya sığışmayan əməlləri ilə  kobud şəkildə pozan, bir dövlət kimi təkmil xarici siyasəti olmayan Ermənistan daim başqalarının təhriki, göstərişi ilə  hərəkət edir, Cənubi Qafqazda regional maraqları olanların istəklərinə uyğun addımlar atır, bəhanələri ilə bölgədə sabitliyin təminatına xələl gətirir.

İşğalçı dövlətin daxilində baş verən qarşıdurmalar, keçirilən etiraz aksiyaları baş nazir Nikol Paşinyanın dəstəkçisi Sorosun və onu yönləndirənlərin maraqlarına uyğun tənzimlənir. Təlimatlandırılmış dəstələrin, ölkədəki  müxalifətin, müxtəlif siyasi partiyaların, sabiqlərlə hazırda iqtidarda olanların, yerli ermənilərlə  qondarma artsax separatçılarının fikir ayrılıqlarının məntiqi nəticəsi budur ki, İkinci Qarabağ müharibəsində  təkcə  Paşinyan deyil, bütünlükdə Ermənistan məğlubiyyətə uğrayıb.  Çünki  Ermənistanın mövcud  siyasəti sabiq prezidentlər Robert Koçaryanın, Serjik Sarkisyanın  iqtidarda olduqları dövrdə baş verənlərin  təkrarıdır. Yəni, gündə bir budağa qonan quşun yuvası olmadığı kimi, ermənilər bu gün də siyasətlərini  «dəni ellərdən, suyu göllərdən» prinsipinə uyğun həyat keçririrlər.

ADA Universitetində 23 ölkədən gəlmiş dünyanın 40-dan çox nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən «Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq» adlı konfransda  Azərbaycanın təşəbbüsləri və prioritetlərindən, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin təşəbbüsləri ilə bölgədə yaranan reallıqlardan, sülhə sadiqliyindən bəhs edən Prezident İlham Əliyev Ermənistanın  beynəlxalq hüquq normalarına zidə əməllərindən də  danışmış, bu vəziyyətin uzun zaman davam etməyəcəyini qətiyyətlə bildirmişdir. Bütün dövlətlərlə qarşılıqlı əməkdaşlığın,  dünyada sülhün tərəfdarı olduğunu bildirən Azərbaycanın açıq  və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. «Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir» söyləyən  Prezident İlham Əliyev onu da diqqətə çatdırıb ki,  Ermənistan  regionda təcrid edilmiş ada kimi yaşaya bilməyəcəyini artıq başa düşməlidir. Kapitulyasiya aktını imzalayan, iqtisadi, siyasi böhran burulğanında, məngənəsində boğulan,  sülh sazişinin imzalanmasına daha çox ehtiyacı olan Ermənistan rəhbərliyinin tərəddüdləri,  revanşist qüvvələrin təsiri və təzyiqi, xarici ölkələrin təhriki ilə sülh sazişini əngəlləmək niyyəti  işğalçı dövlətin  bir ölkə kimi  yoxluğu ilə nəticələnə bilər.

Buna görə də  masa üzərində olan  təkliflərlə razılaşmaqdan başqa seçimi  olmayan Ermənistan bilməlidir ki, Azərbaycanın səbri sonsuz deyil. Bu sonsuzluğun verə biləcəyi nəticələri isə Ermənistan daha yaxşı bilir.  Buna görə də reallığı dərk edib sülhə can atması ən çox onun özünə sərf edəcəkdir. Sülh müqaviləsinin imzalanması  ilə Avrasiya regionunda əməkdaşlığın möhkəmlənməsi üçün  yeni imkanlar yaranacaqdır. Fəaliyyətsiz Minsk qrupundan fərqli olaraq Cənubi Qafqazda sabitliyin yaranmasında maraqlı olan və niyyətlərini əməli işi ilə doğruldan Avropa İttifaqının bu missiyanı  üzərinə götürməsi bütünlükdə bölgə dövlətlərinin birliyi üçün də vacibdir.

«Biz Avropa İttifaqını vicdanlı aktor hesab edir və onun səylərini alqışlayırıq. İndi Minsk qrupu mövcud deyil, ona görə düşünürük ki, Avropa İttifaqı normallaşma prosesində öz rolunu oynaya bilər» söyləyən Prezident İlham Əliyevin sözlərində regional münasibətlərin əsl mahiyyəti ehtiva olunub.

Xuraman İsmayılqızı, «İki sahil»