21 may 2022 15:30
716

Azərbaycan-Litva əməkdaşlığının böyük inkişaf perspektivləri var

1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlər dinamik inkişaf etməkdədir. Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər əsasında iki dövlət arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır.

Litva Prezidentinin Azərbaycana səfəri, Azərbaycan-Litva biznes forumunun keçirilməsi iki ölkə arasında əməkdaşlığın mahiyyətini və fəal siyasi dialoqun olduğunu bir daha nümayiş etdirir. Azərbaycan və Litva arasında yalnız ikitərəfli deyil, eyni zamanda BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq və regional təşkilatlar çərşivəsində də əməkdaşlıq mövcuddur. Avropa İttifaqının Şərq tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq edən iki dövlət strateji tərəfdaşa çevrilib.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. Ermənistanın məsuliyyətsiz mövqeyinə baxmayaraq Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirir. Azərbaycan Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna, müxtəlif iqtisadi layihələrin birgə həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

Xarici investorlara Azərbaycanda ilk vaxtlarda neft-qaz sahəsinə sərmayələr qoymaq maraqlı olduğu halda, indi bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerji maraq doğurur. Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasət və əvvəlcədən düşünülmüş qabaqlayıcı tədbirlər sayəsində dövlətimiz öz enerji təhlükəsizliyini təmin edən ölkə olmaqla bərabər Avropa İttifaqı ölkələrinin də enerji təminatçısıdır.

Ölkəmizə birbaşa xarici investisiyaların qoyulmasının bir səbəbi Azərbaycanın coğrafi mövqeyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşməsidirsə, digər səbəb Azərbaycanda sağlam biznes mühitinin mövcud olmasıdır.

Birgə əməkdaşlıq azad olunmuş ərazilərdə yeni infrastruktur layihələrin həyata keçirilməsi zamanı enerji resurslardan səmərəli istifadəyə stimul verir. Azərbaycan-Litva biznes forumu iki dövlət arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri üzrə əməkdaşlığın bu günü və inkişaf perspektivləri istiqamətində mühüm rola malikdir.

Qabil Əliyev,
Füzuli RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri