22 may 2022-ci ildə Brüsseldə keçiriləcək qarşılıqlı maraqlara əsaslanan görüş ölkəmizin bölgədə sülhün təminatına önəmli töhfəsidir
Dövlət müstəqilliyini bərpa etdikdən sonra digər beynəlxalq təşkilatlar kimi Avropa İttifaqı (Aİ) ilə əlaqələrini siyasi, iqtisadi istiqamətlər üzrə uğurla davam etdirən, enerji layihələrinin reallaşmasında, Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin inşasında qitə dövlətləri ilə əməkdaşlığa böyük önəm verən, regionda tranzit mövqeyi möhkəmlənən Azərbaycanın Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəmizin cəlbediciliyini artırır. Azərbaycanın Avropa Qonşuluq Siyasətinə, Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilməsi Aİ ilə Cənubi Qafqazın lider dövləti olan ölkəmizlə əlaqələri aktuallaşdırır. Ölkəmizlə Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanması qitə dövlətlərinin enerji təhlükəsizliyinin gücləndirilməsinə yeni töhfələr verir. Region ölkələrinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsi ilə bağlı əldə olunan razılaşmalar əməkdaşlığın prioritetlərindəndir. Enerji sahəsində ölkəmizin milli qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması, Xəzər dənizi hövzəsindən enerji tədarükü və tranzit sistemlərinin fiziki və texniki təhlükəsizliyinin gücləndirilməsi, enerjiyə qənaət və iqlim dəyişikliyi ilə əlaqədar siyasi, texniki əməkdaşlıq və təcrübə mübadiləsi istiqamətində davam etdirilən danışıqlar Azərbaycanla Aİ arasında vizaların sadələşdirilməsi məsələsini də asanlaşdırır.
2017-ci ilin noyabrında Brüsseldə keçirilən beşinci Şərq Tərəfdaşlığı Sammitində qəbul edilmiş Birgə Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi, Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən ərazi münaqişələrinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması ilə bağlı bəndlərin yer alması Aİ-nin Azərbaycana artan marağının ifadəsi idi. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir. Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə Azərbaycan ilə Aİ arasında «Tərəfdaşlıq prioritetləri»” sənədinin paraflanması, əməkdaşlığın daha da gücləndirilməsi, sənədin müddətinin 2027-ci ilədək uzadılması istiqamətində işlərin davam etdirilməsi, ölkəmizin əlverişli geostrateji mövqeyə malik olması, respublikamızın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfənin beynəlxalq səviyyədə dəstəklənməsidir. Aİ rəsmilərinin qeyd etdikləri kimi, Azərbaycanın enerji ehtiyatlarının Avropa bazarlarına çatdırılması strateji əməkdaşlığın nümunəsidir.
Artıq tarixin arxivinə göndərilən Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 ildə Azərbaycanın ərazi bötövlüyünün toxunulmazlığı ilə bağlı mövqeyini rəsmi bəyanatları ilə bildirən Aİ-nin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesinə qoşulması qurumun ölkəmizə göstərdiyi etimaddır. 2022-ci il martın 30-da Aİ-nin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünün davamı olan, 2022-ci ilin 6 aprel tarixində Brüsseldə Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti görüş tarixi əhəmiyyəti ilə daha çox diqqət çəkdi. Həmin görüşdə əldə olunan razılaşmaya əsasən tərəflər arasında sülh sazişinin imzalanmasının vacibliyi xüsusilə diqqətə çatdırıldı. Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası, sərhəd xətti boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətini təmin edən şərtlərin nəzərdə tutulması Azərbaycanın maraqlarına uyğundur.
Göründüyü kimi, Avropa İttifaqına daxil olan doqquz dövlət ilə strateji əməkdaşlıq öhdəliklərinə sadiq qalan Azərbaycanla Aİ arasında münasibətlər yeni inkişaf səviyyəsinə uyğun davam etdirilir və qarşılıqlı münasibətlər üçün sağlam mühit formalaşıb. Son vaxtlar qitə dövlətlərində yaranan enerji böhranı Avropanın ən etibarlı enerji təchizatçısı olan ölkəmizə marağı daha da artırıb.
Aİ Şurasının Prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmasların artması, Azərbaycan- Ermənistan münasibətlərinin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və ünvanlı, məqsədli danışıqlara başlanılması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımların atılması dünya siyasətinin ən aktual mövzularındandır.
Deyilənlərin məntiqi nəticəsi budur ki, Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir və İkinci Qarabağ müharibəsindəki Zəfərimizi dəstəkləyir. Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olunması naminə göstərdiyi qətiyyət yüksək dəyərləndirilir. Dövlət başçımızın beynəlxalq səviyyədə atdığı siyasi-diplomatik addımları konstruktiv əməkdaşlığa əsaslanan qətiyyət adlandırılır. Yəni, 44 gün davam edən Vətən müharibəsində XXI əsrin döyüş taktikası, hərbi qüdrəti, təcrübəsi ilə supergücləri belə heyrətləndirən Silahlı Qüvvələrimizlə bağlı deyilənlər, beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənən Azərbaycanın bölgədə yaratdığı reallıqların etirafıdır.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının başlıca şərti olan sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təkliflərin, ölkəmiz tərəfindən işğalçı dövlətə ünvanlanan beş baza prinsipinin Aİ tərəfindən dəstəklənməsi Belçika görüşünün əsas mahiyyətini təşkil edirdi. Dövlətlərin biri-birinin suverenliyini , ərazi bütövlüyünü, beynəlxalq səviyyədə qəbul olunmuş qaydalara uyğun, sərhədlərin toxunulmazlığının və siyasi müstəqilliyinin qarşılıqlı şəkildə tanınması, ərazi iddialarının olmamasının təsdiqi, dövlətlərarası münasibətlərdə təhlükəsizliyə xələl gətirməkdən, ərazi bütövlüyünə qarşı gücdən istifadə hallarını ehtiva edən prinsiplər bölgədə sülhün təminatına ən etibarlı qarantdır.
Diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılması, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın yaradılması kimi təkliflərin mahiyyəti budur ki, Ermənistan Qarabağın Azərbaycanın tərkibində olduğunu qəbul etməli, ölkəmizin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır.
«Aİ, həmçinin Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, habelə humanitar minatəmizləmə səylərini, o cümlədən ekspert məsləhətinin verilməsi və maliyyə yardımının artırılması, habelə münaqişədən zərər çəkmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma işləri yolu ilə dəstəkləməyə davam edəcək» söyləyən Şarl Mişel onu da vurğulayıb ki, Aİ İqtisadi və İnvestisiya Planına uyğun və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə kommunikasiya kanallarının inkişafına dəstək verməyə hazırdır. Ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, regional sülhün təminatı üçün göstərdiyi qətiyyət Prezidenti İlham Əliyevin ölkəmizdə qonaq olan litvalı həmkarı Gitanas Nausedanla mətbuata verdikləri birgə bəyanatlarında da diqqətə çatdırıldı.
Litva ilə Azərbaycan arasında illərdən bəri davam edən strateji tərəfdaşlığı yüksək dəyərləndirən prezidentlər açıqlamalarında bildirdilər ki, imzalanan Strateji Tərəfdaşlıq üzrə Bəyannamə ölkələrarası əməkdaşlığın əsl mahyyətini əks etdirir. Dövlətlərarası münasibətlərin əsasını təşkil edən siyasi əlaqələri, müxtəlif məsələlərin həllinə kömək edən dialoqu, konstruktiv və məhsuldar müzakirələri bütünlükdə qitə ölkələri üçün də əhəmiyyətli amil adlandıran Prezident İlham Əliyev işgüzar biznes münasibətlərini də yüksək dəyərləndirdi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın təşəbbüsü ilə bölgədə yaranan reallıqlardan bəhs edən dövlət başçımız postmüharibə dövründə həllini gözləyən vacib amilləri də diqqət çatdırdı. «Əlbəttə ki, biz bu gün Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti də müzakirə etdik. Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Biz, həmçinin gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu seçimi çox müsbət qiymətləndirdilər. Lakin təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilməli deyil. Çünki indi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır» söyləyən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın sülhün təminatına yönələn beş baza prinsipini qəbul etməsi ilə bağlı razılığını bildirsə də, danışıqlardan yayınması, sülh müqaviləsinin imzalanmasına əngəl törətməsi Ermənistanın «mərkəzdən qaçma» ənənəsinin təzahürüdür. Bütün bunlara baxmayaraq mövcud postmünaqişə mühiti sülhün imzalanmasına nikbinliyi artırır. Halbuki, Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. «Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu. Beləliklə, indiyədək, biz Ermənistandan hər hansı yeni tarixləri gözləyirik ki, işə başlayaq. Çünki bu cür məsuliyyətsiz mövqe, əlbəttə ki, narahatlıq doğurur» sözləri ilə Ermənistanın xarici siyasətində, sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev rəsmi İrəvanı Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə keçirilən görüşdə qəbul olunan öhdəlikləri yerinə yetirməyə çağırıb. «Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik. Başqa sözlə, bizdə müəyyən nikbinlik olsa belə, Ermənistan hökumətinin bu cür manevrləri və çox qəribə addımları, əslində, yaranan müəyyən etimadı pozur» söyləməklə Azərbaycanın beynəlxalq hüquq normalarına sadiqliyini diqqətə çatdıran dövlət başçımızın vurğuladığı kimi, 30 ildə Ermənistana qarşı heç bir təzyiqin göstərilməməsi, sanksiyaların tətbiq olunmaması beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, ikili standartlardan qaynaqlanan ədalətsizlikdir. Münaqişənin başlandığı ilk mərhələdə işğalçıya ciddi sanksiyalar tətbiq edilsəydi vəziyyət bu qədər acınacaqlı olmazdı. 30 il ona göstərilən loyal münasibətdən yararlanan Ermənistanın hələ də keçmiş xəyallarla yaşaması sülhə böyük təhlykə yaradır. Amma həqiqət budur ki, torpaqlarını işğaldan öz gücü hesabına azad edən Azərbaycan döyüş meydanında olduğu kimi, danışıqlar masasında da ədalət prinsiplərinə sadiqdir və haqqı olanı əldə edir.
Hazırda Azərbaycanın işğaldan azad edilmiş, xarici qonaqların «Qafqazın Hirosiması» adlandırılan Ağdamda və digər ərazilərimizdə də bərpa-quruculuq işləri sürətlə davam etdirilir.
Azərbaycan Prezidentinin Litvalı həmkarı ilə Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı ilə bağlı geniş müzakirələrin aparıldığı Bakı görüşündə enerji, nəqliyyat təhlükəsizliyi, ticari münasibətlərin intensivləşdirilməsi, Aİ-yə daxil olan ölkələrin enerji təchizatı məsələlərinə də diqqət yetirilib. Bildirilib ki, Avropa ölkələrində enerji resurslarının ixracı, neftin, təbii qazın qiymətlərinin artması ilə bağlı problemlər Aİ-Azərbaycan əməkdaşlığı sayəsində həllini tapacaq. «Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır» söyləyən Prezident İlham Əliyev bildirib ki, münasibətlərin intensivləşməsinə səy göstərən Azərbaycan Litva da daxil olmaqla digər Avropa dövlətləri ilə danışıqların davamında maraqlıdır.
Xuraman İsmayılqızı, «İki sahil»
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir