21 may 2022 03:02
831

Azərbaycan və Litva biznes dairələrinin əməkdaşlığı yeni imkanlar yaradacaq

Azərbaycanın son illər dünya enerji  bazarında çəkısınin və rolunun xeyli dərəcədə artması Avropa dövlətlərinin respublikamızla  sıx əməkdaşlıq etmək marağını daha da gücləndirmişdir. Respublikamızın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol istər fövqəlgüc dövlətləri, istərsə də aparıcı beynəlxalq təşkilatlar tərəfindən birmənalı etiraf olunur. Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını inamla davam etdirən Prezident İlham Əliyevin diplomatik səyləri nəticəsində Azərbaycan bu gün regionda enerji asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir yeganə respublika kimi çıxış edir.

Azərbaycanın dünya birliyində nüfuzunun artması isə beynəlxalq aləmdə yüksək qiymətləndirilən sosial-iqtisadi inkişaf və demokratik dövlət quruculuğu sahəsində əldə etdiyi uğurlardır. Azərbaycanın çevik modernləşmə yolu ilə dünyada ən dinamik inkişaf  edən ölkə imici qazanaraq qlobal maliyyə böhranından minimum itkilərlə çıxması nüfuzlu ekspertlərin diqqətini cəlb etmişdir. Azərbaycanla hər bir sahədə əməkdaşlıq etməyə meylli olan ölkələrin sayının artması nəticəsində ölkəmiz beynəlxalq aləmə sürətlə inteqrasiya edir.

Əməkdaşlığın əsasında isə Azərbaycanın etibarlı tərəfdaş imici formalaşdırması,  iştirak etdiyi bütün layihələrdə öhdəliklərə ciddi yanaşması ilə xarakterizə olunur. Dünya ölkələri ilə istər əməkdaşlıq, qarşılıqlı əlaqələrin qurulmasında həssalıqla ”seçim” prinsipinə üstünlük verən Litva dövlətinin də Azərbaycanla strateji əməkdaşlığının uzun illər davam etməsi məhz bu amildən irəli gəlir. 18 may 2022-ci il tarixində keçirilmiş Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı cənab İlham Əliyev Avropa İttifaqının əsas ticarət tərəfdaşı olan ölkəmizin Litva ilə də uzun illər strateji tərəfdaşlığının digər sahələrdə qarşılıqlı əlaqələr qurmaq üçün zəmin yaratdığını vurğuladı. Cənab Prezident qeyd etdi ki, “açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik. Azərbaycanın rolu mütləq şəkildə artacaq. Çünki bu yaxınlarda nəqliyyat infrastrukturumuzun necə istifadə edilməsi ilə bağlı qonşularımızdan çox sayda yeni təkliflər almışıq. Əlbəttə, əvvəlcə dediyim kimi, bu, Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün çox önəmli olacaqdır”. Ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqələr üçün keçirilən biznes forum yaxşı fürsətlərlə  yanaşı işgüzar dairələrin səylərini əlaqələndirəcək, eyni zamanda, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacaqdır.

Ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri üzrə qarşılıqlı anlaşmalar bir daha göstərdi ki, Azərbaycan biznes mühiti üçün investorlar üçün əlverişli ölkədir. Azərbaycanın həyata keçirdiyi beynəlxalq neft-qaz tranzit xətlərinin, region ölkələrinin Avropa ilə iqtisadi əməkdaşlığına yardımçı olacaq nəqliyyat dəhlizlərinin, kommunikasiya xətlərinin çəkilişi ilə bağlı beynəlxalq şirkətlərin istəkləri və könüllü olaraq iştirak etməsi bunu sübut edir. Öz enrji təhlükəsizliyini tam təmin edən Azərbaycannn iqtisadi inkişaf dinamikası və Avropanın əlavə enerji resursları mənbələrinə olan ehtiyacı ölkəmizə olan maraqları daha da artırır. Donor ölkəyə çevrilən Azərbaycana dünya birliyində marağın artmasının səbəblərindən olan mövcud davamlı iqtisadi inkişafımız Avropa İttifaqı üçün töhfə verən ölkə kimi nüfuzumuzu günü-gündən artırır. İki ölkə arasında bütün münasibətlər qarşılıqlı hörmət və anlaşma prinsipləri əsasında qurulmuşdur.

Loğman Müslümov,
Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini