20 may 2022 22:34
821

Dövlətimizin qüdrəti artıb, əhalinin sosial həyatı yaxşılaşıb

Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün ölkəmizin regionda əsas iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün olmuşdur.

Azərbaycanın iqtisadi inkişaf modeli beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Azərbaycan iqtisadi sferada uğurlarla zəngin bir yolda irəliləyir və artıq özünəməxsus cəhətləri olan inkişaf modelinin əsasını qoyub. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, son bir neçə ildə Azərbaycan ümumi daxili məhsulun artım dinamikasına görə dünya dövlətlərinin lideri statusunu daşıyır. Bunun önəmli səbəblərindən biri də Azərbaycan iqtisadiyyatının inkişafının təkcə enerji sektoru üzərində köklənməyərək digər mühüm sferaları da əhatə etməsidir.

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsul istehsalında xüsusi çəkisinin artması, sahibkarlara yüksək dövlət qayğısı, regionların proporsional inkişafı, aparılan səmərəli islahatlar və bu qəbildən olan digər amillər Azərbaycanda qazanılan uğurların miqyasının genişlənməsinə mühüm töhfələr verir. Bununla yanaşı, iqtisadiyyatda qabaqcıl texnologiyaların tətbiqi, yüksək ixtisaslı kadr hazırlığına yetirilən diqqət, enerji resurslarından digər sahələrin inkişafı üçün istifadə olunması Azərbaycanın qarşıdakı dövr ərzində də sosial-iqtisadi tərəqqidə yeni möhtəşəm nailiyyətlərə imza atacağından xəbər verir. Bu, həm də Azərbaycanın iqtisadi siyasətinin nə dərəcədə dövrün tələblərinə cavab verməsinin bariz göstəricisidir.

Ötən 18 il ərzində Prezident cənab İlham Əliyev Ulu Öndərin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarını möhkəmləndirdi.

Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir. Son 18 ildə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət aldı. Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil artmasının şahidi oldu, iqtisadi inkişafın nəticələrini özünün həyat səviyyəsinin yüksəlməsində hiss etdi.

Son illər ərazində əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir. Bu müddət ərzində Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi gücü və qüdrətinin getdikcə artmasının şahidi olmaqda və iqtisadi sahədə müşahidə edilən mütərəqqi dəyişiklikləri özünün həyat səviyyəsində, rifahında hiss etməkdədirlər.

Hazırda islahatların texnologiyası da təkmilləşməkdədir. İqtisadi siyasətdə çevikliyin təmin edilməsi, struktur dəyişiklikləri ilə institusional islahatların paralel aparılması, konkret hədəflərə və maliyyə mənbəyinə əsaslanan proqramlı idarəetmə bunu bir daha təsdiq edir.

Qürur hissi ilə deyə bilərik ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb, dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların sosial həyat şəraiti yaxşılaşıb.

Mansur Quliyev,
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri