Mədəniyyət paytaxtımızda keçirilən möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanın dünyaya yayılan haqq səsidir
Şuşa dünyaya qucaq açır, tədricən həm yerli, həm də beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkana çevrilir. Şuşada ənənəvi mədəni həyat ötən ilin mayın 12-si və 13-də qala şəhərimizdə keçirilən "Xarıbülbül" festivalı ilə öz axarına düşdü. Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxış etdiyi, xalq və klassik musiqi nümunələrindən ibarət proqramın təqdim olunduğu festivalda xalqımız bir daha bütün dünyaya öz birliyini nümayiş etdirdi. Mədəniyyətimizin paytaxtı Şuşanın səmasında illər əvvəl olduğu kimi, “Qarabağ şikəstəsi” eşidildi. Bununla da illər sonra Cıdır düzündə “Xarıbülbül” festivalına yenidən start verildi. Həmin vaxtdan başlayaraq, Şuşa nüfuzlu qonaqlarını qəbul etməyə başladı və getdikcə tədbirlərin keçirilməsi üçün ən münasib mərkəzə çevrildi.
Ötən ilin 15 iyununda Şuşada Azərbaycan Türkiyə əlaqələri tarixinə daha bir əlamətdar gün yazıldı. Prezident İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşıladı və hər bir azərbaycanlının mənəvi paytaxtı hesab olunan Şuşa şəhərində Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında möhtəşəm Şuşa Bəyannaməsi imzalandı. Azərbaycanın Milli Qurtuluş Günündə, tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair məhz Şuşada imzalanan möhtəşəm Bəyannamə ilə əzəldən var olan münasibətlərimiz daha yüksək zirvəyə ucaldı. Şuşa Bəyannaməsinin imzalanması şəhərin tarixinin ən unudulmaz hadisələrindən biri olmaqla onun adını dünyanın siyasi və diplomatiya tarixinə də həkk etdi.
Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və mənfur erməni qəsbkarlarının işğalçılıq siyasəti nəticəsində yarımçıq qalan mədəni tədbirlərimizdən olan Vaqif Poeziya Günləri də 2021-ci ilin 30 avqustunda yenidən Şuşada keçirildi. İllərdən sonra Qarabağımızda baş tutan ənənəvi şeir bayramı sənətsevərlərin, ümumilikdə Azərbaycan xalqının böyük sevincinə səbəb oldu.
18 sentyabr Milli Musiqi Günümüzü də ötən ilin həmin günündə illərlə arzuladığımız kimi dahi Üzeyir bəyin doğma şəhəri Şuşada, elə dahi bəstəkarın heykəlinin yerləşdiyi parkda təntənəli şəkildə qeyd etdik. Şuşadan səslənən möhtəşəm musiqilərimiz bütün Qarabağa, Azərbaycana, dünyaya səs saldı.
2022-ci ili isə Prezident İlham Əliyev başdan-başa “Şuşa İli” elan edib. Elə bu müstəsna statusa uyğun olaraq ötən ilki kimi, bu il də Şuşa ən mötəbər məclislərə ev sahibliyi edib və daha neçə-neçə təntənəli tədbirlərin keçirilməsinə hazırlaşır. Mədəniyyətimizin paytaxtında gerçəkləşən belə mühüm tədbirlərdən biri isə martın 18-də Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı oldu. Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş bu toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyırdı. Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmüharibə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etmək idi.
Azərbaycan parlamentinin komitə iclaslarının da Şuşada keçirilməsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin möhtəşəm nəticələrindəndir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacib göstəricilərindən biri kimi mühüm siyasi əhəmiyyət kəsb edən bu tədbir həm də illərdir torpaqlarımıza göz dikən işğalçılara böyük zərbə oldu. Çünki erməni mənfurlarının saxta parlament yaratmaq və Şuşada parlament binası tikmək kimi quduz iştahları Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə sayəsində məhv oldu.
Aprelin 22-də isə Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada dünyanın 65 ölkəsindən 400-dən artıq soydaşımızın iştirak etdiyi Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı keçirilib. Sayca 5-ci olan bu fəxarətli Qurultayda azad Qarabağda, azad Şuşada toplaşan həmvətənlərimiz öz sarsılmaz və əbədi həmrəyliklərini bir daha bütün dünyaya, dosta-düşmənə bəyan etdilər.
Azərbaycanın mədəniyyət paytaxtı gün keçdikcə yeni statuslara da sahib olur. Bu gün Şuşa həm də dünyada Qafqazın diplomatiya mərkəzi kimi tanınır. "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" adlı Beynəlxalq Forumun da məhz Qarabağımızın incisi Şuşada təşkil olunması buna bariz nümunədir və onun göstəricisidir ki, Şuşa qlobal əhəmiyyətə malik şəhərdir. Dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici “beyin mərkəzləri”nin ekspertlərinin, tədqiqatçı-alimlərin və media nümayəndələrinin iştirakı beynəlxalq forumun keçirilməsi daha bir əlamətdar hadisə kimi yaddaşlara həkk olundu.
Heydər Əliyev Fondunun və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtında 5-8 may tarixlərində on bir ölkənin nümayəndələrinin və ölkəmizin on bir iqtisadi regionunun mətbəx nümunələrinin nümayiş olunduğu Birinci Beynəlxalq Kulinariya Festivalı keçirildi. Ləziz təamlar bayramına çevrilən Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdirildi. Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim edildi. Həmçinin beynəlxalq tədbirdə Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgiləndi, xalqımızın xalçaçılıq ənənələrinə dair müxtəlif təqdimatlar nümayiş edildi.
Qarabağın – Şuşanın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi tarixi Qələbəmizin xalqımıza bəxş etdiyi ən layiqli töhfəsidir. Bu, bir həqiqətdir ki, Azərbaycanın BMT-yə daxil olmasının 30 illiyi, Dünya Azərbaycanlılarının V Qurultayı, Birinci Beynəlxalq Kulinariya festivalı kimi siyasi, ictimai və mədəni tədbirlərin bu şəhərdə keçirilməsi onun xalqımız üçün müstəsna önəmindən irəli gəlir. Bu ilin martında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi isə göstərir ki, bu şəhər eyni dərəcədə türk dünyası üçün də xüsusi önəm daşıyan bir mədəniyyət ünvanıdır.
Mayın 12-14-də Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Şuşa Şəhər Dövlət Qoruğunun təşkilatçılığı ilə Şuşada keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı sözün əsl mənasında milli birlik, qürur, zəfər, ləyaqət bayramına çevrildi. V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı bütün dünyaya xalqımızın mədəniyyətini, sülhpərvərliyini, millətlərin barış və anlaşma eşqi ilə yaşamaq arzusunu nümayiş etdirir. Bir zamanlar işğalçının xaraba qoyub cinayət yuvasına, zülmətə çevirdiyi əzəli və əbədi Azərbaycan şəhəri Şuşa bu gün dünyaya mədəniyyət işığı saçır.
Beynəlxalq miqyaslı tədbirlərin Şuşada keçirilməsinin digər mühüm əhəmiyyəti həm də ondan ibarətdir ki, dağların sinəsindən, qayaların başından, igid əsgərlərimiz saldığı Zəfər yolundan keçib buraya gələn tədbir iştirakçılar, siyasi xadimlər, media nümayəndələri, diplomatlar keçdikləri bu yollarda illər öncə ermənilərin xaraba qoyduğu yurd yerlərini - viran qalmış evləri, dağıdılıb məhv edilmiş kəndləri, uçurulub yerlə-yeksan edilmiş qədim tikililəri, mədəniyyət abidələrini görüb erməniliyin əsl məzmununu anlamaqla yanaşı, qəhrəman Azərbaycan əsgərinin qüdrətini, yurd, Vətən sevgisini, nəyin uğrunda canlarını fəda etdiklərini duyub, ölkəmizin öz gücü ilə həyata keçirdiyi yenidənqurma, bərpa-quruculuq işləri ilə tanış olurlar.
Bu il Şuşa şəhərinin 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək. Zəfər simvolumuz Şuşa 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" olmaq kimi müstəsna missiyanı da qürurla yerinə yetirəcək.
Qarabağ incisinin özünə qayıdan müasir siması, ecazkar mənzərələri ilə görüşünə gələn qonaqlara qucaq açması heyranlıq yaradır. Çiçəklənən qədim şəhərimiz mühüm beynəlxalq toplantıların keçirildiyi məkan olaraq təkcə Azərbaycanın deyil, Qafqazın mərkəzinə çevrilir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir