19 may 2022 00:28
894

Paşinyan KTMT-dən nə istəyir?

Bu gün Cənubi Qafqazda günün prioritet siyasi mövzusu Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsidir. Qeyd edək ki, bu ilin aprelin 6-da  Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Həmin görüşün nəticəsi olaraq iki ölkənin münasibətlərində müsbət irəliləyişlər nəzərə çarpdı. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşdən sonrakı ümidverici bəyanatı da göstərdi ki, beynəlxalq təşkilatlar da regionda sülhün daha tez bir zamanda bərqərar olunmasının tərəfdarıdırlar. Ermənistanın baş naziri Nikol Paşinyan isə açıq şəkildə bəyan etdi ki, Azərbaycan Prezidentinin sülh sazişinin imzalanması üçün irəli sürdüyü 5 prinsipdən ibarət təklifini qəbul etməyə hazırdılar. Yəni, rəsmi İrəvan danışıqların Azərbaycanın maraqlarına uyğun formatda aparılmasının lehinədir. Bu səbəbdən də Brüssel görüşündə sülh sazişinin imzalanması prosesinə hazırlıq üçün iki ölkənin xarici işlər nazirliklərinə bu istiqamətdə işçi qruplarının yaradılması həvalə edildi. 

Ötən ay isə Prezident İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edərkən bildirdi ki, sülh müqaviləsinin hazırlanması istiqamətində sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibi artıq müəyyənləşib və danışıqlara tam hazırıq. Lakin təəssüflə qeyd etməliyik ki, məhz belə bir vaxtda, yəni, sülh sazişinin imzalanması istiqamətindəki proseslərin müsbət məcrada davam etdiyi zamanda Ermənistan tərəfindən sərhəddə yenə təxribatlar  törədilir. Necə ola bilər ki, bir ölkənin rəhbərliyi sülh sazişinin imzalanmasına razılıq verir, digər tərəfdən bunu əngəlləyəcək çirkin oyunlar oynayır? Bütün bunlar təbii ki, Ermənistanın özünü daha da çətin duruma salır. Çünki Azərbaycan qalib ölkə kimi işğaldan azad edilən torpaqlarımızda həm yenidənqurma işləri aparır, həm də yeni kommunikasiyaların yaradılması istiqamətində mühüm layihələr reallaşdırır. Xüsusən 10 noyabr Bəyanatının müddəalarına uyğun olaraq öhdəliyini yerinə yetirir. Ermənistan isə hələ də bu sənəddə göstərilən öhdəliyi ilə bağlı ciddi addım atmayıb. Bu isə Nikol Paşinyanın siyasi iradəsizliyindən və revanşist qüvvələrdən qorxmasından qaynaqlanır.

Bu gün Ermənistanın baş naziri hətta ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenidən bərpa olunmasını istəyir. Onun xəyalından keçən xam fikirlərə görə, Minsq qrupu bərpa olunsa Qarabağın statusu məsələsi yenidən gündəmə gətirilə bilər. Düzdür, o yaxşı anlayır ki, Azərbaycan bununla heç vaxt razılaşmayacaq. Eyni zamanda, Minsk qrupu artıq bu dəfn edilmiş bir ölüdür. Ölünün xortlaması isə heç vaxt mümkün deyil.

Bu arada xüsusi bir məqamı da diqqətə çatdırmaq lazımdır ki, mayın 16-da Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yubiley sammitində çıxış edən  Nikol Paşinyan özünü gülünc duruma salıb. O, KTMT-yə üzv ölkələrin rəhbərlərinə müraciət edərək onların həm 2020-ci ildəki 44 günlük müharibədə, həm də postmüharibə dövründə Ermənistanı Azərbaycan qarşısında tək qoyduqlarından gileylənib: «Ötən il, elə bu günlərdə Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə müdaxilə etdilər. Ermənistan KTMT-yə müraciət etdi ki, 2010-cu il 10 dekabr tarixli, KTMT-də böhran vəziyyətlərinə reaksiya haqda bəndə uyğun olaraq mexanizmləri işə salsın. Bu sənəd Kollektiv Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib, ancaq təəssüf ki, təşkilatın Ermənistanın gözlədiyi reaksiyanı verdiyini demək olmaz».

Paşinyan hətta daha dərinə gedərək qurum üzvlərini uzun müddət Bakıya silah verməkdə ittiham edib, nəticədə  bu silahların guya Ermənistana və erməni xalqına qarşı istifadə olunduğunu vurğulayıb.  Məhz Nikol Paşinyanın KTMT-dəki müttəfiqlərinə bu yalvarışları  bir dövlət başçısı üçün tam bir rəzillikdir.

Bütün bunlar bir daha göstərir ki, Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə razılaşdığı  sülh müqaviləsindən zorla uzaqlaşdırılır. Yəni, müxalifətin zərərsizləşdirilməsi üçün onun anti-Azərbaycan çıxışları etmək niyyəti də ortadadır.  Bir sözlə, Nikol Paşinyanın ölkəsinin gələcəyi üçün ən ideal varpiant olan Azərbaycanla sülh müqaviləsini imzalamaqda tərəddüd etməsi həm də onun hakimiyyətinin əleyhinə işləyir. Necə deyərlər, artıq Cənubi Qafqazda söz sazibi olan Azərbaycanın qarşısında Ermənistanın nala- mıxa vurmaq limiti bitmişdir. Əgər sülh müqaviləsini imzalamaqdan vaz keçsə bu ölkənin iflası daha da sürətlənmiş olacaq.

Elçin Zaman, «İki sahil»