10 may 2022 17:39
1069

Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir

Ulu Öndər Heydər Əliyev və azərbaycançılıq ideologiyası Milli dövlətə mənsubluq əsrlər boyu hər bir xalqın nəyə qadir olduğunu, şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirmişdir. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan  Ulu Öndər Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini - əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru - müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuşdur.

Ümummilli lider Heydər Əliyev məhz həmin illərdə milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. Əgər ulu öndər Ulu Öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində istər açıq, istərsə də gizli şəraitdə görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğundan danışmaq çətin olardı. Məhz Ulu Öndər Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı.

Ulu Öndər Heydər Əliyev daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Ulu Öndər Heydər Əliyevin fəlsəfi baxışlarına görə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Ulu Öndər Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir. Bu ideologiyanın pozitiv xarakteri həm də bütün dünyaya səpələnmiş 50 milyondan artıq azərbaycanlını vahid ideallar naminə səfərbər etmək qüdrəti ilə müəyyən olunur. Milli-mənəvi, islami-əxlaqi, dünyəvi-humanitar dəyərləri, Şərq və Qərb mədəniyyətlərinin dialoqunu, türkçülük və avropaçılıq meyillərini, tarixi təkamüldə varislik və tərəqqiçiliyi, ünsiyyət birliyini ahəngdar şəkildə ehtiva edən azərbaycançılıq ideologiyası məhz buna görə də müxtəlif coğrafi regionlarda, sosial-siyasi sistemlərdə, mədəni mühitlərdə formalaşmış diasporumuz üçün cəlbedicidir. Azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir.

Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mənəvi mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. O, keçmişlə gələcəyi əlaqələndirir, etnokulturoloji mövcudluğu qoruyur. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda, fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür. Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir. Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideallara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir. Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi isə vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir.

Ümummilli lider Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasını irəli sürməsi, onu milli diasporun təşkilatlanması üçün ideoloji təmələ çevirməsidir. Ümummilli lider xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla çoxsaylı görüşlər keçirmiş, xaricdə yaşayan soydaşlarımızı daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli cəmiyyətlər yaratmağa səsləmişdir. Ulu öndər daim həmvətənlərimizi yaşadıqları ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə, eyni zamanda, Vətənlə - doğma Azərbaycanla sıx əlaqə saxlamağa, bir an da olsun Azərbaycanı təmsil etdiklərini unutmamağa çağırmışdır. Ulu Öndər Heydər Əliyev özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür. Bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə ciddi nailiyyətlər qazanmaq, habelə milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmaq mümkün deyil.

Bu gün artıq Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyevin bu istiqamətdəki siyasəti modernləşmə xəttində sosial dövlət, balanslaşdırılmış xarici siyasət, sabitlik, dayanıqlı iqtisadi inkişaf və yeni təfəkkür tərzinin, yəni mədəni-mənəvi müxtəlifliyin həyat tərzi kimi dövlət səviyyəsində qəbulu, bütün dinlərə qarşı tolerant mühit, hər cür ayrıseçkiliyin aradan qaldırılması və s. bu kimi ideyaların formalaşdırılmasından ibarətdir. Bu standartlar və varislik yolu ilə ta qədimdən müasir dövrədək gəlib çatmış, azərbaycançılıq ideyasından əxz olunaraq, Azərbaycan xalqının milli-mənəvi dəyərləri çərçivəsində bərqərar edilib. Bu kontekstdə Cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi, inkişaf etdirdiyi azərbaycançılıq təlimi özündə varislik və ənənəviliklə vəhdətdə modernliyi də əks etdirir.

Elnarə Mustafayeva,

YAP Yasamal rayon təşkilatının sədr müavini