Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkmiş bu məqsədlə müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalamışdır. Dahi liderin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı və gənclərin formalaşmasında bu nazirlik böyük əhəmiyyət kəsb etdi.
Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda ulu öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir". Təşkil olunan forumlardakı Heydər Əliyevin nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. "Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir", - deyən Ulu Öndər Heydər Əliyevin bu fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.Gənclərin I forumunun keçirildiyi tarix; Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycanda Gəncləri Günü elan edilmişdir.
1999-cu il iyulun 29-da imzalanan “Dövlət gənclər siyasəti haqqında” Fərman müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi.
Ümummilli liderin siyasi kursunu bu gün uğurla davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafında müstəsna xidmətlərə malikdir. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”,-deyən dövlət başçısı tərəfindən ötən müddət ərzində bu istiqamətdə çoxlu sayda Dövlət Proqramları və İnkişaf Strategiyaları qəbul edilmişdir. Prezident cənab İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Ölkə başçısı tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan Dövlət Proqramları nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa nail olmuşlar. Ölkə başçısının gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Prezident Mükafatı elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclərə verilir. Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar cənab Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.
Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.
Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclər bu gün cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır. Gənclər siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir ki, onlar məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilir, qabiliyyət və bacarıqlarını nümayiş etdirir və Partiyamızın Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanımızın qüdrətlənməsinə öz töhfələrini verirlər.
Aynur Quliyeva,
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb