10 may 2022 18:55
736

Uğurlu gənclər siyasəti

Tərgül Əliyeva: Ulu Öndər Heydər Əliyev ölkəmizdə uğurlu gənclər siyasətinin yaradıcısıdır.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə onu təkcə Azərbaycanın iqtisadi ,siyasi problemləri deyil ,həm də dövlətimizin, xalqımızın gələcəyi olan gənclərimizin problemləri, çətinlikləri narahat edirdi. Gənclərin gələcəyi, inkişafı HeydərƏliyevin fəaliyyətində əsas yer tuturdu. O, çalışırdı ki, ölkədə bu istiqamətdə düzgün iş aparılsın. Ümummilli Lider çıxışlarının birində Azərbaycan gəncləri haqqında fikrini belə bildirmişdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Hələ 90-cı illərin əvvəllərində - ölkədə vəziyyətin yaxşı olmadığı bir dövrdə Ulu Öndərin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyinin yaradılması bir daha sübut etdi ki, Ümummilli Liderimiz Heydər Əliyev ölkənin gələcəyində gənclərimizi ön sırada görürdü. Bu mövzuda böyük qürur hissi və əminliklə danışmağımın səbəbi isə budur ki , məhz həmin dövrün gənclərindən biri də mən olmuşam. 1996 cı ildə fevral ayının 2-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Gənclər Forumu keçirildi. Bu Azərbaycan gənclərinin həyatında yeni bir mərhələnin başlanğıcı idi. Bütün gənclər bu günü bayram kimi qeyd edirdik. Bir il sonra isə bu bayram məhz Heydər Əliyevin sərəncamı ilə rəsmiləşdi və 2 fevral Gənclər günü elan edildi. Artıq 25 ildir ki, həmin gün Azərbaycan gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur.

1998 –ci ildə keçirilən idman bayramında Ümummilli Lider öz çıxışında gənclərə belə müraciət etmişdir : “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsinizki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.

Bu sadəcə bir çıxış deyildi. Gənclərə olan qayğı növbəti təsdiqini Ulu Öndərin 1999-cu ildə “Dövlət Gənclər Siyasəti haqqında” imzaladığı fərmanda tapdı. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu həmin fərmana müvafiq olaraq qəbul edilmiş və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalamışdır.

Gənclərimizə verilən yüksək qiymətin nəticəsi olaraq onlarda vətənpərvərlik, xalqına, dövlətinə olan sədaqət hissi daha da artdı. 44 günlük zəfər yürüşümüzün ön cərgələrində gedənlər məhz gənclərimiz idi. Tarixi zəfərimiz digər amillərlə bərabər, həm də Azərbaycanda düzgün gənclər siyasəti aparılmasının nəticəsidir. Bu gün Azərbaycan gənci dövlətə , xalqa arxalandığı kimi, Azərbaycan xalqı , Azərbaycan dövləti də gənclərə böyük ümidlər bəsləyir. Azərbaycanın gələcəyi məhz gənclərə bağlıdır.

Tərgül Əliyeva,  
Füzuli rayon 9 saylı tam orta məktəbin direktoru