Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaratdı. Məhz Ulu Öndərimizin şəxsi səyi nəticəsində dilimizə olan ögey münasibətdə dəyişiklik baş verdi. Ümummilli Lider Heydər Əliyev hər zaman ana dilinə böyük qiymət verdiyini nümayiş etdirirdi. 1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması, demək olar ki, bütün qaranlıqlara işıq saçdı.
Ulu Öndər həm dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə, həm də Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən mətbuatla sıx təması onun iş prinsipinin başlıca istiqamətlərindən biri olub. Bu ondan irəli gəlirdi ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi. 70-80-ci illərdə cəmiyyəti düşündürən, narahat edən bütün problemlər məhz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə bu və ya digər formada mətbuata çıxarılırdı.
Ulu Öndər özu bu barədə deyirdi: "Sovet hakimiyyəti vaxtında bizdə bir mətbuat - kommunist mətbuatı vardı. Mən həmişə bu mətbuatı bizim nöqsanları araşdırmaq, aşkara çıxarmaq istiqamətinə yönəldirdim. Çünki biz işdəki nöqsanların hamısını aşkara çıxara bilmirdik".
Sözsüz ki, mətbuat və televiziyanın qaldırdığı problemlər MK-nın və şəxsən Heydər Əliyevin diqqətindən yayınmırdı. O illərdə "Kommunist", "Bakı", "Azərbaycan gəncləri", "Bakinski raboçi" və digər qəzetlərdə dərc olunan ciddi tənqidi yazıların, demək olar ki, əksəriyyətinə birbaşa Mərkəzi Komitə səviyyəsində dərhal reaksiya verilirdi.
Heydər Əliyev sovet dönəmində olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar Ulu Öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.
Mətbuat nümayəndələri Ulu Öndəri ölkə başçısı olmaqla yanaşı, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi. Bunun nəticəsi idi ki, 2003-cü ildə Ümummilli Liderimiz Heydər Əliyev Çingiz Mustafayev Fondu tərəfindən “Jurnalistlərin dostu” adına layiq görüldü.
Bu gün müstəqil Azərbaycan dövləti əsası Ümmumilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır.
Mətbuatın inkişafına dövlət qayğısının göstərilməsi bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb.
Bayram Niftəliyev,
"Qayıdış" qəzetinin baş redaktoru
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb