10 may 2022 20:45
536

Ulu Öndərin xatirəsi xalqın qəlbində əbədi yaşayacaq

Elə bir insan yoxdur ki, həyatında əlamətdar gün, hadisə olmasın. Bu gün, hər bir insanın fərdi taleyi, ən yaxşı halda isə yaxınlarının maraq dairəsini əhatə edə bilər. Ancaq elə insanlar var ki, onların həyatı ilə bağlı olan hadisələr məhdud çərçivəni yox, geniş ictimaiyyətin, minlərin, hətta milyonların taleyini müəyyən edir. Çünki, bizlərdən – sadə insanlardan fərqli olaraq onlar tarix yazan, bir millətin və ya bəşəriyyətin taleyində müstəsna rolu olan insanlardır.

Millətin milli məfkurəsinin, milli özünüdərkinin formalaşmasında, təşəkkül tapmasında sözsüz ki, qələm sahiblərinin, mütəfəkkirlərin rolu az deyil. Ancaq tarix sübut edir ki, “axına qarşı üzmək”lə xarakterizə edilən bu fədakarlıq növü, əksər hallarda tozlu rəflərdə, kağız üzərində qalmağa məhkum olur. Yalnız axına qarşı üzməyi bacaran, nəzəriyyəni praktikaya çevirməyə qadir olan tarixi şəxsiyyət peyda olduqda bu ideyaların, arzuların həyata keçmək ehtimalı artır.

Azərbaycan uzun illər müxtəlif dövlətlərin əsarəti altında olub. Əsarət altında olan, müstəmləkə olan dövlətdə isə milli məfkurədən, milli ideologiya, milli mənlik, ədəbi dil kimi məfhumlardan danışmaq utopiyadır.

Paradoksal haldır ki, Azərbaycan xalqının milli yüksəliş və milli intibah dövrü, millət kimi formalaşma prosesi, məhz belə qadağalar dövründə - ötən əsrin 70-ci illərində başlayıb. Məhz “axına qarşı üzməyi” bacaran rəhbərin ölkəyə rəhbərlik etməsindən sonra başlayıb. Məhz onun həyata keçirdiyi milli siyasətin - milli mədəniyyətimizi, milli şüurun oyanışını tərənnüm etmiş və repressiyaya uğramış ziyalıların - şair və yazıçıların, onların əsərlərinin reabilitasiyası yolu ilə. Milli adət-ənənələrimizin, azərbaycan ədəbi dilinin rəhbərin şəxsi nümunəsində istifadəsi və bu dilə dövlət dili statusu verilməsi yolu ilə. Bu gün iftixarla, qürur hissi ilə mədh etdiyimiz, ölkəmizə, xalqımıza fərəh və sevinc bəxş etmiş milli hərbi kadrlarımızın hazırlanması üçün tədris ocaqlarının yaradılması yolu ilə. Bir sözlə milli özünüdərkin daşıyıcısı olan bütün ünsürlərin təməllərinin qoyulması yolu ilə. Əgər bu gün Azərbaycan milləti, mədəniyyəti deyilən bir şey, bir nəsnə varsa, əsasən həmin dövrdə həyata keçirilən siyasətin nəticəsidir.

Ümumilli liderimizin “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır” kimi fikirləri onun daxili aləmini, məfkurəsini və fəaliyyətini təsdiq edən fikirlərdir.

Tarixdə çox az şəxsiyyət olub ki, öz ölkəsinin, öz xalqının tarixinə ikinci dəfə xilaskar missiyası ilə dönmüş olsun.

Qədim Romanın tarixində, təxminən e.ə. 500-cü illərdə Tsinçinnat adlı istedadlı bir sərkərdə olub. O heç bir dövlət vəzifəsi tutmayıb və öz kəndində sadə həyat tərzi yaşayıb, təsərrüfatla məşğul olub. Lakin nə vaxt Romanın başının üstünü təhlükə alıbsa, Senat ona müraciət edib, onu hakimiyyətə dəvət edib və o da təhlükəni sovuşdurduqdan sonra yenidən öz sadə həyatına qayıdıb. Roma tarixi məşhur şəxsiyyətlərlə zəngindir, lakin Tsinsinnatın bu tarixdə özünəməxsus, heç kəsə bənzəməyən xüsusi yeri var və o Roma tarixinin yeganə təmsilçisidir ki, bu gün biri İtaliyada, ikisi isə Amerikada olmaqla 3 şəhər – Tsinsinnatti şəhərləri onun adını daşıyır.

Digər böyük şəxsiyyət – artıq nisbətən yeni tarixin təmsilçisi, Fransanı 2-ci dünya müharibəsinin külləri altından çıxararaq dövlət qurmuş – 5-ci respublikanın banisi general Şarl de Qolldur.

Müəyyən zaman kəsiyindən sonra fransızlar – yumşaq desək – de Qollun xidmətlərinə daha ehtiyac duymur və onun yerində yeni nəslin siyasətçilərini görmək fikrinə düşür. Lakin çox keçmir ki, dövlət tənəzzül etməyə, xaos, anarxiya girdabına girməyə başlayır və xalqın irəlidə gedən insanları, ziyalıları çarəni – de Qollu yenidən hakimiyyətə dəvət etməkdə görür.

İftixar edici haldır bizim xalqımız da – xalqın ziyalıları - dünyanın ən köklü, zəngin tarixə malik xalqlarının nümunəsini təkrar etdi - ən kritik məqamda - ən doğru qərar qəbul edərək üzünü öz xilaskarına çevirdi.

Şərqin böyük mütəfəkkiri C. Rumi şəxsiyyətlərin böyüklüyünə işarə edərək deyirdi; “Öləndə dahiləri torpaqlarda axtarmayın. Onların məzarı aqil və qədirbilən insanların qəlbindədir”.

Heydər Əliyev kimi şəxsiyyətlər qədirbilən insanların qəlbində həmişə yaşayıb, yaşayır və yaşayacaq.

Mirsüleyman Mirxaslı,
YAP Cəlilabad rayon təşkilatının sədri