İllər öncə idi… Oxuduğumuz məktəbdən gəlib bir neçə yaxşı intonasiya qabiliyyəti, rəqs bacarığı olan aşağı sinif şagirdlərini apardılar ki, “Heydər baba” gələcək, onun qarşısında çıxış edəcəksiniz. Günlərlə, saatlarla məşq etdik. Xatirimdədir ki, Zəlimxan Yaqubun “Sən qalib gələcəksən” şeirini əzbərləmişdim çıxış üçün. 6 yaşlı birinci sinif şagirdi sadəcə adını eşidib, televiziya kanallarından gördüyü Heydər babasını bu dəfə yaxından görəcək, qabiliyyətini nümayiş etdirəcəkdi… Həyəcanımı indi də çox yaxşı xatırlayıram. Səhər saatlarından yığıldıq “Heydər Parkı”na , yenə gərgin məşqlər davam edirdi ki, hər şey mükəmməl və qüsursuz olsun. Saatlar keçirdi, deyəsən gecikirdi “babamız” tədbirimizə. Vaxt ötür, mən isə yorulurdum gözləməkdən. Birdən hər kəs təlaşlanmağa başladı… “Tez olun! Tez olun! Gəlir!” İşləri çox olduğu və yenə tələsdiyi üçün çox qısa müddətlik tədbirimizdə iştirak edəcəkdi və necə oldusa parkda bizim dayandığımız yerin qarşısından keçməyə imkanı olmadı. O ankı təəssüf hissi ilə qəhər məni o qədər boğdu ki, ağlamağa başladım. Ağlaya - ağlaya mikrofonu uzatdılar mənə ki, eybi yox uzaqdan da olsa şeirini söylə. Göz yaşlarımla yüksək səslə şeirimi deməyə başladım… “Baxma meydanda təksən, Sən qalib gələcəksən, sən qalib gələcəksən!”… Bu, misranı dediyim zaman Heydər Əliyev arxaya çevrildi və uzaqdan gülümsəyərək bizə salam verdi. Dərhal gözlərimdəki yaş yerini sevincə və eyni zamanda təəccübə buraxdı. Axı o qədər insanın içərisindən necə məni eşitdi? Axı mən Onu görmüşdüm, mənə gülümsədi… Bu gün də Ulu Öndərin adı çəkiləndə nədənsə həmişə yaddaşıma əbədi həkk olunmuş o gülümsəməsini xatırlayıram…
Altı yaşımdakı kiçicik xatirə Heydər Əliyev haqqında düşüncələrimi formalaşdırdı. Onun həyat yolu, siyasi fəaliyyəti hər kəsə bəllidir. Bunun haqqında çox yazılar yazılıb, çox sözlər deyilib. Ulu Öndər Heydər Əliyev haqqında oxuduqca, öyrəndikcə anlamağa başladım ki, O, həqiqətən zamanın tarixə bəxş etdiyi böyük şəxsiyyət, Tanrının Azərbaycan xalqına göndərdiyi təkrarsız Lider olub. Ölkənin keçdiyi ən ağır dönəmdə, qeyri-sabit siyasi vəziyyətdə, torpaqlarının 20 faizi mənfur qonşuları tərəfindən işğal olunan, dövlət müstəqilliyini yenicə bərpa edən, iqtisadiyyatın gərgin, ordusunun vəziyyəti ağır olan bir ölkənin sükanını ələ almaq, ona rəhbərlik etmək, hər sahəyə zərgər dəqiqliyi ilə diqqət yetirərək, dövləti qurmaq, ayağa qaldırmaq yalnız Onun kimi müdrik insanın öhdəsindən gələ biləcəyi bir iş ola bilərdi. Böyüdükcə, o zamanlar başa düşmədiyim məqamları indi dərk edirəm və ona təccüblənirəm ki, axı bir insan bu qədər böyük yükün altında ola-ola necə xalqına tam sahib çıxa bilir, kiçikdən böyüyə hər kəsə, hər bir vətəndaşa əlindən gələn qayğını göstərir, hər sahə ilə bu dərəcədə yaxından maraqlanır? İndi anlayıram ki, bütün bunların təməlində Ulu Öndərin qəlbində yaşatdığı və heç zaman bitməyən Azərbaycan, xalq sevgisi dayanırdı.
Bu gün biz müasir müstəqil və regionun ən güclü, qüdrətli dövləti olan Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Bunu qürurla deyə bilirik. Azərbaycanın bugünkü inkişaf mərhələsinə çıxmasını şərtləndirən əsas amil tarixin həlledici məqamında ölkədə və dünyada baş verən mürəkkəb proseslərin mahiyyətini dəqiq qiymətləndirməyi və bu prosesləri milli mənafelərin tələb etdiyi aydın bir istiqamətə yönəltməyi bacaran Heydər Əliyev kimi siyasi liderin mövcudluğu olub.
1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı hazırkı yerinin müqayisəsi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısında xidmətlərinin miqyasını və xalqımızın təhtəlşüurunda özünə dərin iz buraxmış dahi obrazını daha aydın görməyə imkan yaradır. Ümummili Lider dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı, Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi və SSRİ-nin süqutu nəticəsində dağılan geosiyasi konfiqurasiyada hələ formalaşmamış bir dövləti düşdüyü fəlakətli vəziyyətdən çıxarmağa müvəffəq oldu.
Ulu öndər Heydər Əliyevin tariximizdə son dərəcə böyük dəyər kəsb edən xidmətlərindən biri də onun yalnız milli inkişaf strategiyasını həyata keçirməklə kifayətlənməməsi, siyasi-ideoloji varisliyin qorunub saxlanılması oldu. Prezident İlham Əliyev Ulu Öndərin milli dövlət quruculuğu strategiyasını çağdaş dövrün yeni reallıqlarından qaynaqlanan, qloballaşan dünyanın mürəkkəb iqtisadi və siyasi şərtlərini nəzərə alan, çoxqütblü nizama keçidin özü ilə gətirdiyi mənfi təzahürləri neytrallaşdırmağa əsas verən ideyalarla zənginləşdirdi və müstəqil, düşünülmüş və prinsipial siyasət yürütdü.
Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi strategiya nəticəsində Azərbaycan qısa müddətdə yüksək nailiyyətlərə imza atdı. Durmadan yüksələn iqtisadi inkişaf, həyata keçirilən islahatlar, beynəlxalq əməkdaşlıqlar, ölkəmizə yatırılan investisiyalar, qlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu artırdı. Bu cür mühüm işlərlə dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsait ildən-ilə artmağa başladı. Bütün bu düşünülmüş və məntiqli siyasətin nəticəsi idi ki, Azərbaycan 30 il sonra öz məsələsini özü həll etdi, Qarabağı öz həqiqi sahiblərinə qaytarmağı bacardı. Hərb meydanında Ermənistana və onun havadarlarına verdiyimiz dərsi diplomatiya sahəsində də davam etdirdik.
Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması bir hədəfə - Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasına və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə istiqamətlənmişdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər mahiyyət etibarilə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfər xalqımızı, dövlətçiliyimizi məhv olmaqdan xilas edərək sabit inkişaf yoluna çıxaran ümummilli lider Heydər Əliyevin güclü, müstəqil, suveren Azərbaycan naminə başladığı və Prezident İlham Əliyevin müvəffəqiyyətlə başa çatdırdığı milli inkişafımızın taleyüklü, şanlı bir mərhələsidir. 44 günlük Vətən müharibəsi əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətlərimizdən biridir.
Bütün bunların fonunda bu gün bir daha ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevi dərin hörmət və ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ulu Öndər, ruhunuz şad olsun! Bu gün bizlərə əmanət etdiyiniz Azərbaycan cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Sizin görmək istədiyiniz kimi azad və suverendir. Şuşada qürurla dalğalanan milli bayrağımız, dövlətimiz, müstəqilliyimiz, suverenliyimiz, dünya xalqları arasında öz layiqli yerimizi tutmaq naminə apardığımız 30 illik mücadilənin qürur doğuran bəhrəsi və məntiqi nəticəsidir.
Nilufər Mustafaqızı, “İki sahil”
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb