05 may 2022 23:04
999

Cənubi Qafqaz dünya birliyinə yeni keyfiyyətlə inteqrasiya edəcək

ADA Universitetində «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» mövzusunda keçirilən konfransın bu il «Beynəlxalq Şuşa Forumu» adı ilə təşkili Azərbaycanın regionda yaratdığı reallıqların dünya ictimaiyyətinə çatdırılmasıdır

Bu günlərdə ADA Universitetində keçirilən, 23 ölkəni təmsil edən 40-dan artıq tanınmış beynəlxalq ekspertlərin, beyin mərkəzləri nümayəndələrinin iştirak etdikləri «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» adlı konfransda regional sülh, təhlükəsizliyin təminatı və inkişaf məsələləri barədə məsələlərin müzakirəsi, ölkəmizin bölgədə yaratdığı reallıqların dünya siyasətinə müsbət təsirinin yüksək dəyərləndirilməsi Azərbaycanın xarici siyasətinin daha bir uğurudur.

Diqqətçəkən məqam isə verilən sualların, edilən çıxışların əsasında işğaldan azad olunmuş Azərbaycan torpaqlarında aparılan quruculuq işlərinin Prezident İlham Əliyevin «Qarabağ dünyanın ən çiçəklənən və dinc bölgəsinə çevrilməlidir!» tövsiyəsi əsasında davam etməsi oldu. Konfrans iştirakçılarının erməni vandallarının viran qoyduqları ərazilərə, Şuşaya səfərlərindən, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa –quruculuq işləri ilə tanışlığından sonra təəssüratlarını bölüşmələri Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, dağıntılar törədən Ermənistanı dəstəkləyən, ölkəmizə münasibətdə ikili standartlar tətbiq edən dairələrə respublikamızın siyasi, iqtisadi, hərbi qüdrətinin, davamlı inkişafının, xalqımızın birlik və həmrəyliyinin sarsılmazlıq mesajı idi.

Bütün səviyyələrdə təşkil olunan tədbirlərdə məntiqli, beynəlxalq hüquq normalarına əsaslanan çıxışları ilə diqqəti cəlb edən Prezident İlham Əliyevin «Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq» adlı konfransın iştirakçılarının suallarına cavabları, siyasi hadisələrə təhlili yanaşmasıı dövlət başçımızın liderlik fəlsəfəsinin, siyasi hazırlığının nəticəsi idi. Bu cür tədbirlərin işğaldan azad edilmiş ərazilərdə, növbəti dəfə Laçında keçirilməsi ilə bağlı təklifin dəstəklənməsi torpaqlarımızın işğal altında qaldığı illərdə erməni vandalizmi və barbarlığı ilə əyani tanışlıq baxımından yaranan imkandır. İsveç, Birləşmiş Krallıq, Türkiyə, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Ruminiya, Pakistan və daha bir neçə ölkənin beyin mərkəzlərini təmsil edən siyasətçilərin, politoloqların iştirakı ilə keçirilən tədbirdə dövlət başçımızın səsləndirdiyi fikirlər müxtəlif istiqamətləri əhatə etsə də, mahiyyət etibarilə vahid və konseptual bir siyasi platformanın tərkib hissəsi kimi maraqla qarşılandı.

Hazırda beynəlxalq ictimaiyyətin diqqətində olan əsas məsələ bölgədə sabitliyin tam təminatı üçün Azərbaycanın Ermənistana ünvanladığı beş təkliflə bağlı müzakirələrin, danışıqların nəticəsidir. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı rayonlarda qeyri-qanuni məskunlaşma proqramını beynəlxalq konvensiyaların şərtlərinin kobud şəkildə pozulması adlandıran dövlət başçımız məsələyə münasibətini Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, Qafqazda sülh və əməkdaşlıq erasının başlanması istiqamətində mövcud vəziyyəti əks etdirən açıqlaması ilə bildirdi. «Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət razılıq verib. Fikrimcə, bunlar son hadisələrin mühüm təzahürüdür və onlar, həmçinin göstərir ki, hazırda, İkinci Qarabağ müharibəsindən ilyarım keçdikdən sonra Ermənistan rəhbərliyi və ümid edirəm ki, onun əhalisi sülhün zəruriliyini anlayır. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq». Qafqazda sülh gündəliyini təşviq edən və bütün təşəbbüsləri əlində olan Azərbaycanın niyyəti, məqsədi də dəyişilməzdir: Qafqazda sülhə töhfə vermək, Qarabağı yenidən qurmaq, bölgədə 3+3 formatının həllinə nail olmaq. Çünki Azərbaycan ilə Ermənistan arasında yaranacaq münasibətlər regional əməkdaşlığın ən vacib elementləri kimi bütövlükdə Cənubi Qafqazda sabitliyin qarantıdır.

Hazırda Azərbaycanla Gürcüstan arasında ikitərəfli və beynəlxalq səviyyədə sıx əməkdaşlıq mövcuddur. Cənubi Qafqazın üçüncü ölkəsi olan Ermənistan rəsmiləri anlamalıdırlar ki, onlar bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməzlər. Onlar işğalçılıq siyasətlərindən, qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkməli, bölgədə siyasi sabitliyin normallaşması naminə revanşist çağırışlara son qoymalıdırlar. «Biz gələcəyə baxmalıyıq və Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq, eləcə də ümumi rifah məkanı olmalıdır. Bu halda, Ermənistanın siyasəti heç bir məntiqə sığmır. Ola bilsin, onlara bir az vaxt lazımdır. Bəlkə də onlar öz fikirləri əsasında ola biləcək riskləri qiymətləndirməlidirlər. Lakin hesab edirəm ki, bu, qaçılmazdır. Biz hazırıq. Gürcü həmkarlarımız da hazırdır. Fikrimcə, bu, birinci addım ola bilərdi» sözləri ilə Ermənistanı regional inkişafın bir hissəsi olmağa çağıran Prezident İlham Əliyev qonşu dövlət kimi onları Azərbaycanın təşəbbüsləri ilə reallaşan qlobal enerji və nəqliyyat, yükdaşımalar dəhlizlərindən istifadə etməklə iqtisadiyyatlarını inkişaf etdirmək imkanlarını xatırlatdı. Son günlərdə Ermənistanın sülh gündəliyini elan etməsi, regionda yeni reallıqlara və beynəlxalq hüquqa əsaslanan bəyanatlar səsləndirməsi Cənubi Qafqazın sabitlik məkanına çevrilməsi ümidlərini artırır. Bütün dünya ictimaiyyəti aydın dərk edir ki, müsbət meyilləri dəstəkləyən Azərbaycan uzun sürən müharibələrin, işğalların və dağıdıcılığın əleyhinədir.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculq işlərini ləngidən minatəmizləmə məsələsi ilə bağlı açıqlamalar, bu sahədə çoxillik təcrübəyə malik heç bir qeyri-hökumət təşkilatı və ya qurum tərəfindən Azərbaycana dəstək göstərilməməsi ilə bağlı deylənlər də diqqəti cəlb etdi. Konfransda 2020-ci il noyabrında 10-da imzalanan üçtərəfli Bəyanatdan sonra Azərbaycanın Kəlbəcərdə qeyri-qanuni məskunlaşa ermənilərə verdiyi humanitar müddətdən belə xain məqsədlər üçün istifadə edən işğalçıların şəhərin ərazisində xeyli mina basdırmaları ilə bağlı həqiqətlərin səslənməsi faşizm siyasətinə sadiq erməni alçaqlığının dünya ictimaiyyətinə çatdırılması idi.

Konfrans iştirakçısı, Amerika Birləşmiş Ştatları Ali Hərbi Dəniz Donanma Məktəbinin müəllimi, professor Brenda Şaferin bu məsələyə toxunması, ermənilərin Azərbaycan Ordusunun əsgərlərinin cəsədləri altına minalar yerləşdirilməsi ilə bağlı açıqlaması misli görünməmiş erməni vəhşiliyinin beynəlxalq səviyyədə lənətlənməsi idi. «Ancaq bizə heç kəs yardım etmir. Azad olunmuş ərazilərdə görülən bütün işlər Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Heç bir ölkədən və ya beynəlxalq təşkilatdan bir dollar belə almamışıq. Əlbəttə ki, bu, ədalətsizlikdir. Bu, ikili standartlardır, ancaq nə etmək olar. Bu, bizim yaşadığımız dünyadır. Bununla belə, kiminsə bizə yardım edib-etməməsindən asılı olmayaraq biz bütün əraziləri təmizləyəcəyik, əlbəttə, bu, daha çox vaxt aparacaq. Biz keçmiş məcburi köçkünlərin hamısını geri qaytaracağıq və Qarabağı dünyaya nümunə olacaq şəkildə yenidən quracağıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, dünya bu reallıqlara göz yumsa da, işğalçını öz adı ilə çağırmaqdan yayınsa da, Azərbaycan bərpa-quruculuq işlərini öz gücü, maliyyə imkanları ilə davam etdirəcək, xalqımızın birlik və həmrəyliyi ilə Qarabağın əzəmətli günləri geri qaytarılacaq.

 Konfransda Azərbaycanın mədəni irsini vəhşicəsinə dağıdan Ermənistanın işğalı altında saxladığı torpaqlarımızda törətdiyi vandalizm nəticəsində dağıdılmış tarixi abidələrin, müqəddəs ziyarətgahların bərpası ilə bağlı açıqlamalar da maraqla dinlənildi. Bildirildi ki, bu günədək erməni vəhşiliyinə münasibət bildirməyən UNESCO səssizliyinə son qoymalıdır. «Qeyd etmək istəyirəm otuz ildir ki, biz UNESCO-dan işğal olunmuş ərazilərə gəlməyi və şahid olduqlarını bildirməyi xahiş edirdik. Onlar həmişə imtina edirdilər. İkinci Qarabağ müharibəsindən bir il və ya ola bilsin bir il yarım əvvəl bizim ovaxtkı xarici işlər naziri UNESCO-da idi və bu sualı onlara vermişdi. Cavab isə belə oldu ki, UNESCO siyasi məsələlərlə məşğul olmur» söyləyən Prezident İlham Əliyev bildirdi ki, bütün xalqların mədəni irsini, sərvətini qorumaq kimi məsuliyyətli vəzifəsini unudan təşkilat xalqlara ikili standartlardan yanaşma prinsipindən əl çəkməldir. Tolerant, multikultural dəyərlərə daim sadiq qalan Azərbaycan dinindən, dilindən, hansı irqə mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının bir ailənin üzvü kimi yaşadığı ölkədir. Zərdüştlük məbədi, məscid, katolik kilsəsi, pravoslav kilsəsi, erməni kilsəsi və sinaqoq bütünlükdə Azərbaycan xalqının milli irsi kimi qorunub saxlanılır. Yəni, tarixə manipulyasiya edilməməlidir.

Danılmaz faktdır ki, regiondakı vəziyyət dünyadakı vəziyyətlə sıx bağlıdır. Qarşıdakı illərdə daha da güclənəcək Azərbaycan, o cümlədən Cənubi Qafqaz regionu dünya birliyinə yeni keyfiyyətlə inteqrasiya edəcək və üç Cənubi Qafqaz ölkəsi arasında sıx əməkdaşlıq yaranacaq. Bunun üçün imkanlar mövcuddur. Xəzər dənizi mədəniyyətlər və iqtisadiyyatlar arasında əməkdaşlıq rolunu davam etdirəcək. Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizi sülh və əməkdaşlıq dəhlizi olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»