05 may 2022 19:42
1083

Tarixi missiya: Dünya Azərbaycanlılarını Zəfər Qurultayına aparan yol

Müasir Azərbaycan dövləti dinamik inkişaf dövrünü yaşayır. Vətən müharibəsində qazandığımız şanlı Qələbə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının birlik və tükənməzlik rəmzinə çevrildi. Zəfərimizin təməlində ümummilli lider Heydər Əliyevin müdrik inkişaf strategiyasının zəngin irsinin nəticələri öz əksini tapmışdır.

2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında tarixi Zəfər mü­nasibətilə xalqa müraciət edən Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir: “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!”.  Qarabağın, Şuşanın və digər işğal olunmuş torpaqlarımızın azad olun­ması ulu öndər Heydər Əliyevin öz siyasi varisinə tarixi vəsiy­yəti idi. Bu vəsiyyətin yerinə yetirilməsi siyasi varisin tarix qarşısında ən böyük missiyalarından biri idi.

Azərbaycan dövlətinin inkişafında əsas ideologiyanın azərbaycançılıq olduğunu bəyan edən ulu öndər Heydər Əliyev, onu dövlət siyasətinə çevirmişdir. Azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin təşəkkülü baxımından da əvəzsiz tarixi əhəmiyyətə malik olmuş, xaricdə yaşayan həmvətənlərimizin Azərbaycan naminə təşkilatlanmasında mühüm rol oynamaqdadır. Bu məqsədlə dövlət səviyyəsində aparılan siyasət və həyata keçirilən fəaliyyət mühüm əhəmiyyət kəsb edir.

Xaricdə yaşayan həmvətənlərimizin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində atılan mühüm addımlardan biri olan dünya azərbaycanlılarının qurultayları sistematik xarakter almaqla mühüm inkişaf mərhələlərini keçmişdir. 2001-ci ildən etibarən keçirilən bu qurultaylar yalnız xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının əlaqələndirilməsi kontekstində deyil, eləcə də ölkəmizin inkişafının müxtəlif mərhələlərində soydaşlarımızın potensialının milli dəyərlərimizin qorunması və təbliği işində də səfərbər edilməsi xarakteri daşıyır. Bu fəaliyyət, təbii ki, həm ölkəmizin davamlı inkişafı prosesində, həm də dünyanın istənilən nöqtəsində haqq səsimizin təmsilçiliyinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

Dünya azərbaycanlılarının əlaqələndirilməsi fəaliyyətinin müzakirə platformasını təşkil edən, 2001-ci ildən etibarən beş dəfə toplaşmış Dünya azərbaycanlılarının Qurultaylarını xarakterinə və təsadüf etdiyi tarixi reallıqların xüsusiyyətinə görə aşağıdakı şərti mərhələlər çərçivəsində də təhlil etmək təklif olunur.

Dünya azərbaycanlılarının əlaqələndirilməsinin təşkili dövrü

Bu dövr 1990-cı illərin ilk yarısında ərazisinin 20%-ni itirmiş, iqtisadiyyatı zəifləmiş, beynəlxalq aləmdə etibarlı mövqe qazanmaq imkanından məhrum edilmiş, dövlətçiliyinin qorunması məsələsi sual altında qalmış bir ölkənin bütün daxili və xarici resurslardan istifadə edərək öz milli kimliyini qorumaq və milli-dövlətini inkişaf etdirmək kimi reallıqlarla üz-üzə qaldığı dövr idi. 1993-cü ildən etibarən milli dövlətin sütunlarının möhkəmləndirilməsi istiqamətində aparılan siyasətin kökündə duran mühüm addımlardan biri milli ideologiyanın, azərbaycançılıq məfkurəsinin qoyulması ulu öndər Heydər Əliyevin ən mühüm tarixi missiyalarından idi. Məhz azərbaycançılıq ideyası ətrafında birləşmiş xalq Ermənistanın Azərbaycana təcavüzünün yaratdığı ağır nəticələr dövründə öz dövlətçiliyini qoruya bildi. Azərbaycanın haqq səsinin yüksəldilməsində xaricdə yaşayan həmvətənlərimizin oynayacağı rolu yüksək qiymətləndirən Ulu Öndər onların sovet dövründə müxtəlif basqı və qorxu altında doğma vətənlə itirilmiş əlaqələrinin bərpası üçün mühüm addımlar atdı. Bu xüsusda Dünya Azərbaycanlılarının Birinci Qurultayı mühüm platformalardan birinə çevrildi. Birinci qurultayın özəlliyi ilk növbədə təşkilatlanma və diasporların gücləndirilməsi üçün kordinasiya və müzakirə xarakteri daşıyır, sonrakı addımlar üçün siyasət mesajı rolunu oynayırdı. Diaspor təşkilatlarının formalaşmasına və inkişafına, ayrı-ayrı ölkələrdəki azərbaycanlı icmaların fəaliyyətinin əlaqələndirilməsinə mühüm töhfələr verən I qurultay Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri ilə tarixə yazıldı və bu kəlmələr dünyanın istənilən guşəsində hər bir azərbaycanlı tərəfindən iftixarla səsləndirilməkdədir. Məhz Ulu Öndərin 23 may 2001-ci ildə imzaladığı müvafiq Sərəncama uyğun olaraq xaricdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edilməsi zərurəti nəzərə alınaraq Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsi haqqında qərar verilmişdir. Müstəqilliyinin ilk dekadasının tamamında müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların fəaliyyətinin əlaqələndirilməsi milli maraqlarımızın təşviqi baxımından uzunmüddətli uzaqgörən siyasətin mühüm tərkib hissəsi idi. Xaricdə yaşayan həmvətənlərimizin ölkəmizin inkişaf perspektivləri üzrə müzakirələrə cəlb edilməsi sovet dövlətinin qadağaları şəraitində öz doğma yurdu və xalqı ilə təmasları minimuma endirilmiş diaspor nümayəndələrinin ölkədə gedən inkişaf proseslərinə cəlb olunmasının mühüm təzahürlərindən idi. Təsadüfi deyil ki, ilk qurultaydan başalayaraq iştirakçılarının müzakirə predmetləri sırasında Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsinin müzakirəsi də yer almışdı.

Beləliklə, müstəqilliyin onuncu ilinin tamamında ölkənin qarşısında duran çağırışların, eləcə də inkişaf məsələlərinin müzakirəsi məqsədi ilə Dünya azərbaycanlılarının mühüm diskussiya platforması yaradıldı. Məhz bu platforma, ölkənin inkişafının sonrakı mərhələlərinin xarakterinə uyğun olaraq xaricdə yaşayan həmvətənlərimizin fəaliyyətinin əlaqələndirilməsi və dəstəklənməsi kontekstində mühüm əhəmiyyət kəsb edirdi.

Dünya Azərbaycanlılarının əlaqələndirilməsinin institutlaşması dövrü Məhz birinci qurultayın ardınca diaspor təşkilatlarının fəaliyyətinin dəstəklənməsi, bu istiqamətdə dövlət siyasətinin institutlaşdırılması dövrü başladı. 1990-cı illərin əvvəllərindən fərqli olaraq sonrakı illərdə, xüsusilə də 2000-ci illərdən etibarən Azərbaycan Respublikasında milli dövlət quruculuğu prosesinin sürəti, o cümlədən ölkənin yüksəlməkdə olan beynəlxalq imici və region ölkələri sırasında tutduğu liderlik mövqeyi xaricdə yaşayan həmvətənlərimizi ruhlandırmaqla yanaşı, onların təşkilatlanması sahəsində də yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Birinci və ikinci qurultaylar arasındakı dövr ərzində xaricdə yaşayan həmvətənlərimizlə bağlı qanunvericilik bazası formalaşdırılmış “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun qəbul edilmiş, müvafiq idarəetmə strukturu - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi – indiki Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.

Beləliklə, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2006-cı ilin mart ayında keçirilmiş ikinci qurultay artıq institutsionallaşan fəaliyyətin müzakirə və hesabat platformasına çevrilməyə başlamışdır. Qurultayın əsas məramları sırasında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəaliyyətin gücləndirilməsi və Dünya azərbaycanlılarının fəaliyyətinin koordinasiyasının təşkili dururdu. Məhz bu Qurultay çərçivəsində dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası yaradılmış və Prezident İlham Əliyev yekdilliklə Şuranın sədri seçilmişdir.

Dünya azərbaycanlılarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində aparılan sistematik addımlar sonrakı dövrlərdə də davam etmiş,  2009-cu ildə Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir. Üçüncü qurultaya qədər atılmış mühüm addımlar sırasında Dünya azərbaycanlılarının müxtəlif ölkələrdə əlaqələndirmə tədbirlərinin keçirilməsi ilə də yadda qalmışdır. Bu xüsusda, Prezident İlham Əliyevin dəstəyi ilə 2010-cu ildə Frankfurtda Dünya Azərbaycanlı Gənclərinin Konqresinin keçirilməsi əlamətdar əhəmiyyətə malikdir.

Qeyd olunmalıdır ki, şərti olaraq bu mərhələyə ikinci və üçüncü qurultaylar arasındakı dövrləri daxil etmək mümkündür. Müstəqilliyimizin iyirminci ilinə həsr edilmiş və 2011-ci ilin iyun ayında keçirilən üçüncü qurultayda Prezident İlham Əliyevin nitqində növbəti beş il, on il ərzində Azərbaycanın potensialının sürətli inkişaf səviyyəsi haqqındakı qeydləri Dünya azərbaycanlılarına verdiyi mühüm mesajlarından idi. Sonrakı dövrlər bu mesajların aktuallığını aydın nümayiş etdirəcəkdi.

İnformasiya savaşında təşkilatlanma dövrü

Vətən müharibəsinin gedişi zamanı Prezident İlham Əliyevin dünyanın qabaqcıl mətbuat orqanlarına müsahibələri informasiya dövründə bu savaşın liderini əvvəlcədən müəyyən etmişdi. Sonradan 2022-ci ilin aprelində Zəfər Qurultayındakı nitqində müharibə dövründən bəhs edərkən Prezident İlham Əliyev bu dövrdə xaricdə yaşayan azərbaycanlıların öz imkanlarından istifadə edərək Azərbaycanın haqq səsinin ucaldılmasında davamlı fəaliyyət göstərdiklərini bildirəcəkdi. Ancaq Zəfərə qədər gediləsi mühüm bir dövr var idi və bu yolda informasiya savaşını qazanmaq vacib idi.

Dünya azərbaycanlılarının əlaqələndirilməsi siyasətinin və Prezident İlham Əliyevin bu qurultaylardakı nitqlərinin müqayisəli təhlili ötən dövr ərzində xaricdə yaşayan azərbaycanlılarla aparılan işin ölkənin inkişaf dinamikasına uyğun olmaqla Qarabağ Zəfərinə davamlı hazırlığın məntiqi çərçivəsində baş verdiyini anlamağa imkan verir. Dövlət başçısının Zəfər Qurultayında dediyi kimi, Qarabağ münaqişəsinin həll edilməsi Prezident olaraq cənab İlham Əliyev üçün başlıca vəzifə olub. Bu vəzifənin həyata keçirilməsi üçün istər Vətən müharibəsinə qədər, iatərsə də müharibə dövründə informasiya müharibəsində savaşı qazanmaq çox vacib idi. Bu tezisin əhəmiyyəti öz aktuallığını müharibədən sonrakı dövrdə də saxlamaqdadır.

Beləliklə, Prezident İlham Əliyevin sədrliyi ilə 2016-cı ilin iyun ayında keçirilmiş dördüncü qurultayda verilmiş mühüm mesajlar sırasında azərbaycanlıların əzəli torpaqlarına qayıdışı və informasiya müharibəsinin aparılmasına hazır olmaqla bağlı verilmiş mesajlar siyasi elm sahəsində təcrübi (empirik) tədqiqat elementləri kimi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunun 2016-cı ilin Aprel Zəfərinin fonunda verilmiş mesaj sanki Dünya azərbaycanlılarını daha böyük informasiya savaşında qalib olmağa səsləyirdi. Məhz bu qurultaydakı nitqini “Eşq olsun, Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!” şüarı ilə bitirən ölkə başçısının növbəti qurultayda iştirakının statusu yalnız Müzəffər Ali Baş Komandan kimi, çıxışının ilk cümləsi isə belə başlamalı idi: “Hörmtəli qurultay iştirakçıları, sizi səmimiyyətlə qarşılayıram, Şuşaya, Qarabağa xoş gəlmisiniz!”.

Dünya Azərbaycanlılarının Zəfər Qurultayı

Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının I Qurultayında ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağını və bu işdə diasporun rolunun yüksək olacağını, eləcə də müxtəlif tədbirlərdə işğal edilmiş ərazilərin azad olunacağına inamını dayanmadan vurğulamış, dövlətin resurslarını bu məram üçün səfərbər etmişdir. 2022-ci ilin aprel ayında keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayındakı çıxışında Prezident İlham Əliyev Ulu Öndərin 2001-ci ildə birinci qurultayda səsləndirdiyi fikirlərin Onun davamçılarının gerçəyə çevirdiklərini xüsusi olaraq vurğulamışdı.

Azad Şuşa şəhərində keçirilmiş Zəfər Qurultayı Azərbaycan tarixinin növbəti şanlı səhifəsi olmaqla Azərbaycan diasporunun fəaliyyətinin gücləndirilməsi istiqamətində yeni bir keyfiyyət mərhələsi, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünə təhdid yaratmaq istəyəcək qüvvələrə isə ciddi xəbərdarlıq idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müharibənin başa çatmasına baxmayaraq, bundan sonra da xaricdə yaşayan azərbaycanlıların informasiya məkanında dövlətimizin haqq səsinin ucaldılmasında rolu vacibdir. Ölkə rəhbərinin öz çıxışında qurultay iştirakçılarını müzəffər xalqın nümayəndələri kimi salamlaması, Qarabağa və Azərbaycana xitabən Zəfər ifadəsini davamlı şəkildə vurğulaması Dünya azərbaycanlılarının qarşısında daha böyük missiyaların durduğuna işarə edir. Bu missiya müzəffər xalqın və dövlətin Qələbəsinin qorunması və möhkəmləndirilməsi, quruculuq fəaliyyətinin və inkişafın növbəti mərhələlərində iştirakdan ibarətdir.  

Anar Nağıyev,
Bakı Slavyan Universitetinin rektoru