04 may 2022 15:46
997

Erməni vandalizminin Azərbaycandakı qanlı izləri

Azərbacan Prezidenti cənab İlham Əliyev hər dəfə dünyanın nüfuzlu siyasətçiləri ilə görüşdə diqqəti erməni vandalizminə yönəltməklə işğaldan azad olunan ərazilərdə yerləşən tarixi abidələrin demək olar ki, hamısının acınacaqlı vəziyyətdə olmasını önə çəkir. Etdikləri vandallıq Ermənistan Respublikasının digər dinlərə münasibətini və həqiqi simasını əks etdirir. Bu vandalizm faktı təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət olduğundan beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya birliyi tərəfindən kəskin qınaq obyektinə çevrilməli, hüquqi qiymətini almalıdır. Amma, təəssüf ki, bu cür vəhşiliyə susqunluqla yanaşılır. Təəccüblü hal isə odur ki, hələ də müəyyən dövlətlər erməni yalanlarına inanır, onların təkcə Azərbaycana yox, bütün dünyaya və insanlığa qarşı bəşəri cinayətlərinə qarşı biganə münasibət bəsləyirlər.

«Qarabağ əzəli Azərbaycan torpağıdır» gerçəkliyini dəyişdirmək üçün dünya ictimaiyyətini illərdir aldadaraq özləri haqqında yaratdıqları «əfsanə»nin 44 gün içində puç olacağından xəbərsiz olan Ermənistan hakimiyyəti və erməni lobbisinin maskası, torpaqlar azad olundan sonra ikinci dəfə daha biabırçı vəziyyətə düşərək simalarından ayaqları altına yuvarlandı. 30 il işğal altında saxladıqları Azərbaycan torpağında etdikləri vəhşiliklər dünyanın yalanlarla torlanmış gözlərinin önünə sərildi. Hər zamankı kimi hesablamalarında yanılan Ermənistan hakimiyyəti cənab İlham Əliyev dühasının diplomatik qələbəsini düşünmədiklərindən qələbədən az sonra dünyanın nüfuzlu şəxslərinin diqqətinin Qarabağa yönələcəyini məğlubiyyətin kölgəsinin qaranlığında sezə bilməmişdilər. Dünya sanki qəflət yuxusundan ayıldı. Ermənilər tarixin görmədiyi vəhşiliklər törədərək  cənnət diyarı Qarabağı cəhənnəmə çevirmişdilər. 

Ermənistanın işğalçı siyasətinin nəticəsi olaraq Şuşada Alban məbədləri, Şuşa Tarix-Memarlıq Qoruğuna daxil olan qala divarları, Qarabağ xanlarının iqamətgahları, Xurşidbanu Natəvanın ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, yüzlərlə tarixi memarlıq və təbiət abidələri ziyan görərək məhv edilib. Erməni vandalları tərəfindən viran qoyulmuş Qarabağ muzeylərində Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı dəyərli əşyalar, rəssamlıq əsərləri, xalçalar, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər qiymətli materiallar var idi. Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilmişdir. Zəbt etdikləri ərazilərdə tarixi önəmi olan abidələr yandırılmış, sıradan çıxarılmışdır. Dağlıq Qarabağ və ətraf bölgələrdə Azərbaycanın milli mədəniyyət ocaqlarının talan edilməsi eyni zamanda dünya mədəniyyətinə qarşı törədilmiş vandallıqdır. Çünki bu məhv edilmiş nümunələr nəinki Azərbaycanın, həm də dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələri hesab olunurdu.

Ali Baş Komandanımızın uzaqgörən siyasəti və qətiyyəti nəticəsində «Dəmir Yumruq»  əməliyyatı ilə işğal altında olan torpaqlarımız işğaldan azad edilmişdir. Şücaətli ordumuz ermənilərdən illər boyu törətdikləri vəhşiliklərin qisasını almış, tarixi Azərbaycan torpaqlarını geri qaytarmış, erməni vandallığına son qoymuşdur. Bu gün daşı-daş üstündə qalmayan Qarabağımızda müasir layihələr həyata keçirilir, böyük quruculuq işləri vüsət alıb. Biz inanırıq ki, çox yaxın zamanda Qarabağımız öz cənnətməkan statusunu sürətlə aparılan real abadlıq işləri nəticəsində özünə qaytaracaqdır.

Elnur Əmiraslanov,

YAP Hacıqabul rayon təşkilatının sədri