05 may 2022 01:37
1133

Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm istiqamətdir

Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının uzun tarixi var. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoydu. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən ölkəmiz strateji mövqeyini möhkəmləndirmək üçün  Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə böyük üstünlük verdi. Bu əməkdaşlıq ölkəmizin starteji mövqeyinin möhkəmləndirilməsi baxımından çox zəruri idi. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmli idi.  Çünki bu modelin əsas məqsədi  regiondakı dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəldilmişdi. Avropa İttifaqı kimi nüfuzlu qurumla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son illər qarşılıqlı maraqlar əsasında  daha da möhkəmləndirilmişdir. 

Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insan hüquqlarına və milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilata nəzarət -- yoxlama səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansı diskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat almışdır.

Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində hüququ baza rolunu oynayırdı. Bütün dövlətlər tərəfindən ratifikasiya edilən müqavilə ulu öndər Heydər Əliyev tərəfindən  imzalandıqdan sonra tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasında  böyük rol oynadı. 
Azərbaycanın Avropa İttifaqı ilə çoxtərəfli əməkdaşlığa və tərəfdaşlığa böyük önəm verməsi getdikcə bu qurumla münasibətləri daha da möhkəmləndirdi. 

Azərbaycan, həmçinin Avropa İttifaqına üzv ölkələrlə də münasibətlərin inkişafına böyük önəm verir. Əlbəttə ki, Azərbaycanın İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması bunun əyani göstəricisidir. İttifaqa üzv ölkələrin üçdəbirinin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə malik olması, müxtəlif sahələrdə bərabərsəviyyəli əməkdaşlığın qurulması da ölkəmizin Aİ ilə münasibətlərinin inkişafında mühüm rola malikdir.

Artıq bütün dünya qəbul edir ki, Azərbaycan ədaləti bərpa edib, beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək işğal olunmuş torpaqlarını azad edib. Hər kəs bilir ki, dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir. Ölkə Prezidenti cənab İlham Əliyev Avropa İttifaqı Prezidenti Şarl Mişellə görüşdən sonra keçirilən mətbuat konfransında bir daha bəyan etdi ki, indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır və biz buna hazırıq.

Mansur Quliyev,
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri