04 may 2022 20:58
1003

Sülhə, təhlükəsiz gələcəyə və inkişafa olan inamın göstəricisi

44 günlük Vətən Müharibəsi hərbi-siyasi və diplomatik parametrləri ilə yanaşı həm də informasiya savaşının mühüm atributları ilə yaddaşlara həkk edildi. 30 ilə yaxın zaman kəsiyində verilmiş gərgin əmək və ardıcıl səylər, Azərbaycan əsgərinin döyüş ruhu, vətən sevgisi və peşəkarlığı ilə yanaşı  müzəffər Sərkərdəmizin, Azərbaycan Prezidentinin idarə etmə məharətini, dünyanın siyasi  mərkəzləri arasındakı tarazlıq və uzlaşma  nöqtələrini  dəqiq müəyyən etmə bacarığını bir daha təsbit etdi.

Vətən savaşından ötən interval ərzində işğaldan azad edilmiş torpaqlarda erməni vəhşiliyinin, cinayət və barbarlığının  nəticələrinin aradan qaldırılması ilə yanaşı, bu cinayətlərin izlərinin  bütün dünyaya nümayişi, uzun illər ərzində “yazıq”, “məzlum”, “əzabkeş” obrazı ilə təqdim edilmiş  erməni  təbliğatının dağıdılması və bütün bunların fonunda  Azərbaycanın  haqq  mübarizəsinin təsdiqi kimi yaradıcı, qurucu və  sülhpərvər imicinin  təqdimatı, regionda  çoxdan gözlənilən  sülhün, əmin-amanlığın və əməkdaşlığın bərqərar olmasına,   gec də olsa, yavaş da olsa stereotiplərin  qırılmasına ümüdlər yaratdı. Quruculuq, yaradıcılıq  prosesi ilə  yanaşı, dayanıqlı və davamlı,  müvəqqəti  deyil, uzunmüddətli  sülhün bərqərar olması naminə atılan israrlı və sistemli addımlar, regionun inkişaf perspektivlərinin nümayişi ilə yanaşı dövlətimizin bu  prosesdəki təşəbbüskar, aparıcı rolunun  da  bütün dünyaya nümayişinə çevrildi. Bu kontekstdə Azərbaycanın sülh çağırışları, beynəlxalq hüququn tələbləri və dinc-yanaşı yaşama konsepsiyası əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması, iki dövlət arasında demarkasiya və delimitasiya prosesinə start verilməsinin  əsasını  təşkil edəcək  beş baza  prinsipi  təşəbbüsü ilə  paralel,  mədəni  inteqrasiyanın  təməllərinin atılması, habelə prosesə  beynəlxalq  mərkəzlərin  də  dəstəyi arzu olunan nəticələrə nail olunacağına böyük ümüdlər yaradır. Mədəni  inteqrasiyanın  reallaşmasında  əsas rola  və  strateji mövqeyə sahib olan Şuşamızın beynəlxalq  tədbirlərin mərkəzinə çevrilməsi, çeşidli  diplomatik, ictimai-siyasi və mədəni tədbirlərə  ev sahibliyi etməsi, bu qədim mədəniyyət mərkəzimizin dövlətçilik tariximizdəki mühüm rolunun  nümayişi ilə yanaşı, dünya ictimai rəyinə hesablanmış ismarıclarlara da vəsilə olmuşdur – desək yanılmarıq.   

ADA Universitetinin təşəbbüsü və Azərbaycan Prezidentinin dəstəyi ilə aprelin 29-da dünyanın 23 ölkəsindən nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin, bölgə ilə yaxından maraqlanan xarici ekspertlərinin iştirakı ilə keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın da Şuşadan start götürməsi əlamətdar hadisə olmaqla, tədbirin beynəlxalq əhəmiyyətinin göstəricisi  hesab  edilə bilər. 

Bu Forumda Azərbaycan Prezidentinin parlaq çıxışı, istər daxili, istərsə də xarici auditoriyaya hesablanmış fikirləri, regionda sülhün, iqtisadi inkişafın, sabitlik və stabilliyin təmin edilməsi üçün sülh təşəbbüslərinin dəstəklənməsinin vacibliyinin in’ikası olmaqla yanaşı, eskalasiyanın perspektivsizliyinin, regionda yaşayan ermənilərin gələcək taleyinin və təhlükəsizliyinin xarici  təsirlərdən  qurtulmaqda  olmasının  vacibliyinin,  kənar müdaxilələrin yolverilməzliyinin,  regiondakı yeni hərbi-siyasi konfiqurasiya və reallıqların  alternativsizliyinin, bölgənin regional aktorlar arasında ziddiyyətlər və anaqonizmlər  plasdarmına deyil, əməkdaşlıq  və partnyorluq  meydanına  çevrilməsinin  zəruriliyinin, Azərbaycanın istər hərbi, istərsə də iqtisadi güc kimi  istənilən revanşist hərəkəti neytrallaşdarmaq  əzminin, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafının, ölkələrin resurslarının silahlanmaya deyil, iqtisadi inkişafa  və  xalqların rifahı naminə səfərbər  edilməsinin  vurğulanması bütün iştirakçılar tərəfindən  yüksək qiymətləndirilmiş, ölkəmizin  dünyada  və regionda sülhpərvər missiyasını bir daha təyid etmişdir.

Azərbaycan Prezidenti, hüquqi, tarixi, etnik, dini-konfessional, siyasi və mədəni faktlarla zəngin çıxışında regionun  geosiyasi mənzərəsinin geniş təhlilini vermiş, tarixi  saxtakarlıqların və ədalətsizliklərin volyuntarizmə – obyektiv reallıqlar, faktlar və nəticələr nəzərə alınmadan  məqsədlər  və  hədəflər müəyyən etmək  cəhdlərinin  hansı  faciəli nəticələrə gətirdiyini vurğulamış, Azərbaycanın timsalında inkişafın, modernləşmənin və sabitliyin nümunələrini konkret və real faktlarla  bəyan  etmiş, regionun inkişafına münaqişələrlə deyil, sülhün  və tərəqqinin təminatı olan  layihə və proqramlarla nail oluna biləcəyinə diqqət çəkmiş, Avropa İttifaqının regionda sülhün təmin olunması üçün atdığı son addımların ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasətə beynəlxalq dəstək  olduğunu  bildirmişdir. İşğaldan azad olunmuş ərazilərdə ölkə və beynəlxalq əhəmiyyətli layihələrin, bərpa və quruculuq işlərinin davam etdirilməsinin, mühüm strateji  kommunikasiya xablarının yaradılmasının Azərbaycanın sülhə, gələcəyə, inteqrasiyaya olan inamını göstərən  fəaliyyət  olmaqla,  regionun  bütün xalqlarının – o cümlədən də ermənilərin bu imkanlardan bərabər şəkildə  istifadəsi üçün şərait yarada biləcəyi  qeyd  edilmişdir.

Mirsüleyman Mirxaslı,
YAP Cəlilabad rayon təşkilatının sədri