Müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf etməkdədir. Dövlət başçımız digər bütün sahələr kimi ordu quruculuğu istiqamətində də mühüm addımlar atmış, Azərbaycan ordusunun müasir silahlarla təchizatı, kadr potensialının gücləndirilməsi, orduda döyüş bacarığının və vətənpərvərlik əhval-ruhiyyəsinin artırılması kimi mühüm amilləri hər zaman diqqət mərkəzində saxlamışdır. Güclü ordunun olması dövlət siyasətinin illər boyu əsas prioriteti olub. Uzun illər ərzində güclü orduya, güclü iqtisadiyyata və yeni nəslə ehtiyac var idi. Qarabağ uğrunda ölənlərin böyük əksəriyyəti heç zaman Qarabağı görməmişdi. Onlar gənc nəslin nümayəndələri, vətənpərvər, Vətəni sevən, yüksək motivasiyalı insanlar idi.
Aparılan uğurlu dövlət siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 günə düşməndən azad edildi. Müstəqil Azərbaycan dövləti öz ərazi bütövlüyünü və tarixi ədaləti öz ordusu və öz gücü hesabına bərpa etdi.
Torpaqlarımız işğaldan azad edildikdən sonra bütün dünya bir daha erməni vandalizminin şahidi oldu. Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.
Digər ərazilərimiz kimi bizim rayonun ərazisi də düşmən işğalının acı nəticələrini yaşamalı olub. İşğal illərində Füzuli şəhəri və kəndlərimiz dağıdılmış, yandırılmış, tarixi-mədəni abidələrimiz, məscidlərimiz, ziyarətgahlarımız yerlə yeksan edilmiş, təhqir olunmuş, hətta məzarlıqlarımız belə talanmışdır. Qəhrəman ordumuz Füzuli şəhərini işğaldan azad etdikdən sonra bayraq asmağa bir salamat bina belə tapılmamışdır. Erməni işğalçıları tərəfindən rayonumuzun turizm potensiallı əraziləri - meşələrimiz, su mənbələrimiz ekoloji terrora məruz qalmışdır.
Bu gün dövlətimiz öz iqtisadi gücü sayəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri aparır. Eyni zamanda ərazilərin minalardan təmizlənməsi işi həyata keçirilir. Bu günə qədər türkiyəli mütəxəssislər minatəmizləmə işlərində kömək edirlər, ancaq daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac var. Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç irad belə tutulmayıb. Hazırda tapdığımız minalar yeni basdırılanlardır və həmin ərazilər onları aşkar etmək üçün çox əlverişsizdir. Bu, bir daha onların davranışının göstəricisidir. Azərbaycan Ermənistana 10-20 gün arası vaxt verdi ki, noyabrın 10-da imzalanmış razılaşmaya əsasən tərk etməli olduqları ərazilərdən çıxsınlar. Lakin onlar bu müddəti minaların basdırılması, özlərinə məxsus olmadığı, lakin içində yaşadıqları evlərin yandırılması, ağacların kəsilməsi və digər ekoloji fəlakətlərə yol açan əməllərə sərf etdilər.
Azərbaycan dövləti postmüharibə dövründə də öz ənənələrinə sadiq qalır, sülhün, əməkdaşlığın carçısı olaraq çıxış edir. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.
Dərin tarixi köklərə malik Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədə inkişaf edir. Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində.
Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib.Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.
Bizim mövqeyimiz belədir ki, təhlükəsizlik olmadan əməkdaşlıq və iqtisadi faydadan söhbət gedə bilməz. Regionumuzda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxmalıyıq. Azərbaycanın iqtisadi fəaliyyəti də sabitlikdən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir.
Azərbaycan dövləti öz siyasətində hər zaman sabitlik, təhlükəsizlik, əməkdaşlıq, qonşuluq məsələlərini diqqətdə saxlamışdır. Həyata keçirilən nəhəng enerji layihələrindən, eləcə də digər layihələrdən region dövlətlərinin səmərəli bəhrələnməsi üçün heç bir maneə yaratmamışdır. Siyasi və iqtisadi dialoq davam etməlidir. Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli dialoq formatında rəsmi təmas olmayıb. Hazırkı regional konfiqurasiya Azərbaycanı qane edir. Ölkəmizin bütün qonşularla yaxşı münasibətləri var - təkcə Rusiya və Türkiyə ilə deyil, Gürcüstan və İranla da.
Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər.
Hazırda Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi irimiqyaslı layihələri bütün dünya, o cümlədən Ermənistan da görür. Bu layihələrin əksəriyyəti regional və beynəlxalq xarakterlidir. Füzuli Beynəlxalq Hava Limanının cəmi 8 aya istifadəyə verilməsi heyrət doğurur. Çəkilən strateji əhəmiyyətli yollar, dəmir yolları regionun gələcək inkişafından xəbər verir. Enerji təhlükəsizliyinin təminatı, bərpaolunan enerji ehtiyatlarından istifadə, yaşıl enerji layihələrinin icrası dövlətimizin diqqət mərkəzindədir. BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və həmçinin digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir.
Rayonumuzun ərazisində inşa edilmiş Füzuli yarımstansiyası artıq istifadədədir.
Kəlbəcər və Tərtər rayonlarında quruculuq işlərinə başlanılıb, 20MVt-lıq stansiya artıq istifadəyə verilib. Cari ildə 25 MVt-lıq hidroelektrik stansiya istifadəyə veriləcək. Ancaq su elektrik stansiyalarının potensialı daha çoxdur.Bütün Qarabağ və Şərqi Zəngəzur elektrik xətləri ilə birləşdirilib. Bəzi hallarda həmin elektrik xətləri ilin altı ayı qarlı olan 3500 metrlik dağlar üzərindən salınmalı olub.
Bütün bunları görən Ermənistan dövləti və erməni xalqı düşünməlidir ki, bu layihələrdən kənarda qalmamaq, işğalçı mövqeyindən əl çəkib səmərəli əməkdaşlıqların bir parçasına çevrilmək daha doğru seçim olardı. Zəngəzur dəhlizi adlandırılan dəhliz Ermənistanın ərazisindən keçəcək. Azərbaycan artıq Ermənistan sərhədinə avtomagistralı və dəmir yolunu tikir və dəmir yolu bu ilin sonuna kimi hazır olacaq və avtomagistral ola bilsin sonra. Ermənistan bu prosesdə iştirak etməsə, onda ondan dolayı yollarla keçəcəyik.
Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin əsas amillərindən olan müstəqilliyin gücləndirilməsi – dövlət siyasətinin ideoloji təməlidir. Dövlət başçımız işğal dövründə yalnız Qarabağı geri qaytarmaq üzərində düşünməmişdir. Azərbaycan müstəqilliyin gücləndirilməsi və onun dönməz xarakter alması, habelə heç kəsdən, nə siyasi, nə iqtisadi, nə də enerji cəhətdən asılı olmamağı üzərində çalışıb və buna nail olub. Ölkəmiz tam olaraq müstəqil oldu, müstəqil siyasət aparmaq imkanını əldə etdi və Qarabağı geri qaytardı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalq-ordu-dövlət birliyinini yaratdı və bu birlik sayəsində ölkəmiz qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Qarabağ Azərbaycandır!
İlkin Əmirli,
Füzuli RİH başçısının köməkçisi
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi