Arxivdə yaşayan ömürlər
Kimya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü Sahib Əliyev mənalı və şərəfli ömür yolunu Azərbaycan elminin inkişafına həsr etmiş, elmi uğurları ilə təkcə keçmiş SSRİ-də deyil, onun hüdudlarından kənarda da tanınmışdır.
Sahib Müseyib oğlu Əliyev 1933-cü ildə Gədəbəy şəhərində anadan olmuşdur. 1949-cu ildə orta məktəbi medalla bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuş, 1954–cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirərək mühəndis–texnoloq ixtisasına yiyələnmişdir.
Sahib Əliyevin əmək fəaliyyəti AMEA Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə bağlı olmuşdur. O, burada aspiranturaya daxil olmuş, 1958–ci ildə namizədlik dissertasiyasını, 1965-ci ildə isə «Alkil, alkenilaromatik karbohidrogenlərin və onların oksitörəmələrinin heterogen katalitik sintezi və çevrilmələrinin tədqiqi» mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 1971–ci ildə professor elmi adına layiq görülmüşdür. O, 1983–ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1989–cu ildə həqiqi üzvü seçilmişdir.
Yüksək nəzəri biliyinə, təşkilatçılıq bacarığına malik Sahib Əliyev artıq 1958–ci ildə laboratoriya müdirinin müavini, 1969–cu ildə laboratoriya müdiri vəzifəsinə təyin olunmuşdur. 1970–1976–cı illərdəo, laboratoriya müdiri vəzifəsi ilə yanaşı, Plastik kütlələr şöbəsinin müdiri vəzifəsini, 1982–ci ildən NKPİ–nin elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir.
Akademik S.Əliyevin əsas elmi fəaliyyəti aromatik karbohidrogenlərin, poliqomerlərin, polimerlərin kimyası və texnologiyasına karbohidrogenlərin oliqomerləşməsi, alkilləşməsi, oksidləşməsi və s. başqa reaksiyalar üçün yüksək keyfiyyətli homogen və «heterogenləşdirilmiş» katalizatorların hazırlanmasına, sənaye polimerlərinin kimyəvi modifikasiyasına həsr edilmişdir. Sahib Əliyev respublikada neft kimyası və polimer kimyasının prioritet istiqamətlərinin inkişafında böyük rol oynamış kimyaçı alimlərdəndir. O, respublikada və onun hüdudlarından kənarda, aromatikkarbohidrogenlərin heterogen–katalitik və destruktiv alkilləşmə, alkil və tsikloalkilaromatik birləşmələrin dehidrogenləşməsi, alken və arilalkenlərin homogen və heterogen metalkompleks katalizatorlar və sərbəst–radikal inisiatorları iştirakında oliqomerləşməsi, polimerləşməsi sahəsində apardığı fundamental tədqiqatlarla tanınmışdır.
Sahib Əliyevin rəhbərliyi altında neftin pirolizi prosesində alınan maye məhsulların kompleks emalı, laklar və boyalar istehsalında tətbiq tapmış bitki yağlarının effektiv əvəzedicilərinin, örtükəmələgətirici oliqomerlərin alınması prosesləri işlənib hazırlanmışdır. Onun rəhbərliyi ilə aromatiksulfoturşuların, yüksək təmizlik dərəcəsinə malik a–naftolun və paraakilfenolların prinsipcə tam yeni alınma texnologiyaları işlənib hazırlanmışdır.
Sahib Əliyev NKPİ–də işlənib hazırlanmış, metilizosionatın, n–metilkarbamin turşusunun naftil efirinin və onun əsasında “Muğan” preparatının alınma üsullarının müəlliflərindən biridir.
Onun rəhbərliyi altında kompleks yararlı fiziki–mexaniki xassələrlə xarakterizə olunan olqomer və birgə oliqomerlərin alınmasında tətbiq tapmış yeni sinif polifunksional, kondensləşməyə və polimerləşməyə qabil monomerlərin, vinil və paraizopropenilfenolların, onların allil, qlisidil–mürəkkəb efirlərinin, karbomatların alınma üsulları işlənib hazırlanmışdır.
Ömrünün son illərində Sahib Əliyevin rəhbərliyi ilə aparılmış fundamental tədqiqatlar əsasında tikinti sənayesində beton məhlullarına kimyəvi qatqı kimi istifadə edilən superplastifikatorların, suda həllolan oliqosulfonatların yerli xammal – neftin katalitik krekinq prosesində alınan yüngül qazoyl fraksiyası əsasında ekoloji baxımdan səmərəli texnologiya üzrə alınmasının elmi əsasları işlənib hazırlanmış və sənaye miqyasında istehsalının təşkili üçün lazımi tövsiyələr verilmişdir.
Akademikin rəhbərliyi altında aparılmış çoxsaylı elmi tədqiqatların əsas nəticələri təcrübə–sənaye və sənaye miqyasında tətbiqini tapmışdır:– pirolizin maye məhsullarının kompleks emalı ilə oliqoarilalkenlərin və aromatik karbohidrogenlərin alınması prosesi, Koxtla–Yarve və Slants şəhərində Şist emalı kombinatlarında və Bakı Neftqaz zavodunda; –oliqodivinilstirol lakının alınması prosesi, Azərbaycan MEA NKPİ–nin Təcrübə–sınaq və Sumqayıt şəhəri Sintetik Kauçuk zavodlarında; –oliqodivilstirol və polidien–yağ əlifi və onun əsasında boyaqların alınması prosesi, Kursk Məişət kimyası, Mahacqala Kimya zavodlan və Ust–Kamenoqorsk Titan–maqnezium kombinatında; — yerli xammal, neftin katalitik krekinqindən alınan yüngül qazoyl fraksiyası əsasında beton qarışıqları üçün kimyəvi qatqının—superplastifıkatorun alınması prosesi, Azərbaycan MEA NKPİ–nin Təcrübə —sınaq zavodunda və Novomoskovski Üzvi sintez zavodunda.
Sahib Əliyevin böyük elmi fəaliyyəti onun pedaqoji fəaliyyətilə bilavasitə əlaqəli olmuşdur. 1960–70–ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Kimya–texnologiya fakültəsində və Texniki Universitetin Tikinti materialları kafedrasında müəllim işləmiş, yüksək ixtisaslı kadrların hazırlnması sahəsində böyük xidmətlər göstərmişdir.
Akademik Azərbaycan kimya elmini çoxsaylı Ümumittifaq, Beynəlxalq miqyaslı konfrans və simpoziumlarda iştirak etməklə və ləyaqətlə təmsil etmişdir. O, NKPİ–də Elmi Şuranın, NKPİ–də və M.Əzizbəyov adına Azərbaycan Neft–Kimya İnstitutunda kimya elmləri doktoru və namizədi alimlik dərəcələrinin verilməsi üzrə İxtisaslaşdırılmış şuraların üzvü olmuşdur. Sahib Əliyev keçmiş SSRİ EA və Azərbaycan EA Neft kimyası üzrə Koordinasiya Şurasının üzvü, SSRİ Ümumittifaq Elmi–Tədqiqat Dəmir–Beton İnstitutunda sementə və betona kimyəvi qatqılar üzrə məsləhətçi olmuşdur.
Məhsuldar elmi və elmi–pedaqoji fəaliyyətinə görə Sahib Əliyev Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı. Ümumittifaq Xalq Təssərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı və diplomları ilə təltif olunmuşdur.
Sahib Əliyev çox da uzun olmayan, lakin məhsuldar elmi fəaliyyəti dövründə neft kimyası və yüksək molekullu birləşmələr kimyası sahəsində elmi məktəb yaratmışdır: onun rəhbərliyi ilə 35 elmlər namizədi, 3 elmlər doktoru yetişmişdir.
S.Əliyev 165 müəlliflik şəhadətnaməsinin, ABŞ, İngiltərə, Fransa, Almaniya və başqa ölkələr tərəfindən alınmış 25 patentin, həmçinin 500-dən çox elmi əsərin müəllifi idi.
Sahib Əliyev 1990-cı il fevralın 7-də vəfat etmişdir.
Akademik S.Əliyevin Dövlət Arxivinə təqdim olunan sənədləri onun şəxsi arxivindən götürülmüşdür, ona görə də daimi qeydiyyata alınan sənədlərin bəzilərinin rekvizitlərini müəyyən etmək mümkün olmamış, xronoloji ardıcıllığa əməl olunmamışdır. Sənədlər akademikin 1958-1989-cu illərdəki fəaliyyətini əks etdirir.
Müzahim Ələkbərov,
Azərbaycan Dövlət Elm və Texnika Sənədləri Arxivinin əməkdaşı
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi