27 aprel 2022 12:15
1241

Zəfər Qurultayı Azərbaycanın siyasi-ictimai həyatında mühüm yer tutur

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfəri dünyaya səs saldı. Bu səs  münaqişənin hərb yolunun olmadığını bildirən dövlətlərə, eyni zamanda, erməni ordusu barədə «məğlubedilməz» mifi yaradan Ermənistan hakimiyyətinə Azərbaycan Ordusunun nəinki işğalçı dövləti, həmçinin dünyanı hansı reallıqlarla barışmaq məcburiyyətində qoyduğunu nümayiş etdirdi. Dövlətimizin başçısı Cənab İlham Əliyev tarixə 2020-ci ilin Müzəffər Sərkərdəsi, Azərbaycan xalqı ən məğrur, yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar,  tarixi Zəfər bir daha təsdiqlədi ki, tarixinə sahibi çıxan xalq məğlubedilməzdir. 

2022-ci ilin aprel ayının 22-23-də dünya azərbaycanlılarının Şuşa şəhərində keçirilən V Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, diasporumuzun fəaliyyət tarixində yeni mərhələnin başlanğıcıdır.

Zəfər qurultayı torpaqlarımızın işğaldan azad olunmasından sonra dünya azərbaycanlılarını bir araya toplayan ilk möhtəşəm toplantı oldu. Cənab Prezidentimiz İlham Əliyevin verdiyi tapşırıqların, tövsiyələrin yerinə yetirilməsi Azərbaycanı getdikcə qüdrətləndirəcək və dünyada nüfzunu daha da artıracaq.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq dünyada yeni reallıqlar yaradıb. Bu reallıqlar Azərbaycanın dünya birliyindəki mövqeyinin getdikcə möhkəmlənməsinin, reytinqinin yüksəlməsinin göstəricisidir. Hazırda nüfuzlu beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etməsi də bundan xəbər verir. BMT Təhlükəsizlik Şurasının iştirakı ilə Şuşada beynəlxalq tədbir keçirilməsi, Avropa İttifaqının Azərbaycan-Ermənistan arasında normallaşma prosesində fəal iştirakı, ATƏT-in Minsk qrupunun tarixin arxivinə atılması, Zəfər Qurultayının Şuşada keçirilməsi postmüharibə dövrünün yaratdığı reallığın bariz nümunəsidir. Artıq Minsk qrupunun həmsədr dövlətlərinin rəhbərləri də dərk etdilər ki, qurumun “vasitəçilik missiyası”na ehtiyac yoxdur. Azərbaycan öz problemlərini öz gücünə həll etməyə qadirdir. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər aparıcı beynəlxalq təşkilatlar, həmçinin qonşu ölkələr də Azərbaycanın mövqeyini dəstəkləyir və postmüharibə reallıqlarını qəbul edirlər. Bununla yanaşı, dünyanın aparıcı ölkələrinin, məsələn, ABŞ, Böyük Britaniya və digərlərinin rəhbərlərinin Cənab Prezident İlham Əliyevə göndərdikləri məktublar da onların yeni geosiyasi reallığı qəbul etdiklərini və bu prizmadan əməkdaşlığa hazır olduqlarını bildirmələri ölkəmizin nüfuzunun artmasının göstəricisidir.

Beləliklə, Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu qədim şəhər Azərbaycanın əzəli torpağıdır, Qarabağ Azərbaycandır! Artıq dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu etiraf edir. İşğaldan azad olunmuş Şuşa şəhərinin nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini keçirildiyi mərkəzə çevrilməsi də bunu təsdiqləyir. Mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Şuşada keçirilməsi və postmüharibə dövründə proseslərin Azərbaycanın maraqlarına uyğun inkişaf etməsi Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin prioritetini təşkil edir. Dövlətimizin başçısının ölkəyə rəhbərlik etdiyi gündən indiyədək həyata keçirdiyi ardıcıl, düzgün və məqsədyönlü siyasətinin bəhrəsi son vaxtlar Şuşada bir-birindən əhəmiyyətli tədbirlərin keçirilməsində özünü büruzə verir.

Elnarə Mustafayeva,

YAP Yasamal rayon təşkilatının sədr müavini