26 aprel 2022 18:35
874

Zəfər Qurultayının Şuşada keçirilməsi böyük tarixi hadisədir

44 günlük Vətən müharibəsi tariximizə şanlı Zəfər salnaməsi yazdı. Xalqımız heç vaxt ədalətsizliklə və işğalla barışmadığını bir daha sübut etdi. Çünki, Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyil.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu öz tarixi missiyasını şərəf və ləyaqətlə yerinə yetirdi. Əsil vətənpərvərlik nümunəsi olan gənclərimiz bütün dünyaya sübut etdilər ki, torpağımızın və taleyimizin sahibiyik. Tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

Nə qədər acı da olsa bir həqiqəti unutmamalıyıq ki, beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan təkcə Ermənistanla müharibəni aparmayıb. Azərbaycan yalnız dünya erməniliyi ilə müharibə aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibəni aparıb və bu müharibədə Qələbə qazanıb. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Sübut etmişik ki, ölümə getməyə hazırıq. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər.

Qəhrəmanlarımız şəhidlərimizin qanını döyüş meydanında aldılar. 30 il ərzində işğal altında saxlanılan, istehkamlar, müdafiə xətləri qurulan, tikanlı məftillər çəkilən torpaqlarımızı şanlı ordumuz 44 günə azad etdi. Vətən müharibəsi zamanı bir nəfər də olsun fərarimiz olmadı. Ermənistan ordusunda müharibə zamanı kütləvi fərarilik hökm sürürdü, onların özlərinin etirafına görə, 10 min fərari olmuşdur.

Vətən müharibəsi həm də azərbaycanlıların birliyinin və həmrəyliyinin sübutu oldu. Bu həmrəyliyimiz Qələbə ilə yekunlaşdı. Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Milyonlarla xaricdə yaşayan azərbaycanlı hərə öz ölkəsində müharibənin gedişatını yaxından izləyirdi.

Ölkə başçımız Prezident İlham Əliyevin ətrafında birləşərək, dəmir bir yumruğa çevrilərək qazandığımız Qələbə nəticəsində ölkəmiz qalib ölkəyə çevrildi. Məhz bu Qələbə sayəsində bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq. Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Xalq öz torpaqlarındadır. Bu torpaqda möhkəm dayanıb və heç kim heç vaxt bu torpaqlardan xalqımızı tərpədə bilməz.

İllərdir top-tüfəng səsindən silkinən, doğmalarından iraq düşən, mədəniyyət beşiyimiz Şuşamız bu gün azaddır. Əziz Şuşamız bu gün artıq qonaqlı-qaralıdır. Bu gün artıq Şuşamız dünya azərbaycanlılarına qucaq açıb. Azərbaycan Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçirir. Qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir. Şuşada Zəfər Qurultayının keçirilməsi böyük tarixi hadisədir. Əminik ki, bu qurultay dünya azərbaycanlıları arasında olan mənəvi, ideoloji bağları daha da möhkəmlədəcək. Biz bundan sonra da Vətənimiz, Azərbaycanımız naminə hər zaman həmrəy olacağıq. Bizi birləşdirən, bizi tamlaşdıran milli –mənəvi dəyərlərimizə, xüsusilə ana dilimizə hər zaman diqqətlə yanaşacağıq.

Bütün xalqımız kimi biz füzulilər də Şuşada keçirilən möhtəşəm Zəfər Qurultayını böyük fəxr və qürurla qarşıladıq. Rayonumuzun ərazisindən keçən Zəfər yolu ilə artıq fəxri qonaqların doğma Şuşamıza yollanması bizlər üçün əvəzsiz sevincdir. Çünki bizi böyük Zəfərə aparan yolun, bizi həm də həmrəyliyə, birliyə, Şuşamızın çal-çağırlı günlərinə apardığını görmək bizlər üçün böyük xoşbəxtlikdir. Bizlərə bu xoşbəxtliyi qanları ilə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyir, sağlamlığını itirən qazilərimizə şəfalar diləyirik. Bizi qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk. Yaşasın Şuşa!. Yaşasın Qarabağ!. Qarabağ Azərbaycandır!

Gülbahar Eyvazova,
Füzuli RİHB-nin müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri