
Sudeyf İmamverdiyev,
YAP Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi
Hər bir xalqın tarixində əvəzolunmaz rol oynayan, millətinin xilaskarlıq missiyasını yerinə yetirən tarixi şəxsiyyətlər var. Azərbaycan xalqının tarixində də məhz belə bir şəxsiyyət ümummilli liderimiz Heydər Əliyevdir. Heydər Əliyev bütün həyatını doğma xalqının inkişaf və tərəqqisinə həsr etmiş, onu üzləşdiyi çətinliklərdən xilas etmiş şəxsiyyətdir.
Əminliklə söyləmək olar ki, müasir Azərbaycanın keçdiyi yol bilavasitə ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Həm sovetlər dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən Heydər Əliyevin amalı yalnız və yalnız xalqımıza xidmət etmək, respublikamızı inkişaf etdirmək və onu dirçəltməkdən ibarət olmuşdur. Hələ sovet dövründə - 1969-cu ilin iyul ayında Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev keçmiş İttifaq miqyasında geridə qalan respublikamızı qısa müddət ərzində öncül yerə çıxardı, Azərbaycan aqrar respublikadan, sənaye-aqrar respublikasına çevrildi. Ulu Öndərimizin həmin dövrdə misilsiz xidmətləri Azərbaycan xalqının rifah halını da əhəmiyyətli dərəcədə yüksəltdi.
Mən ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində yazdığım bu məqaləni Onun müstəqillik dövrümüzün ilk illərində, daha doğrusu, Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda göstərdiyi xilaskarlıq missiyasına həsr etmək istəyirəm. Məlumdur ki, 1980-ci illərin sonunda keçmiş SSRİ-nin bir sıra respublikalarında olduğu kimi, Azərbaycanda da ictimai-siyasi vəziyyət gərginləşmişdi. Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları, soydaşlarımızın doğma yurdlarından deportasiyası və başqa problemlər xalqın səbrini daşırırdı. Problem onda idi ki, həm SSRİ rəhbərliyi, həm də yerli hakimiyyət belə bir vəziyyətin qarşısını almaq niyyətində deyildilər. Sovet imperiyası 1990-cı ilin 20 yanvarında Bakıda dinc əhaliyə qarşı qətliam törətdiyinin səhəri gün – yanvarın 21-də ulu öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycanın daimi Nümayəndəliyinə gələrək böyük cəsarət nümayiş etdirdi və bu cinayətə qarşı öz etiraz səsini ucaltdı. Heydər Əliyev öz bəyanatında bu cinayətin törədilməsində birbaşa ovaxtkı SSRİ rəhbərliyinin məsuliyyət daşıdığını bildirdi.
Keçmiş SSRİ rəhbərliyinin, güc strukturlarının təzyiq və təhdidlərinə baxmayaraq ulu öndər Heydər Əliyev böyük cəsarət nümayiş etdirərək öz Vətəninə qayıtdı. Belə ki, 1990-cı ilin iyul ayında Moskvadan Bakıya gələn Heydər Əliyev paytaxtda bir qaldıqdan sonra Naxçıvana getdi. Naxçıvanda on minlərlə insan Heydər Əliyevi böyük sevgi ilə qarşıladı. Daha sonra Ulu Öndərimiz Naxçıvan Ali Məclisinə, Azərbaycan Ali Sovetinə deputat seçildi. 1991-ci ilin sentyabrında isə Heydər Əliyev Naxçıvan Ali Məclisinin Sədri seçildi və bu vəzifəsində blokada şəraitində olan Naxçıvanın əhalisinin problemlərinin həllində böyük xidmətlər göstərdi. Bildiyiniz kimi, 1991-ci ildə SSRİ rəsmən dağıldı, respublikalar öz müstəqilliklərini elan etdilər. Amma buna baxmayaraq, həmin problemlər daha da çətinləşirdi. 1990-cı illərin əvvəllərində respublikamızın vəziyyəti çox ağır idi və prosesləri analiz edə bilən insanlar bunu dərk edirdilər. Azərbaycan günbəgün sarsılmaqda idi, ictimai-siyasi proseslər idarəolunmaz forma alırdı. Hakimiyyətdə olan insanlar isə sanki xalqın maraqlarını unutmuşdular, onların nəyə xidmət etdiklərini anlamaq mümkün deyildi. Xalqın müqəddəratı, istəyi, Vətənimizin təhlükəsizliyi onları maraqlandırmırdı. Həmin dövrdə xalq ağır vəziyyətə düşmüşdü və ən başlıcası, mənəvi cəhətdən sarsılmışdı.
Beləliklə, iqtidara qarşı ümumxalq narazılığı yaranmışdı və insanlar mitinqlər, etiraz aksiyaları keçirməklə hakimiyyətə etirazlarını bildirirdilər. Ümumxalq narazılığı fonunda 1992-ci ildə respublikada hakimiyyətə gələn AXC-Müsavat cütlüyü dağıdıcı proseslərin qarşısını nəinki almadı, əksinə, hərc-mərclik daha da artdı, Ermənistanın hərbi təcavüzü daha da sürətləndi. Çox qısa zamanda xalq gördü ki, AXC-Müsavat hakimiyyəti də idarəçiliyi bacarmır. Bu hakimiyyətin yarıtmaz siyasəti nəticəsində ölkəmiz uçuruma doğru sürüklənirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
Azərbaycanda ümumi vəziyyətin nə qədər təhlükəli olduğunu cəmiyyətin sağlam qüvvələri, ziyalılar yaxşı dərk edirdilər. Bu insanlar anlayırdılar ki, Azərbaycanı belə bir ağır vəziyyətdən xalqımızın ləyaqətli oğlu Heydər Əliyev kimi böyük dövlət xadimi, bütün dünyada tanınmış bir şəxsiyyət xilas edə bilər. Amma ozamankı hakimiyyət ümummilli lider Heydər Əliyevin təcrübəsindən nəinki bəhrələnmək istəmirdi, əksinə, Ona qarşı əsassız mübarizə aparırdılar. Belə olan təqdirdə, cəmiyyətin öndə gedən bir qrup ziyalısı ulu öndər Heydər Əliyevə müraciət etdi. Qürur duyuram ki, həmin müraciətdə mənim də imzam var. “91-lər hərəkatı” kimi tariximizə düşən bu hadisə çox önəmlidir. Çünki bu ziyalılar görürdülər ki, ölkədə separatçılıq baş alıb gedir, qanunsuz silahlı dəstələr insanlar üçün böyük təhlükəyə çevrilib, əhalinin həyat səviyyəsi də sürətlə aşağı düşür. Yəni, sözün əsl mənasında, Vətən əldən gedirdi.
Belə bir şəraitdə 91 nəfər ziyalı ulu öndər Heydər Əliyevə “Səs” qəzeti vasitəsilə yeni bir partiyanın yaradılması və həmin partiyaya rəhbərlik etməsi ilə bağlı müraciət etdi. Partiyanın yaradılmasında məqsəd demokratik yolla hakimiyyətə gəlib Vətəni xilas etmək idi. Ulu öndər Heydər Əliyev “91-lər”in müraciətinə müsbət cavab verdi və Yeni Azərbaycan Partiyasının yaradılması istiqamətində hazırlıq işləri başladı. Hakimiyyət isə Heydər Əliyevin rəhbərliyi ilə partiyanın yaranmasının qarşısını almağa çalışırdı. Onlar başa düşürdülər ki, xalqın Heydər Əliyevə böyük sevgisi var və belə bir partiya yaransa, xalqın ən güclü siyasi təşkilatına çevriləcək. Ona görə də partiya quruculuğu işi ilə məşğul olan şəxslərə qarşı hədə-qorxu gəlirdilər, fiziki təzyiqlərə məruz qoyurdular. Amma bütün bunlar bu insanların iradəsini sındıra bilmədi. 1992-ci ilin oktyabr ayında isə Naxçıvanda ulu öndər Heydər Əliyevi hakimiyyətdən devirməyə cəhd göstərdilər. Amma Naxçıvan əhalisi Heydər Əliyevi dəstəklədi və çevriliş cəhdi edənlərə tutarlı cavab verdi.
Beləliklə, bütün çətinliklərə rəğmən 21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi, partiyanın strukturu, rəhbər heyəti formalaşdı. Bundan sonra isə respublikada təşkilatlanma prosesi başlandı. Təbii ki, ozamankı hakimiyyət bunun da qarşısını almağa çalışırdı. Amma insanlar Heydər Əliyevin yaratdığı partiyaya böyük həvəslə qoşulurdular. Əlbəttə o dövrdə respublikada vəziyyət o qədər ağır idi ki, həqiqətən də, dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bir tərəfdən Ermənistanın hərbi təcavüzü davam edirdi, digər tərəfdən ölkə daxilində iqtisadi, ictimai-siyasi böhran dərinləşirdi. 1993-cü ilin iyun ayında baş verən Gəncə hadisələri isə vəziyyəti daha da gərginləşdirdi. Azərbaycanda vətəndaş müharibəsi başladı.
Belə bir vəziyyətdə xalqımızda yekdil bir fikir formalaşdı ki, Azərbaycanı bu təhlükələrdən yalnız ulu öndər Heydər Əliyev xilas edə bilər. Ona görə də cəmiyyətimizin ən müxtəlif təbəqələri Heydər Əliyevə müraciətlər edirdilər. İş o yerə çatdı ki, AXC-Müsavat hakimiyyəti də bu reallığı dərk etməyə başladı. Hakimiyyətdəkilər özlərinin həyatının da təhlükədə olduğunu gördülər, hansısa bir üsyançı ilə bacara bilmədilər. Ona görə də iqtidarda olanlar da Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət etməyə məcbur oldular.
Beləliklə, Ulu Öndərimiz xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Bakıya gəldi və 15 iyunda Azərbaycan parlamentinin Sədri seçildi. Bu hadisə tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan xalqı öz gələcəyini Heydər Əliyevlə bağlı görürdü. Onun siyasi hakimiyyətə qayıdışı ictimai-siyasi mühiti tamamilə dəyişdirdi və insanlarda gələcəyə ümidi artırdı. Qısa müddətdə Ulu Öndərimiz respublikada ictimai-siyasi sabitliyi bərpa etdi, separatçılığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu. Təbii ki, Azərbaycanın inkişafını istəməyən xarici qüvvələr və onların yerli əlaltıları hər cür təxribata əl atırdılar, dövlət çevrilişinə cəhd göstərirdilər. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri buna sübutdur. Amma hər iki hadisə zamanı xalq öz Liderini dəstəklədi və Onunla həmrəy olduğunu bəyan etdi. Fakt kimi onu xatırladım ki, 1994-cü ilin oktyabr hadisələri zamanı ulu öndər Heydər Əliyevin bir çağırışı ilə yüz minlərlə insanın Prezident Sarayının qarşısına toplaşması bütün dünyaya bir mesaj oldu. Yəni, xalqla Heydər Əliyev birliyinin sarsılmaz olduğu bütün dünyaya nümayiş etdirildi.
Qeyd etmək lazımdır ki, 2003-cü ildən etibarən Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam edir. 2003-cü ildə keçirilən prezident seçkilərində Azərbaycan xalqı müdriklik göstərərək cənab İlham Əliyevi özünün Lideri seçdi. Prezident İlham Əliyev Heydər Əliyev yoluna sadiqliyini göstərərək bu gün Azərbaycanı uğurla inkişaf etdirir.
Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Həmin illərdə insanlar ən kiçik sosial ehtiyaclarını belə ödəyə bilmirdilər. Bölgələrdə işıq, qaz, yol yox idi. Ona görə də əhali böyük şəhərlərə üz tuturdu. Amma hazırda vəziyyət müqayisəolunmaz səviyyəyə gəlib çatıb. Bu gün hər bir sahədə uğurlar qazanılıb. Bu gün Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən torpaqlarımızın erməni işğalından azad olunması isə Azərbaycanın qarşısında yeni perspektivlər açır. Bu gün regionda Azərbaycanın razılığı olmadan hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. Eləcə də Azərbaycanın regionları uğurla inkişaf edir. Hər yer abaddır, inkişaf edir. Təkcə şəhərlərimiz yox, kəndlərimiz də inkişaf edir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər görülür, yeni iş yerləri yaradılır, yollar, körpülər, məktəblər, tibb ocaqları tikilib istifadəyə verilir. Bütün bunlar isə Heydər Əliyev siyasətinin bəhrələridir. Ulu öndər Heydər Əliyevin parlaq ideyaları daim Azərbaycan xalqının uğurlarının fövqündə dayanacaq.
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi