Ötən həftə işğaldan azad olunmuş Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Qurultayda ölkə başçımız proqram xarakterli açılış nitqi ilə çıxış edərək bir çox vacib fikirlər səsləndirdi. Şübhəsiz ki, Qurultayda səsləndirilən fikirlər ölkəmizin bundan sonrakı yol xəritəsinin müəyyən olunmasında əhəmiyyətli rol oynayacaqdır. Cənab İlham Əliyevin mesajlarla zəngin nitqinə keçmədən öncə Zəfər Qurultayının hər bir azərbaycanlı üçün əziz olan Şuşa şəhərində keçirildiyini xatırlatmaq istərdim. Yaxın keçmişə qədər qəlbimizdə yanğı və həsrətin ünvanı olan Şuşa bugünlərdə nəhayət böyük tədbirlərin, konfransların, festivalların ünvanına çevrilib. Qurultay çərçivəsində Şuşada 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edərək tarixi anlara şahidlik etmişdir.
Qurultayda iştirak edən diaspor nümayəndələri ilə bağlı qeyd etmək istərdim ki, müharibədən öncə, müharibə və postmüharibə dövründə Azərbaycan diasporu özünü tam sübut etdi. İstər Tovuz döyüşləri, istərsə də Vətən müharibəsinin gedişatında müxtəlif təzyiqlərə, təhdidlərə məruz qalmalarına baxmayaraq Vətənlərinin haqq səsini yüksəltdi, haqlı mübarizəsini təbliğ etdi. Bir çoxlarımız xatırlayar ki, Tovuz döyüşlərinin gedişatında həm Azərbaycan, həm Ermənistan diaspor nümayəndələri müxtəlif ölkələrdə mitinqlər edir, aksiyalar keçirirdi. Azərbaycan tərəfinin dinc, polislə razılaşdırılmış aksiyasiyalarına qarşılıq Ermənistan tərəfi dəfələrlə Azərbaycan səfirliklərini və azərbaycanlı fəalları hədəfə alaraq təxribatlar törətməyə çalışırdı. Azərbaycanlılar isə səfirliklərin qarşısında növbə çəkir, Azərbaycan bayrağına qarşı ən kiçik həqarətə, təxribata icazə vermirdilər. Buna görə də Azərbaycan şanlı zəfərində xaricdə yaşayan azərbaycanlıların və diaspor nümayəndələrimizin özlərinə məxsus yerləri var. Bu mənada onların qəhrəmanlarımızın qanı ilə suvarılmış Zəfər yolundan gələrək Şuşada yığışması, dünya azərbaycanlılarını təmsil edərək Qurultay keçirməsi Zəfərimizin qeyd olunması baxımından böyük mənəvi əhəmiyyətə malikdir.
Yuxarıda qeyd etdiyimiz kimi, Qurultayın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitq ilə çıxış etdi. Dövlət başçımız nitqində ilk qurultayın 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirildiyini xatırladaraq bildirdi ki, Qurultayda Ulu Öndər Qarabağ problemi ilə bağlı fikirlərini səsləndirmiş və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqlar. Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik. Ölkə başçımız tərəfindən səsləndirilən bu fikirlər insanı düşündürməyə bilməz. O günlərdən bizi düz 21 il ayırır. Amma bu gündə Azərbaycanda Heydər Əliyev fenomeni, Heydər Əliyev ideyaları xalqımızın hər bir fərdinin qəlbində və şüurunda yaşamağa davam edir. Heydər Əliyevin layiqli davamçısı, siyasi varisi olan Azərbaycan Prezidenti son 200 illik tariximizin ən böyük zəfəri olan Şuşa zəfərində “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deyir. Deməli, Heydər Əliyevin axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri onun özü qədər inandığı, gələcəyinə böyük ümidlər bəslədiyi İlham Əliyev və digər bu yolun yolçuları sona çatdırdı. Bu ölçüyəgəlməz dərəcədə nəhəng bir xoşbəxtlikdir ki, müasir Azərbaycanın banisi, qurucusu olan Heydər Əliyevin bu gündə davamçıları, ideyalarının təbliğçiləri var. Çünki hər kəs yaxşı bilir ki, Azərbaycanın nicatı məhz Ümummilli Lider Heydər Əliyev ideyalarındadır.
Qurultayda ölkə başçımız tərəfindən səsləndirilən fikirlərdən biri də xaricdə yaşayan azərbaycanlıların öz tarixi Vətənləri ilə sıx bağlı olmasının vacibliyi ilə əlaqədar idi. Prezident İlham Əliyev vurğuladı ki, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, dövlətimizi daha da gücləndirir. Yuxarıda da qeyd etdiyimiz kimi, Azəbaycan diasporu Vətən müharibəsində öz gücünü sübut etdi. Ancaq müharibə hələ də davam edir. Daha doğrusu, fiziki müharibə bitsə də, informasiya müharibəsi davam edir. Və bu müharibədə Azərbaycanın xaricdə yaşayan soydaşlarına daha çox ehtiyacı var. Onlar Azərbaycanın həqiqətlərini, perspektivdə nəzərdə tutduğu planları, sülh niyyətini dünyaya çatdırmalı, öz yaşadığı ölkələrdə təbliğ etməlidir. Dövlət başçımız onu da vurğuladı ki, Azərbaycan dövləti öz fəaliyyətində həmişə xaricdə yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanır, təmaslar qurur. Dövlətlərarası münasibətlər müstəvisində bu, önəmli bir amildir.
Beləliklə, Zəfər Qurultayı adlandırılan Dünya Azərbaycanlılarının V Qurultayı tarixi anlarla yaddaşlara həkk olundu. Böyük rəmzi mənaya və tarixi əhəmiyyətə malik bu Qurultay perspektiv uğurların təməl daşı, postmünaqişə dövründə yeni uğurların, nailiyyətlərin ilk addımıdır. Heç bir şübhə yoxdur ki, Prezident İlham Əliyevin göstərdiyi hədəflərə çatmaq üçün bundan sonra da diaspor təşkilatlarımız fədakarlıqla çalışacaq, 44 günlük müharibə dövründə olduğu kimi, postmüharibə dönəmində də dövlətimizin başçısının rəhbərliyi ilə xalqımızın milli birliyini qorumağa davam edəcək.
Səadət İsmayılova,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi