“Çempionumuz” sosial idman layihəsi çərçivəsində Masallı şəhər Heydər Əliyev Mərkəzində növbəti tədbir keçirildi. Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində baş tutan görüşün qonağı Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvü və kapitanı, ikiqat Azərbaycan çempionu, dəfələrlə beynəlxalq səviyyəli yarışların – açıq regional turnir, açıq çempionatın, eləcə qitələr arası çempionatın qızıl medal sahibi, 2018-ci ildə boccia üzrə ilin ən yaxşı paralimpiyaçısı adına layiq görülmüş Bəhruz Mirzəyev idi.
Tədbirə qatılan müəllim və şagirdlərlə yanaşı rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin əməkdaşları, idmançılar, media nümayəndələri görüş başlamamış şəhərdəki Qəhrəmanlar Parkındakı “Şəhidlər” abidə-kompleksini ziyarət edib Heydər Əliyev Mərkəzinə gəldilər. Mərkəzin foyesində ulu öndərin həyat və siyasi fəaliyyətindən bəhs edən fotostendlərlə tanış oldular, onlara dahi şəxsiyyətin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi xidmətləri barədə məlumat verildi. Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla anılmaqla, Dövlət Himnin oxunması ilə tədbir başlandı.
İdmançının mötəbər yarışlardakı qazandığı uğurlardan bəhs edən video-çarxın nümayişindən sonra Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov dedi:- Dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi idmana da böyük diqqət və qayğı göstərir. “Çempionumuz” layihəsinin həyata keçirilməsi isə yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, eləcə idmanın təbliğ olmasında xüsusi önəmi vardır. Onu da bildirim ki, qonağımız öz idman uğurları ilə xalq məhəbbəti qazanan Bəhruz növbəti yarışlarını Finlandiya, Polşa, İtaliya və Braziliyada keçirər. Gəlin ona bu yarışlarda uğurlar arzulayaq. O, yeni qələbələrlə bizi sevindirməyə qadirdir.
Rayonda çıxan “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev, Viləş kənd tam orta məktəbinin direktor müavini Nazilə Tahirova, rayon təhsil şöbəsinin əməkdaşı Əyyar Burhanov, “Asiya.az” saytının rəhbəri Cəfər Cəfərov çıxış edib ölkəmizdə idmana göstərilən dövlət qayğısından, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışdılar, Azərbaycan bayrağını beynəlxalq yarışlarda zirvələrə ucaldan idmançılarla bu cür görüşlərin təşkilinə yüksək qiymət verdilər.
Söz Bəhruz Mirzəyev veriləndə bildirdi ki, İndinin özündə qarşıdan gələn yarışlara əzmlə hazırlaşıram. Beynəlxalq yarışların çox çətin mübarizə şəraitində keçməsinə baxmayaraq, Azərbaycanımızın şərəfini uca tutmaq üçün qarşımıza qoyulan vəzifənin öhdəsindən layiqincə gəlirik. Əldə edilmiş nəticələr ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin idmana olan dəstəyi və bizim bu dəstəyə uyğun olaraq əziyyətimizin bəhrəsidir. Məqsədim həmkarlarımla birgə Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında ilk dəfə olaraq iştirak etmək və yüksək nəticə qazanmaqdır. Bir də qazandığım uğurlara görə Boccia İdman Federasiyasının rəhbərliyinə, eləcə də federasiyanın Baş katibi və baş məşqçisi İlham Məhərrəmova, məşqçilərdən Elşən Məhərrəmova, Taleh Zeynalova və digərlərinə minnətdaram.
Bəhruz məktəblilərin suallarına cavab verdi, xatirə şəkilləri çəkildi. Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən isə ona “Fəxri fərman” və qiymətli hədiyyələr təqdim olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir