25 aprel 2022 20:23
995

Yasamalda şahmat yarışlarına start verilib

Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışları davam edir. Qeyd edək ki, bu gün şahmat idman növü üzrə yarışlara start verilib.

“İki sahil” xəbər verir ki, yarışları izləmək üçün qatılan Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov və qonaqlar ilk öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükütla yad ediblər.

Çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, ümummilli lider Heydər Əliyev daim idmançıların cəmiyyət həyatındakı rolunun artmasına, özlərinə layiqli yer tutmalarına xüsusilə diqqət yetirirdi. İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda böyük qələbələr əldə etmələri, Azərbaycan bayrağını ucaltmaları dövlətimizin nüfuzunu daha da artırdı. Ulu öndər Heydər Əliyevin də idmançılarımızdan gözlədiyi məhz bu möhtəşəm qələbələr və ölkəmizi dünyada təbliğ etmək idi. Bu gün Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına Cənab prezidentimiz İlham Əliyevin xüsusi diqqəti vardır.  Cənab Prezident İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.

Sonra çıxış edən Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov bildirdi ki, Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan beynəlxalq idman ailəsində layiqli yerini tutmaqdadır. Artıq idmançılarımız beynəlxalq səviyyəli yarışlarda ölkəmizi qalib gəlmiş müzəffər xalqın nümayəndəsi kimi təmsil edir. Bütün bunlarda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətində özünü ehtiva edir.