25 aprel 2022 13:42
682

Milli sərvətimiz olan Ana dilimizi hər bir Azərbaycan övladı göz-bəbəyi kimi qorumalıdır

Milli sərvətimiz olan Azərbaycan dilindən və onun sehrindən, dilimizin inkişafında, qorunmasında və cilalanmasında xüsusi tarixi xidmətləri olan xalqımızın ictimai siyasi, mənəvi dünyasında silinməz iz buraxan, qəlbində Azərbaycan adlı bir alov gəzdirən dünya şöhrətli siyasətçi, Müstəqil Azərbaycan dövlətinin qoruyucusu, Böyük Vətəndaş Heydər Əliyevin müstəsna rolunu hamı etiraf edir. XX əsrin II yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın hegemon dövlətlərinin və ən yüksək beynəlxalq cəmiyyətlərin və təşkilatların kürsülərində səslənməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Bu iş Ulu öndər Heydər ƏIiyevin həyat amalında, fəaliyyətində xüsusi yer tutur. Azərbaycan dilinin keşiyində durmaq Ulu öndər Heydər ƏIiyevin məqsədyönlü fəaliyyətinə çevrilmişdir. Bunun üçün vacib olan bir sıra şərtlər tələb olunur: ana dilini və onun incəliklərini yaxşı bilmək, elmin bütün sahələrinə dair qeyri-adi məlumata malik olmaq, milli mədəniyyətimizi dərindən bilmək və onun carçısına çevrilmək, milli dil və onun problemlərini dövlət siyasətinə çevirmək, dövlət idarəçiliyində kifayət qədər səlahiyyət sahibi olmaq, heç bir çətinliklərdən qorxmamaq, xalqın mənəvi sərvətlərini yaşadan insanlarla, xüsusilə sadə insanlarla yaxından bağlılıq. 

Ulu öndər Heydər ƏIiyev Azərbaycan xalqının və onun dilinin mənşəyi, formalaşması, sabitləşməsi kimi məsələlərə çox ciddi yanaşır, bütün bunları elmi faktlarla əsaslandırmışdır. Heydər ƏIiyevin Azərbaycan dili ilə bağlı dilçilik görüşləri çoxcəhətlidir. Onun çıxışlarında yeri gəldikcə dil siyasəti, dil quruculuğu, dil mədəniyyəti, yazı və əlifba, üslublar və sair yaxşı, özü də yerli-yerində əsaslandırılır. O, Azərbaycan dilinə xalqımızın əvəzsiz sərvəti, tarixi, mədəniyyəti, mədəni sərvəti kimi yanaşır. Bunu onun alimlərlə, yaradıcı ziyalılarla, diplomatlarla, tələbələrlə, xaricdə yaşayan həmvətənlərimizlə, təsərrüfat adamları ilə söhbətlərində duyuruq. Ulu öndər Heydər ƏIiyevin səyi nəticəsində Azərbaycan dili Azərbaycan Konstitusiyasında təsbit olunmuşdur. Ulu öndər Heydər ƏIiyev elə bir ciddi toplantı yoxdur ki, orada dilimiz, milli mənliyimiz, milli sərvətimiz, tariximiz, mədəniyyətimiz və s. haqqında söz açmasın. Xüsusilə gənclərlə görüşlərdə bu məsələlər ön plana çəkilir, çox dərin və məzmunlu mətləblər açılır, vətəndaş qayğıkeşliyi ilə bu fikirlər təbliğ olunur, insanların beyninə həkk edilirdi. Ulu öndər Heydər ƏIiyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü ən böyük xidmət dilimizə Dövlət statusu verilməsi istiqamətində gördüyü əməli işlərdir. Xüsusilə Azərbaycan dili və əlifbası, xalqımızın mənəvi dəyərləri ilə bağlı Ulu öndər Heydər ƏIiyev cənablarının imzaladığı tarixi fərman və sərəncamlar bu istiqamətdə olduqca əhəmiyyətli işlərin görülməsinə imkan yaratmışdır. 

Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də, xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz-bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu hər kəsin müqəddəs vətəndaşlıq borcudur. 

Namiq Əhmədov,
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri