23 aprel 2022 15:03
3478

Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir

Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev milli varlığımızı təsdiqləyən dilimizin saflığının qorunmasını daim diqqətdə saxlamışdır. Ümummilli Liderin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq görərik ki, dilimizin qorunmasına, təkmilləşdirilməsinə   yönələn addımların davamlılığı xüsusi diqqət çəkir. Təkcə bu faktı qeyd etməliyik ki,  ulu öndər Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili  statusu qazandırmağa yönəlmiş  fəaliyyətinin nəticəsində  1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında bu müddəa öz əksini tapmışdır. Həmin dövrün çətinliklərinə baxmayaraq atılan bu mühüm addım  Ümummilli Liderin Vətən sevgisi fonunda dilimizə, milli-mənəvi dəyərlərimizin qorunmasına, varlığımızın təsdiqinə  necə önəm verdiyini nümayiş etdirdi.   Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ulu öndər Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

İnkaredilməz həqiqətdir ki, hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.  Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ulu Öndər  Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Geniş müzakirələrdən sonra  ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızda  Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Azərbaycan dilinə qayğını  dövlətimizin   siyasi -ideoloji vəzifəsi  hesab edən ümummilli lider Heydər Əliyev    «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında»  və «Azərbaycan  Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası   Qanununun tətbiq edilməsi barədə  Fərmanları imzalamaqla   ədəbi dilimizin fəaliyyət imkanlarını daha da  genişləndirmiş, müxtəlif  üslubların potensialları təkmilləşdirilmiş, dil mədəniyətimizin qarşısında  yeni imkanlar yaranmışdır.  «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» Fərmanın da böyük əhəmiyyəti vardır. Belə ki, sənəddə də  qeyd olunduğu kimi,  latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütünlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin özünü doğrultduğu nəzərə alınaraq hər il 1 avqust tarixinin ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi  qeyd olunması zəruri hesab edildi.

 Son 18 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini hər addımında təsdiqləyən Prezident İlham Əliyev  dil siyasətini, dilimizə diqqət və qayğını eyni məsuliyyətlə davam etdirərək   «Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» Fərmanı imzalamaqla  ana dilimizin qorunması  üçün həyata keçiriləcək islahatların anonsunu verdi, hədəfləri açıqladı.

Göründüyü kimi, Azərbaycan xalqı daim  milli kökünə, tarixinə, mədəniyyətinə bağlılığını nümayiş etdirmiş, onların təbliği istiqamətində davamlı addımları ilə beynəlxalq aləmdə qazandığı nüfuzu daha da möhkəmləndirmişdir. Dövlət başçısı İlham Əliyevin Azərbaycan gəncliyinə çağırışlarında bu məqam hər zaman öz əksini tapır ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, dilimizi, milli-mənəvi dəyərlərimizi, tariximizi qorumalı, inşaf etdirməlidirlər.

Azərbaycanın gələcəyi olan gənclərimiz torpaq, Vətən sevgilərini, tariximizə, milli-mənəvi dəyərlərimizə bağlılıqlarını  44 günlük İkinci Qarabağ müharibəsində yazdıqları tarixlə bir daha təsdiqlədilər.

Şöhrət Rəhimov, 

YAP Xaçmaz şəhər ərazi partiya təşkilatının sədri, Xaçmaz şəhər 9 saylı məktəbin direktor müavini