22 aprel 2022 20:39
1200

Azərbaycan dili milli sərvətimizdir

Dilimizin inkişafı, qorunması, fəaliyyət dairəsinin genişlənməsi kimi tarixi missiyanın yerinə yetirilməsində Ümummilli Lider Heydər ƏIiyevin müstəsna rolu vardır. XX əsrin II yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın hegemon dövlətlərinin və ən yüksək beynəlxalq cəmiyyətlərin və təşkilatların kürsülərində səslənməsi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ana dili xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişi və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”.

Ötən əsrin 70-ci illərində respublikanın iqtisadi, ictimai-siyasi və mədəni ideoloji həyatında böyük dönüş yaradan Ulu Öndər Heydər Əliyev dil məsələsinə də böyük önəm verirdi. Ölkə başçısı ana dilinin inkişafı ilə əlaqədar fəaliyyətini bir neçə istiqamətdə qururdu. Bunlardan birincisi, heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyev bu sahədə həmişə şəxsi nümunə olmuşdur. Məlum olduğu kimi, 1970-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirildi və Heydər Əliyev həmin yubiley tədbirində mövcud qayda-qanunları, özündən əvvəlki çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində çıxış etdi. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm milli ziyalılarımızın böyük rəğbətini qazandı, həm də onlara mənəvi dəstək verdi, ruh yüksəkliyi bəxş etdi,bu məsələnin müsbət həlli üçün geniş üfüqlər açdı. Yenə həmin dövrdə Heydər Əliyev Azərbaycan Yazıçılar İttifaqının qurultayında iştirak edərək doğma ana dilində çıxışı ilə tədbir iştirakçılarını heyran qoydu. Ulu öndər bununla kifayətlənməyərək həm də respublikanın bir qrup tanınmış şair və yazıçılarını qəbul edərək onlarla apardığı səmimi söhbətlərində ana dili məsələsinə də toxundu və bu yöndə əməli tədbirlər görülməsinə rəvac verdi.

Həmin tədbirlər sırasında Ulu öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır. Totalitar rejimin hökm sürdüyü, qatı rus millətçiliyi və şovinizminin baş alıb getdiyi keçmiş Sovetlər Birliyində bu cür ciddi məsələni qoymaq və ona nail olmaq heç də asan deyildi. Ulu Öndər 1995-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan dili ilə bağlı keçirilən ümumrespublika yığıncağında həmin tarixi hadisəni yada salaraq demişdir: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Ukraynanın rəhbəri Şerbitski ilə mənim kəskin danışıqlarım oldu. O, buna çox etiraz edirdi, belə əsaslandırırdı ki, siz belə yazdığınız halda, gərək biz də yazaq ki, Ukraynanın dövlət dili Ukrayna dilidir. Mən ona dedim ki, sizə heç kəs mane olmur. Siz bizdən də böyük respublikasınız və Sovetlər İttifaqında sizin çəkiniz bizimkindən qat-qat artıqdır. Siz istəsəniz, bunu yaza bilərsiniz. Siz nə üçün bizə mane olursunuz? Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu”. Göründüyü kimi həmin dövrdə çətin bir vəziyyətdə Ulu Öndər Heydər Əliyevin cəsarətli səyi nəticəsində Azərbaycan dili dövlət dilimiz oldu. Məlumdur ki, XXI əsr Azərbaycan dilinin inkişafında əlamətdar hadisələrlə zəngindir. Xüsusilə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, ana dilimizin inkişafı, tətbiqi və təsir dairələrinin genişlənməsi ilə bağlı Ümummilli Liderimiz Heydər Əliyevin fərmanları, sərəncamları, habelə digər hüquqi-normativ aktlar, qanunlar, dilimizin daha da inkişafı üşün əlverişli şərait yaratmışdır. Bu şərait Azərbaycan dilinin tədrisi işinin yüksək səviyyədə aparılmasına geniş imkan və perspektivlər açmışdır. Xüsusilə, 2001 – ci ildə "Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” tədbirlər planının həyata keçirilməsi dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli   yolları göstərilmişdir.  Ulu öndər Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da daha bir fərman imzaladı. Həmin fərmanla 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Ulu Öndər Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi Cənab Prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ulu Öndərin siyasi kursunu yeni şəraitin tələblərinə uyğun şəkildə yaradıcılıqla inkişaf etdirən Cənab Prezidentimiz İlham Əliyevin bu sahədəki ilk sərəncamlarından biri Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlıdır. Ölkə Prezidentinin 12 yanvar 2004-cü il tarixli bu sərəncamına əsasən, dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilmişdir. Bundan əlavə Cənab Prezidentimiz İlham Əliyevin 2004-cü il 27 dekabr tarixli sərəncamına uyğun olaraq, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri kütləvi tirajla nəşr olunaraq ölkədəki bütün kitabxana şəbəkəsinə hədiyyə edilmişdir. Qeyd edək ki, Cənab Prezidentimiz İlham Əliyevin 24 avqust 2007-ci il tarixli digər sərəncamı ilə dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində kütləvi şəkildə nəşri də həyata keçirilmişdir. Cənab Prezidentimiz İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” adından göründüyü kimi, ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Sənəddə qeyd olunduğu kimi, dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tətbiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini təmin etməkdir. Azərbaycan dili ilə bağlı bu qeyd olunanlar aydın şəkildə sübut edir ki, xalqımızın ən böyük milli-mənəvi sərvətlərindən sayılan ana dilimizə böyük qayğı göstərilmiş və daim diqqət mərkəzində olmuşdur.

Vasif Nəbiyev,
YAP Yasamal rayon təşkilatının fəalı