Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə sıx tellərlə bağlı iki xalqdır. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə qədər gedib çatır. Qırğızıstanda hazırda 20 minə qədər azərbaycanlı yaşayır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış ziyalıları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Soydaşlarımız əsasən, Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstanda yaşayan azərbaycanlılar dil və adətlərini qoruyub saxlayıb.
Yuxarıda qeyd olunan aspektlərdən yanaşdıqda aprelin 20-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə ölkəmizdə səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarovun ikitərəfli və çoxtərəfli görüşlər keçirməsinin mühüm əhəmiyyət kəsb etdiyini desək yəqin ki, yanılmarıq. Liderlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Respublikaları arasında “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ayrıca 9 önəmli sənədin imzalanması Türk ölkələri arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması istiqamətində atılan mühüm addımlar sayılmalıdır. Belə ki, Qırğızıstan Orta Asiyanın önəmli türk respublikalarından biridir və bölgədə strateji mövqeyə malikdir. Bu baxımdan iki ölkə arasında "Strateji Tərəfdaşlıq haqqında" Bəyannamənin və digər sənədlərin imzalanması sadəcə regional deyil, qlobal miqyasda yeni güc mərkəzinin meydana çıxması baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək istərdik ki, səfər öz siyasi əhəmiyyətinə görə bu günədək Azərbaycan-Qırğızıstan arasında olan bütün səfərlər arasında ən yüksək səviyyəlilərədn biri, bəlkə də birincisi hesab edilə bilər.
Səfər çərçivəsində imzalanmış sənədlər ölkələrimizin gələcək əlaqələrinin liderlərimizin siyasi iradəsi ilə daha da intensivləşdirilməsi istiqamətində tam hüquqi zəmin yaratdı. Daha dəqiq desək, imzalanmış yüksək strateji tərəfdaşlıq sənədi ölkələrimizin münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çatdırdı. Sözsüz ki, həm Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, həm də Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum böyük siyasi-iqtisadi əhəmiyyəti əks etdirir. Hər iki sənəd ölkələrin ikitərəfli fəaliyyətinin, eləcə də regional və beynəlxalq məsələlərin daha səmərəli və çevik şəkildə koordinə olunmasının hüquqi bazasını formalaşdıracaqdır.
Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda, daha doğrusu çoxtərəfli əməkdaşlıqda da hər zaman bir-birini dəstəkləyir. Belə ki, ötən dövr ərzində bu iki dost - qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO , Şanxay təşkilatı çərçivəsində həmişə bir-birinin mövqeyini müdafiə etmişdir. Azərbaycanla Qırğızıstan arasında imzalanmış bu sənədlər qardaş və dost ölkə kimi Qırğızıstanın da beynəlxalq logistik hab kimi ölkəmizin imkanlarından istifadə etməsinə geniş şərait yaradır.
Son dövrdə baş verən hadisələr sübut edir ki, Azərbaycan tək regionda deyil, türk dünyasında da aparıcı mövqeyini qoruyaraq, mühum addımlar atır, təşəbbüslər göstərir. Bütün bu diplomatik ugurlar isə Prezident İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində davam edən iqtisadi inkişafla vəhdət təşkil edərək, Azərbaycanı lider ölkələr sırasına çıxarır.
Məcid Əhmədov,
YAP Pirallahı rayon təşkilatının fəalı
Bişkek diplomatiyası və Azərbaycanın çoxqütblü dünyada artan geosiyasi çəkisi