22 aprel 2022 20:14
553

İdman siyasəti gənc nəslin sağlam ruhda böyüməsinə, idmanın kütləviləşməsinə xidmət edir

Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışları davam edir. Qeyd edək ki, bu gün futbol və dama idman növləri üzrə yarışlara start verilib. Yarışları izləmək üçün qatılan Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov və qonaqlar ilk öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükütla yad ediblər.

Çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki,  Ümummili Lider Heydər Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi.

Çıxışına davam edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident  İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır.

Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır. Bildiyiniz kimi, bu kimi diqqət və qayğı bizi 44 günlük Vətən müharibəsində qalib etdi. Biz artıq bundan sonra digər sahələrdə olduğu kimi idman sahəsində də tədbir və yarışları doğma Qarabağda keçirəcəyik.