11 aprel 2022 15:37
1089

Nyu-Yorkda Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçirilib

ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın mərhum əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə həsr olunmuş turnir keçirilib.

“İki sahil” xəbər verir ki, turnir çərçivəsində azərbaycanlı uşaqlardan ibarət “My Way” futbol komandası Nyu-Yorkun 11-12 yaşlılardan ibarət 6 güçlü kollektivi ilə qarşılaşıb. Uzun illərdir ABŞ-da yaşayan, “Neftçi”, “Kəpəz” və “Qarabağ” komandalarının veteran futbolçusu Arif (Aron) Zərbailovun idarəçiliyi ilə keçirilən turnirdə “My Way” Nyu-Yorkun “Çernomorets” kulubunu 3:1 hesabı ilə məğlub edərək finala çıxıb.

"My Way” Uşaq və Yeniyetmələrin Yaradıcılığının İnkişafı Mərkəzinin rəhbəri Alyona Bədəlova turnir iştirakçılarına kubok və A.Banişeviskinin fotosunun əks olunduğu medallar təqdim edib.

Turnirin təşkilatçısı A.Zərbailov deyib ki, Banişevski adına turnir 2015-ci ildən ənənəvi olaraq, hər il keçirilir:

“My Way” komandasını səkkiz il öncə ABŞ-da yaşayan azərbaycanlı ailələrin övladlarını bir yerə yığaraq yaratmışıq. Bu komanda "My Way” Uşaq və Yeniyetmələrin Yaradıcılığının İnkişafı Mərkəzinin nəzdində fəaliyyət göstərir. Məqsədimiz Azərbaycan futbolunun əfasanəvi futbolçularını ABŞ ictimayyətinə tanıtmaq və ölkəmizi uzaq Amerikada təbliğ etməkdir. Bununla yanaşı, hədəfimiz Azərbaycannın peşəkar futbol komandaları üçün ehtiyat futbolçuları hazırlamaqdır. Artıq 8 ildir Banişevskinin xatirə turnirini keçiririk. Pandemiyaya baxmayaraq, yarışlara maraq olduqca böyükdür. Qalib olub-olmamalarına rəğmən, bütün iştirakçılara medallar veririk. Əminliklə deyə bilərəm ki, Banişevski turniri ilə ABŞ-da Azərbaycanı futbol arenasında çoxları tanımağa başladı. Futbol azarkeşləri bizim uşaqları izləmək üçün öz övladları ilə birlikdə turnirin keçirildiyi məkanlara gəlirlər. Onu da deyim ki, bir neçə gün sonra peşəkar futbolçuların oynadığı “Nefçi Nyu-York" komandası da Banişevski turniri çərçivəsində yarışlara qatılacaq”.