07 aprel 2022 18:29
944

Rauf Məmmədovun açıqlamasından sonra əlavə şərhə ehtiyac yoxdur - Mahir Məmmədov

Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının  (FİDE) vitse-prezidenti Mahir Məmmədov mətbuat xidmətinə açıqlama verib.

AŞF-nin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, AŞF rəhbəri əvvəlcə Azərbaycan şahmatçılarının Sloveniyadakı şəxsi Avropa çempionatında yüksək nailiyyətlərindən danışıb: ”İlk növbədə şahmatçılarımızın ötən gün rəsmiləşdirdiyi uğuru qeyd etmək istərdim. Təmsilçilərimiz Sloveniyadakı şəxsi Avropa çempionatında yüksək nəticəyə nail olmaqla bizi sevindirdilər. Vasif Durarbəyli 8 xal toplamaqla yekunda 3-8-ci yerləri bölüşdürdü. Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-11-ci yerlərdə  qərarlaşdı. İlk dəfə olaraq qitə birinciliyinin nəticələrinə əsasən 4 təmsilçilərimiz Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıb.
Üstəlik üç şahmatçımız fərdi normativləri yerinə yetirib. Son turda parlaq qələbə qazanan Read Səmədov ilk, Abdulla Qədimbəyli isə qrossmeyster üzrə ikinci normativini toplayıb. Abdulla karyerasında ən yaxşı turnirlərdən birini keçirdi və çempionatda uzun müddət liderlər qrupunda mübarizə apardı. Bununla yanaşı Gövhər Beydullayeva xanımlar arasında ən yaxşı nəticəni göstərib və qadınların qrossmeyster üzrə son normasını yerinə yetirib”.

Daha sonra M.Məmmədov milli komandanın üzvü Rauf Məmmədovun FIDE bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı yazdığı fikirlərə münasibət bildirərkən deyib: «Rauf Məmmədov özü yazdığı postla bağlı fikirlərinə ətraflı izah verdi. Fikrimcə onun açıqlamasından sonra əlavə şərhə ehtiyac yoxdur. FİDE rəhbəri Arkadiy Dvorkoviçə gəlincə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Ukraynadakı hadisələrə münasibətini aydın şəkildə göstərib, tamamilə sülh tərəfdarı olduğunu söyləyib. Dvorkoviç fikirlərinin böyük çətinliklərlə üzləşən Ukraynanın dinc əhalisinin yanında olduğunu bildirib. İdmançıya yaraşmayan açıqlamalarla gündəmə gələn Rusiya şahmatçısı Sergey Karyakin FİDE tərəfindən tənqid olunub və sanksiyaya məruz qalıb. Karyakin ən azı 6 ay şahmat yarışlarından uzaqlaşdırılıb.  FİDE ailəsi heç vaxt hərbi hadisələrin tərəfdarı olmayıb və sülhün bərqərar olmasını arzulayır”.